"Azərikimya"da modernizasiya işlərinin yekunlaşacağı vaxt açıqlandı (FOTOLAR)

Azərbaycan Dövlət Neft Şirkətinin (SOCAR) "Azərikimya" İstehsalat Birliyinin Etilen-polietilen zavodunda  aparılan yenidənqurma və modernizasiya işləri bu ilin III rübündə tam olaraq yekunlaşacaq.

"Report”un məlumatına görə, bunu Etilen-polietilen zavodunun baş mühəndisin modernizasıya üzrə müavini Qadir Əliyev jurnalistlərə söyləyib.

Onun sözlərinə görə, zavodda modernizasiya və yenidənqurma işlərinin aktiv fazasına 2017-ci ildə başlanılıb. "İşlərin 94%-i başa çatdırılıb. Artıq ilkin sınaq-sazlama işlərinə başlanılıb", - Q. Əliyev qeyd edib.

Qeyd edək ki, "Etilen-Polietilen" zavodu 1989-cu ildən fəaliyyətdədir. "Azərikimya" İB-nin Etilen-polietilen zavodunda aparılan yenidənqurma və modernizasiya layihəsi çərçivəsində bir neçə yeni müasir texnoloji qurğu inşa olunur, texnoloji proseslər avtomatik idarəetmə sisteminə keçirilir, zavodun elektrik təchizatı sistemi və köməkçi qurğuları təkmilləşdirilir. Layihə nəticəsində "Azərikimya” İB-də əsas məhsullar üzrə faktiki istehsal həcmləri iki dəfə, bəzi məhsullar üzrə isə üç dəfə artacaq.

Modernizasiya layihəsinin əsas məqsədlərindən biri Sumqayıt Kimya Sənaye Parkında inşa olunmuş yeni "SOCAR Polymer” kompleksinin zavodlarını dayanıqlı rejimdə və lazımlı miqdarda etilen, propilen, saf hidrogen və enerji ilə təmin etməkdir. İstehsal məqsədi ilə istifadə olunan xammal isə zavoda SOCAR-ın digər müəssisəsindən - Heydər Əliyev adına Neft Emalı Zavodundan təchiz edilir.

Yenidənqurma və modernizasiya layihəsinin baş podratçısı "Technip" şirkətinin İtaliya ofisidir. Layihənin idarəedilməsində məsləhətçi kimi "SOCAR-KBR" şirkəti iştirak edir. Müxtəlif mərhələlərdə texniki məsləhətçi kimi "FLUOR" şirkətinin Niderland ofisi və "Clifford Chance" şirkətinin İngiltərə ofisi layihəyə dəstək verib. Tikinti-quraşdırma işləri SOCAR-ın birgə müəssisəsi "Azfen” və Türkiyənin "Üstay” şirkətlərinə həvalə olunub. Ümumilikdə layihəyə dünyanın təxminən 50 ölkəsini təmsil edən 50-dən çox istehsalçı və podratçı şirkət cəlb edilib.
 










www.ann.az

Xəbər lenti