Bakı Metropoliteni gücləndirilmiş iş rejiminə keçdi

Bakı Metropoliteni gücləndirilmiş iş rejiminə keçdi
Yaxın günlərdə hava şəraitinin kəskin soyuması və qarın yağması ehtimalı ilə əlaqədar Bakı Metropoliteni xüsusi tədbirlər planının icrasına tam hazırdır.

Metropolitendən verilən məlumata görə, yol xidmətinin qarla mübarizə qərargahında müvafiq hazırlıq planı yerinə yetirilib.

 Xidmətin baş mühəndisi Əhmədağa Ağayev bildirib ki, yay dövründə qarla mübarizə sahəsi üçün lazım olan bütün avadanlıq və ləvazimatlar alınıb, sahələrdə təmir-bərpa işləri yerinə yetirilib. Belə ki, qışın ən çox təsir etdiyi sahələr metropolitenin açıq hava şəraitində olan «N.Nərimanov» elektrik deposunun yollarıdır. Ə.Ağayev qeyd edib ki, metropoliten rəisinin tapşırığına əsasən, yayda qarla mübarizə sahəsinin avadanlıqları əsaslı şəkildə yenilənib: «Üfürücü qurğular tam yenilənməklə onların imkanları artırılıb, kranların sayı artırılıb. Əvvəl hər üfürücü qurğuya bir neçə yüksək təzyiqli şlanq qoşulurdusa, indi hər qurğunun öz şlanqı var». Qarla mübarizədə əsas rolda olan yol xidmətinin iki saylı distansiyasının rəisi Amil Nəsirov isə tədbirlər planına uyğun olaraq, bütün üfürücü qurğuların təftiş edilib, yoxlanıldığını deyib. Eyni zamanda, qərargahdakı bütün avadanlıqlar, ləvazimatlar, geyim dəstləri, məişət əşyalarının hamısı tələbata uyğun olaraq yenilənib. İsitmə sistemi ən yüksək səviyyədə təmin edilib. Geyim dəstlərinin quruducularının sazlığı da təmin olunub. A.Nəsirov hava şəraiti ilə əlaqədar artıq bütün işçilərə xəbərdarlıq edildiyini və müvafiq növbətçi siyahılarının da hazırlandığını bildirib: «Hava şəraiti ilə əlaqədar artıq gücləndirilmiş iş rejiminə keçmişik. Bununla əlaqədar gecə növbələri təyin edilib və işçilərə göstərişlər verilib. İlk dəfə qarla mübarizədə iştirak edəcək işçilərə xüsusi təlimatlar verilib, praktiki məşğələlər aparılıb». Yol xidmətinin baş mühəndisi əlavə edib ki, çovğunlu günlərdə 2 saylı distansiyaya həm birinci distansiyadan, həm də yolun vəziyyətinə və diaqnostikasına nəzarət sahəsindən qatılacaq işçilərin siyahısı hazırlanıb. ANN.Az

Xəbər lenti