“Azərbaycanda südçülük sahəsində kiçik ev təsərrüfatlarının inkişafında maraqlıyıq” - MÜSAHİBƏ

“Azərbaycanda südçülük sahəsində kiçik ev təsərrüfatlarının inkişafında maraqlıyıq” - MÜSAHİBƏ
Kənd Təsərrüfatı Nazirliyinin rəsmisi deyir ki, yerli süd və süd məhsullarına yeni xarici bazar axtarılır

Azərbaycanda heyvandarlıq sektorunda istehsal olunan təzə südün az hissəsi emal müəssisələrinə gəlib çatır.

Iqtisadi Təşəbbüslərə Yardım İctimai Birliyinin tədqiqatçıları ABŞ-ın Beynəlxalq İnkişaf Agentliyinin maliyyə dəstəyi ilə həyata keçirilən "Azərbaycanda kiçik sahibkarlığın inkişafına dəstək” layihəsi çərçivəsində müəyyənləşdiriblər ki, ölkədə istehsal olunan südün yalnız 40-45 faizi emal edilir.

Tədqiqatçılar müəyyən ediblər ki, Azərbaycanda heyvandarlığın, südçülüyün inkişafı üçün geniş imkanlar olsa da, bütün potensialdan yetərincə istifadə edilmir və ölkə hələ də süd və süd məhsullarının idxalından asılıdır.

Azərbaycanda südçülüyün inkişafı üçün hansı işlər görülür? Ölkə özü-özünü tamamilə süd və süd məhsulları ilə təmin edəcəkmi və ixrac üçün potensialını artıra biləcəkmi?

ANN.Az-ın bu və digər suallarına Kənd Təsərrüfatı Nazirliyinin heyvandarlığın inkişafı şöbəsinin müdiri Qalib Əbdüləliyev cavab verir.

* Qalib müəllim, söhbətimizə ondan başlayaq ki, Azərbaycan kərə yağına görə idxaldan asılıdır. Statistik rəqəmlərə görə, bu, təxminən 40 faizdir. Azərbaycan süd və bəzi süd məhsulları ilə özünü təmin etidyi halda, kərə yağında bunu niyə görmək olmur?

* Bu daha çox ondan irəli gəlir ki, son dövrlərdə mətbəximizə bitki yağları daha çox daxil olub, bu isə kərə yağa tələbatı azaldıb. İstehsalçılar daha çox sata bildikləri qədər yağ istehsalına üstünlük verirlər. 2015-ci ilin yekununa görə kərə yağı üzrə özünütəminat səviyyəsi 60%-dir. Ancaq ötən ilin göstəriciləri ilə müqayisədə, kərə yağı istehsalı 8 faiz artıb, süd və süd məhsullarının istehsalında isə 4,9 faiz artım vardır. Ümid edirik ki, yaxın gələcəkdə süd və süd məhsulları ilə tamamilə özümüzü təmin edə biləcəyik.

* Əgər daha çox bitki yağı işlənirsə, o zaman kərə yağının idxalı niyə 40 faizdir, üstəlik, Iqtisadi Təşəbbüslərə Yardım İctimai Birliyinin tədqiqatçıları müəyyənləşdiriblər ki, kərə yağının idxalı 2010-2015-ci illərdə 50%-dən çox artaraq 8203.0 tondan 22392.7 tona çatıb. Yəni təlabat yoxdursa, idxal niyə artır?

* Azərbaycan özünü kərə yağı ilə tam təmin etsə belə bu məhsulun idxalı olacaq. Çünki sərbəst bazar iqtisadiyyatı şəraitində istehlakçıların istəyindən asılı olraq, idxal

həmişə olacaq. Bundan başqa, süd və süd məhsullarının ixracı da var. Biz bu il Rusiyaya süd və süd məhsulları idxal etmişik.

* Ancaq statistik rəqəmlər göstərir ki, 2015-ci ildə Azərbaycan süd və süd məhsullarının idxalına 137.5 milyon dollar xərcləyib, ixraca isə 1,5 milyon dollar. Yəni, daha çox ölkəyə mal gətirilib nəinki yerli mal xaricə satılıb.

* Süd məhsullarının ixracına yeni başlanılıb və gözləyirik ki, bu məhsulların ixrac həcmi getdikcə genişlənəcək.

* Bəs idxal üçün yeni bazarlar axtarılırmı?

* Təbii ki, axtarılr. İlk növbədə bizim ənənəvi bazarımız var, bu, MDB ölkələridir, xüsusilə, Rusiya. Ancaq yeni ölkələrlə də bu istiqamətdə əlaqələrin yaradılması istiqamətində işlər aparılır. Misal üçün onu qeyd edə bilərəm ki, Made in Azerbaijan brendinin təşviqi məqsədilə təşkil olunan xarici səfərlərdə Azərbaycan ət-süd məhsulları istehsalçısı olan şirkətlər də fəal iştirak edirlər.

