Azərbaycanlı Çarli Çaplin: “Bizim sevimli görüş yerimiz Azərbaycandır” - MÜSAHİBƏ

Azərbaycanlı Çarli Çaplin: “Bizim sevimli görüş yerimiz Azərbaycandır” - MÜSAHİBƏ
Müsahibimiz Amerikanın məşhur "Amerika istedad axtarır” (America's Got Talent) yarışmasının sevilən ulduzu, Böyük Moskva Dövlət Sirkində, eləcə də dünyaca məşhur "Big Apple” və "Cirque du Soleil” sirklərində işləmiş, "Sərbəst nərdivan” tamaşasının aktyorudur. Bu gün əksəriyyət onu azərbaycanlı Çarli Çaplin kimi də tanıyır...

ANN.Az azərbaycanlı Çarli Çaplinlə - Üzeyir Novruzovla müsahibəni oxuculara təqdim edir: 

- Siz Rusiyanın Eysk şəhərində, azərbaycanlı ailəsində anadan olmusunuz. Xeyli müddət Gəncədə də yaşamısınız. Gəncəni və ümumiyyətlə Azərbaycanı necə xatırlayırsınız?

- Bəli, mən azərbaycanlıyam. 1988-ci ildə valideynlərim Rusiyaya köçüb. Onda mənim 12 yaşım var idi. Mən Eysk şəhərində böyümüşəm. Azərbaycanın hər yerində yaxın qohumlarımız və dostlarmız yaşayırlar. Hazırda anam Gəncədə yaşayır. İşdən vaxt tapan kimi gedib ona baş çəkməyə çalışıram. Sonuncu dəfə 2013-cü ildə Azərbaycanda olmuşam.

- Bildiyimiz qədər ailədə dörd uşaqsınız. Qardaşınız öz müsahibəsində deyib ki, bacınızı uşaqlar üçün sirk studiyasına göndəriblərmiş və hər dəfə onu studiyaya müşayiət edərkən onda da sirkə maraq yaranıb. Siz də aktyorsunuz. Biz sizin ailənizi bütövlükdə "Aktyor ailəsi” adlandıra bilərikmi?

- Ailədə dörd uşağıq; üç qardaş və bir bacı. Bəli, hər şey balaca bacımdan başlayıb. Amma o böyüdükcə bu sənətin arxasınca getməməyə qərar verdi. Biz üç qardaş isə əksinə sənətimizi inkişaf etdirdik və hazırda sirk ifaçıları və ya aktyoruyuq. Bəli, bizi "Aktyor ailəsi” adlandıra bilərsiniz.

- ABŞ-da yaşayır və işləyirsiniz. Qardaşınız Oqtay Novruzov isə İspaniyadadır. Bildiyimiz qədər digər ailə üzvləri Gəncədədirlər. Bəs sizin ailənin sevimli görüş yeri haradır?

- Bəli, mən ABŞ-da yaşayır və işləyirəm. Digər iki qardaşım isə Avropada səyahət edir və işləyirlər. Biz bəzən Avropada və ya Azərbaycanda görüşürük. Əlbəttə ki, bizim sevimli görüş yerimiz Azərbaycandır, çünki anamız oradadır.

- Yeniyetmə vaxtı musiqi məktəbinə getmisiniz. Sonra isə aşbazlıq məktəbini bitirmisiniz. Maraqlıdır, sizi musiqi dünyasından çıxıb aşbazlıq məktəbinə seçim etməyə vadar edən nə idi? 

- Mən musiqi məktəbinə ancaq balaca olanda və bir neçə il getmişəm. Aşbazlıq məktəbinə isə orta məktəbdən sonra daxil olmuşam. Çünki yemək bişirməyi çox sevirdim. Aşbazlıq məktəbini bitirdikdən sonra sirk məktəbinə daxil oldum və oranı da bitirdim.

- Bildiyimiz qədərilə siz həmçinin Rusiya Dövlət Sirk və Estrada İncəsənəti Kollecinin məzunusunuz. Necə düşünürsünüz, bugünkü məqama çatmaqda təhsil illərinizin hansı hissəsi daha çox təsiredici olub?

- Moskva sirk məktəbi mənə daha çox şey verib. Mən məhz o tələbəlik illərində istedadımı kəşf etdim və indiyədək onlardan yararlanıram. 

