Azərbaycanda 2015-ci ilin hərbi büdcəsi açıqlandı

Azərbaycanda 2015-ci ilin hərbi büdcəsi açıqlandı
Azərbaycan 2015-ci ildə dövlət büdcəsindən hərbi qurumların (Fövqəladə Hallar Nazirliyi istisna olunmaqla) saxlanılmasına 3 307 796 989 manat (4 210 025 550 ABŞ dolları) vəsait ayrılıb.

ANN.Az APA-ya istinadən xəbər verir ki, prezident İlham Əliyevin ötən gün təsdiq etdiyi "Azərbaycan Respublikasının 2015-ci il dövlət büdcəsi haqqında” qanunda ölkənin müdafiə qabiliyyətinin gücləndirilməsi üçün hərbi qurumlara ayrılacaq vəsaitlər açıqlanıb. Qeyd olunan rəqəmə Silahlı Qüvvələr, Dövlət Sərhəd Xidməti, Səfərbərlik və Hərbi Xidmətə Çağırış üzrə Dövlət Xidməti, Müdafiə Sənayesi Nazirliyi, Milli Təhlükəsizlik Nazirliyi, DİN Daxili Qoşunları, Xüsusi Dövlət Mühafizə Xidməti, Dövlət Feldyeger Xidmətinin saxlanılması xərcləri və xüsusi müdafiə təyinatlı layihələr və tədbirlər üzrə xərclər daxildir.

Dövlət büdcəsinin 2015-ci il üçün təsdiq edilmiş müdafiə xərcləri 1 778 529 044 manat təşkil edir ki, bunun da 1 651 220 836 manatı müdafiə qüvvələri, o cümlədən 1 255 185 738 manatı Müdafiə Nazirliyi, 157 645 847 manatı DSX, 22 473 696 manatı SHXÇDX, qalan hissəsi isə digər məqsədlər üçün ayrılıb.

Müdafiə xərclərində 121 089 332 manat milli təhlükəsizlik, 2 831 126 manat MSN-ə tətbiqi tədqiqat, 3 387 750 manat isə digər xərclər üçün ayrılıb. MSN-ə bundan başqa, elm xərclər bölməsindən 4 203 171 manat nəzərdə tutulur.

Bunlardan başqa, Silahlı Qüvvələrin tərkibində yer alan Xüsusi Dövlət mühafizə Xidməti üçün 85 980 953 manat, Daxili Qoşunlar üçün 165 561 488 manat (bunun 4 596 123 manatı təhsil xərcləri, 2 319 388 manatı səhiyyə xərcləri bölməsindən olmaqla), Dövlət Feldyeger Xidmətinə isə 2960 434 manat vəsait ayrılıb.

Azərbaycan müdafiə xərclərinə əlavə olaraq, 2015-ci ildə humanitar minatəmizləmə işləri üçün Ərazilərin Minalardan Təmizlənməsi üzrə Milli Agentliyə (ANAMA) 9 180 475 manat (11 684 524 dollar) vəsait yönəldəcək.

ANN.Az

Xəbər lenti