* Qalib müəllim, belə fikirlər var ki, ölkədə süd emalı sənayesi ilə az sayda iri şirkətlər məşğul olur və bu da kiçik və orta emal sahələrinin inkişafına mane olur. Bu fikrə münasibətiniz necədir?

* "Mane olur” deməzdik. Bizdə günlük istehsal gücü 150-400 ton olan süd emalı müəssisələri vardır. Amma bu şirkətlər tam gücü ilə işləmir. Bu onunla əlaqədardır ki, keyfiyyət tələblərini ödəyən xam süd ilə təminatda problemlər var. Bu işin yaxşılaşdırılması üçün elə tədbirlər görülür ki, kiçik təsərrüftlarda istehsal olunan süd böyük fabriklərə təhvil verə bilsin. Bu məqsədlə İmişli, Ağcabədi və Bərdə rayonlarında ətlik südlük-qaramaldan ibarət ailə-kəndli təsərrüfatları və bunula birlikdə süd qəbulu və soyudulması məntəqələri yaradılıb və ailə təsərrüfatlarında istehsal edilən südün keyfiyyət parametrləri gözlənilməklə süd fabriklərinə təhvil verilməsi təşkil edilib. Bundan başqa, ölkənin bir sıra rayonlarında beynəlxalq donorların maliyyə dəstəyi ilə kənd icmalarına dəstək olaraq, gəlir gətirən layihələr kimi südtoplama məntəqələri istifadəyə verilib və Kənd Təsərrüfatı Nazirliyi də bu tip layihələr həyata keçirir. Nəticədə xırda təsərrüfatlarda istehsal edilən süd üçün market şəraiti yaratmaqla yanaşı, böyük emalçıların xammal ilə təminatı asanlaşıb. Bu təcrübənin respublikada yayılması gözlənir.

* Südçülükdə subsidiya verilirmi?

* Heyvandarlıqda iki istiqamətdə subsidiya verilir. Bir istiqamət xaricdən gətirilən damazlıq heyvanların lizinq yolu ilə fermerlərə verilməsidir. Bu zaman heyvanın qiymətinin 50 faizini hökumət, 50 faizini fermer ödəyir. İkincisi, süni mayalanma yolu ilə doğulan hər buzova 100 manat subsidiyanın verilməsidir. Bu subsidiya bu ilin oktyabrından etibarən verilir.

* Bəs hər sağmal inəyə görə subsidiya verilməsi necə, belə planlar varmı? Çünki fermerler yem sarıdan problemlərlə üzləşirlər.

* Bizim məqsədimiz odur ki, dünyada özünü doğruldan və ölkəmizə uyğun gələn modeli seçək. Dünyada sağmal inəyə görə və ya damazlıq heyvanın sayına görə də subsidiya verilir. Bu gün real zərurət süni mayalanma yolu ilə heyvanın damazlıq keyfiyyətini yaxşılaşdırmaqdır və bunun üçün də subsidiya ayrıldı.

* Qalib müəllim, belə müşahidələr var ki, Şamaxıdan, hətta Daşkəsəndən fermerlər ya özləri Bakı ətrafı qəsəbələrə köçürlər, ya sağmal inəklərini paytaxta göndərirlər ki, südü burda satsınlar. Söhbət elədiyimiz belə fermerlər

deyirlər ki, bölgələrdə süd çox ucuzdur, amma Bakıda litini 1 manatda sata bilirlər, bu xeyir edir, amma 50-60 qəpikdən satmaq yox. Heyvanları bölgələrə qaytarmaq üçün neyləmək lazımdır?

* Belə hallar həmişə olacaq, sahibkar özü müəyyənləşdirəcək ki, heyvanı harda saxlasın, məhsulunu harda satsın. Ancaq bizim mövqeymiz budur ki, həm yem, həm heyvan cinsləri, həm də məhsulun marketinqinin yaradılması baxımdan ətrafdakı təbii resurslardan səmərəli istifadə edilsin. Məsələn, dağ yerlərinə hansı heyvan cinsləri xasdırsa, iqtisadi cəhətdən səmərəlidirsə, fermerə kömək edək ki, öz daimi yaşayış yerində oturub təsərrüfatını inkişaf etdirsin. Kəndlərdə süd qəbul məntəqələrinin yaradılmasında da məqsəd ondan ibarətdir ki, fermer südü istehsal edən kimi onu dərhal satıb pulunu almaq imkanı qazansın.

S.Mehdiyeva

www.ann.az

Xəbər lenti