- Sizin "Sərbəst nərdivan” tamaşanız bütün dünyada tanınır. "Washington Post”, "New York Times” və başqa məşhur media qurumları sizin və "Sərbəst nərdivan” tamaşanız haqqında yazıb. Bunlar sizi daha da ilhamlandırırmı?

- Bütün bu media mənbələri məni ancaq ilhamlandırır və daha da yüksəlmək üçün motivasiya verir. Məncə hər bir aktyor bunu arzulayır. 

- "Sərbəst nərdivan”ın yaradılmasında sizi ilhamlandıran nə idi?

- Bu hadisə Moskva Sirk Məktəbini bitirdiyim zaman baş verdi. Məzun olduqdan bir həftə sonra Vernadskiy prospektində yerləşən Moskva Sirkində artıq "Sərbəst nərdivan”ın premyerasını tədqim etdim.
 
- Deyirlər ki, sirk ifaçıları qorxusuz olurlar. Sizin ən məşhur ifanız da 3 metrlik nərdivanladır. Siz özünüzü qorxubilməz hiss edirsinizmi?

- İndiyə qədər ən hündür nərdivanım 7 metr olub. Əlbəttə, sirkdə çalışırsansa, gərək qorxusuz olasan. Əgər qorxaqsansa, nədənsə ehtiyat etdinsə, sirkdə işləyə bilməzsən. Sirk çox böyük risk tələb edən, ekstremal hallarla dolu işdir. Yəni, bəli, mən də qorxubilməzəm. 

- Sizcə, peşənizin ən böyük çətinliyi nədədir?

- Peşəmin ən böyük çətinliyi boş evdə çıxış etməkdir. Çünki tamaşaçı və alqış aktyor üçün çox vacibdir. Tamaşaçı sayı nə qədər çoxdursa, mənim üçün də hər şey o qədər asan olur.

- Siz Rusiyada Ümumittifaq Sirk Müsabiqəsinin laureatı, Böyük Moskva Dövlət Sirkinin üzvü olmusunuz. "Big Apple” Sirki də sizi orada görüb. İndi siz dünyaca məşhur "Cirque du Soleil”in "Corteo”sunda çıxış edirsiniz. Ötənləri yada salsanız, ən böyük nailiyyət olaraq nəyi xatırlayarsınız? 

- Bəli, mən Rusiyada Ümumittifaq Sirk Müsabiqəsinin laureatı olmuşam. Birinci dəfə "Big Apple” sirki məni Vernadskiy prospektindəki Böyük Moskva Dövlət Sirkində ifam zamanı görüb. "Big Apple” sirkindən sonra "Cirque du Soleil” də məni dəvət edib. Mən "Corteo”da demək olar ki, 10 il işlədim. Hazırda bir ilə yaxındır ki, sərbəst çalışıram. Mənim üçün bütün səhnələr eynidir. Dəyişən təkcə tamaşaçı kütləsidir. Əgər sən peşəkarsansa, hər yerdə işləməyi də bacaracaqsan.

- Sizin idealınız Çarli Çaplin məşhur olmasına baxmayaraq çox çətin həyatı olub. Özünüzü onunla müqayisə edirsinizmi?

- Tanrıya şükürlər olsun ki, yox. Mənim həyatım Çarli Çaplinin həyatı qədər mürəkkəb deyil, amma heç də onun həyatından daha maraqsız deyil. Bu, eyni zamanda şəxsin mənəvi baxımdan nə qədər güclü olmasından asılıdır. 

- Siz və qardaşınızın Rusiyanın "Minuta Slavi” və ABŞ-ın "Amerika İstedad Axtarır” (America's Got Talent) televiziya şoularında çıxışınızdan sonra Azərbaycan xalqı tərəfindən çox sevilirsiniz. Öz "Sərbəst nərdivan”ınızla Azərbaycana səfər etməyi planlaşdırırsınızmı?

- Əlbəttə, bir gün Azərbaycana gəlib xalqımızın qarşısında çıxış etməyi çox istərdim. 

- Azərbaycanlı oxucularla nəyi paylaşmaq istərdiniz?

- İlk növbədə bütün azərbaycanlı oxuculara dəstəkləri üçün təşəkkür etmək istəyirəm. Və bir də hamıya demək istəyirəm ki, bizim Rusiyada böyüməyimizin və dünyada səyahət etməyimizin fərqi yoxdur, bizim damarlarımızda Azərbaycan qanı axır!

Cəmilə İbrahimova









www.ann.az

Xəbər lenti