Azərbaycanlı jurnalist,vicdan məhbusuna ölüm şəraiti yaradılıb

Azərbaycanlı jurnalist,vicdan məhbusuna ölüm şəraiti yaradılıb

Azərbaycan milli kimliyi uğrunda apardığı dinc mübarizəyə görə 8 il müddətinə azadlıqdan məhrum edilən, 5 ildən çoxdur Tehranın Evin zindanında saxlanan jurnalist,hüquq müdafiəçisi, vicdan məhbusu Səid Mətinpurun xanımı Ətiyyə Tahiri jurnalistlərə açıqlamasında yoldaşının acınacaqlı durumundan danışıb.

ANN.Az-ın “Media forum”-a istinadən məlumatına görə, Ətiyyə Tahiri deyib ki, həyat yoldaşının səhhəti ciddi təhlükə ilə üz-üzə qalıb: “Səid Mətinpur təcili tibbi yardıma və müalicəyə ehtiyac duyur. Onun fəqərə sütununda ciddi problem var. Həmişə beli ağrıyır, digər xəstəliklərdən əziyyət çəkir. Yoldaşımın şəhər xəstəxanasında müalicə almasına da imkan vermirlər. Ümumiyyətlə Tehranın Evin zindanında məhbuslar, o sıradan da Səid Mətinpur tədrici ölüm şəraitində saxlanılırlar.

Təsəvvür edin ki, 5-6 məhbus üçün nəzərdə tutulmuş kameralarda 30 məhbus saxlayırlar. Məhbuslara doyunca yemək verilmir, onların açıq havada lazımi qədər təmiz hava almasına imkan yaradılmır. Onlar tibbi müayinə və müalicədən də məhrum ediliblər. Saxlanma şəraiti gigiyenik baxımından da bərbad vəziyyətdədir. Məhbuslar fiziki və psixi təzyiqlərlə üz-üzə qalır, müxtəlif xəstəlikdən əziyyət çəkirlər. Mən yoldaşımla görüşmək və onun işi ilə maraqlanmaq üçün illərdir ki, həftədə bir dəfə Zəncan şəhərindən durub Tehrana gedirəm. Yoldaşımın işi ilə bağlı hökumət qurumlarına müraciət etsək də, rəsmilər bizə cavab vermir, səsimizi eşitmək istəmirlər”.

Səid Mətinpur 2007-ci ilin iyununda İranda azərbaycanlıların milli hüquqları ilə bağlı Türkiyədə keçirilən bir seminara qatıldığı üçün tutulub. 2008-ci il iyunun 10-da Tehran İnqilab Məhkəməsi onu 8 il müddətinə azadlıqdan məhrum edib. Səid Mətinpur əcnəbilərlə əlaqəyə girərək İran İslam Respublikasının dövlət quruluşuna qarşı təbliğat aparmaqda təqsirli bilinib.

ANN.Az

Xəbər lenti