Azərbaycanca filmlər çəkən məşhur erməni rejissor ARAŞDIRMA

Azərbaycanca filmlər çəkən məşhur erməni rejissor ARAŞDIRMA

Sovet kinosunun çox maraqlı rejissorlarından sayılan, Azərbaycanı, onun mədəniyyətini sevən erməni əsilli rejissor Sergey Paracanovun son filmlərindən biri “Aşıq Qərib” dramıdır.  Mixail Lermontovun “Aşıq Qərib” əsəri əsasında ekranlaşdırılan filmin mətni üzərində üzərində işləyənlərdən biri, böyük şair Əli Kərimin oğlu, filologiya elmləri doktoru Paşa Əlioğlu ilə müsahibəni təqdim edirik.

 

 

- Paşa müəllim, filmdə iştirakınız necə oldu?

 

-  Əvvəla ondan başlayım ki, Sumqayıt hadisələrinin bir illiyi idi, biz bu ərəfədə rejissoru erməni olan, Gürcüstan kinostudiyasında istehsal edilən, şifahi ədəbiyyatımızın nümunəsi „Aşıq Qərib“in motivləri əsasında çəkilən bir əsərin dublyajı ilə məşğul idik. Maraqlı və paradoksal vəziyyət idi. 1989-cu ilin əvvəllərində şair, fizika riyaziyyat elmləri namizədi Aydın Əfəndiyev dedi ki, Tiflisdə Sergey Paracanovla tanış olmuşam. Aydının çox geniş əlaqələri vardı. Biz onunla bir neçə iş də görmüşdük, yapon şairlərinin antologiyasını tərtib etmişdik. Heyf ki, onu çap edə bilmədik. Sonra Aydın da itirdi onu. Paracanov Aydından xahiş edib ki, biz onun filmini azərbaycanca səsləndirək. Aydın rusdilli olduğuna görə mətni azərbaycanlaşdırmağa gücü yetməzdi. Ona görə mən, Həmid Herisçi ilə birlikdə əvvəlcə dastanın dilini nəzərdən keçirdik ki, hansı sözləri necə istifadə edək.  Mətni işləyəndə bilirdik ki, Paracanov kimdir, hansı günahları olub, həbsdə niyə yatıb. Hər halda bu mənada maraqlı idi. Və onun bəzi filmlərində kadr arxasında Azərbaycan dilində şeirlərin də səsləndirdiyini bilirdik. Əvvəlki filmlərində Sayat Novanın şeirlərini azərbaycan, gürcü, erməni dillərində oxunub. Onun ümumiyyətlə, Azərbaycana  münasibəti çox yaxşı idi.

 

"Azərbaycanfilm"in rəhbərliyi də əllərindən gələni etdi ki, səsləndirmə yaxşı alınsın. Paracanov filmi çəksə də dialoq yox idi. Bir neçə həftə gecə-gündüz filmi səsləndirmək üçün çalışdıq. Ən yaxşı aktyorlar Səyavuş Aslan, Rasim Balayev, Nurəddin Mehdixanlı, Əminə Yusfiqızı, Sadıq Hüseynov, Ramiz Məlikov ürəklə çalışdılar. Paracanov dedi ki, film Kann festivalına geçikib, amma Berlin festivalına çatdıra bilərəm. Film Berlində Avropa Kinoakademiyasının bədii tərtibatına görə xüsusi mükafatını aldı.

- Paracanovla ilk görüşünüz necə, harda oldu?

 

- Ilk görüş „Azərbaycanfilm“ kinostudiyasında oldu.  Orda filmin təqdimatı da oldu. Rejissor Kira Muratova da gəlmişdi. Filmdə rol alan aktyorlar, əcnəbilər də vardı. O vaxt Azərbaycana qarşı antitəbliğat aparılan illər idi. Təəccüblənirdim ki, onlar bura necə gəlib çıxıblar. Və bunlar da gözləyirdilər ki, Paracanov bizim əleyhimizə nəsə danışacaq. Əksinə oldu. Paracanov dedi ki, bu əsəri çəkməkdə məqsədim dünyaya Lermontov kimi böyük şəxsiyyətin olduğunu tanıtdırmaqdır. Paracanov filmi Lermontovun kiçik həcmli „Aşıq Qərib“ əsəri əsasında çəkib. Çox gözəl əsərdi sizə deyim. Lermontov bunu Şamaxıda yerli camaatdan toplayıb. Amma əsər bir az çaşdırır, yəni mətndə bəzən Qərib əvəzinə Kərəm də gedir. Görünür, bu iki dastanı hansısa aşıqdan eşidib, ona görə mətndə hər ikisinin adı gedir. Mətnşünaslar da olduğu kimi saxlayıblar. Sonra Paracanov dedi ki, istəyirəm film azərbaycan dilində getsin. Çünki bu dili çox sevirəm, musiqili dildir. Paracanov çox ünsiyyətcil adam idi, tanımadığı adamlarla dərhal dostlaşırdı. Yeri gəlmişkən, Bakıya gələndə baş rolun ifaçısını da gətirmişdi.

 

- O, erməni idi məncə…

 

- Yox, əslində yezidi kürdü idi. Familiyasını erməniləşdirmişdilər. Özü də deyirdi ki, yezidi kürdüyəm.

 

- Iş prosesi necə getdi?

 

- Əsas çətinlik bizim öhdəmizə düşürdü. Çünki filmin ümumiyyətlə mətni yoxdu. Paracanov ümumiyyətlə, mətn düşünməmişdi. Dialoqları işləməliydik. O, yalnız təsvirləri çəkmişdi. Dedim ki, axı belə olmur, heç olmasa nəsə yazılmalıydı. Paracanov dedi ki, kinoya Dovjenkonun (Aleksandr Dovjenko, ukraynalı, məşhur sovet rejissoru- S.S) təsiri altında gəlmişəm. Siz onun ssenarilərini görsəydiz, bilərdiz.  Özü də ukraynaca yaxşı bilirdi. İlk əsərlərini orda çəkmişdi. Iki cür ssenari var – ədəbi və rejissor ssenarisi. Rejissor ssenarisində kadrın məzmunu, detalları yazılır. Paracanov deyirdi ki, Dovjenko rejissor ssenarisində yazırdı ki, buludlu səma, dialoq yazmırdı. Mən də aktyorların mətnini tam hazırlamıram. 

 

- Filmi harda çəkmişdi?

 

- Müxtəlif yerlərdə. Bəzi yerlərini İçərişhərədə çəkib, məsələn, bazar səhnələrini. Kadrlardan birində yerə tökülən meyvə səhnəsi var. Filmdə istifadə edildikdən sonra camaata verib ki, yesinlər.  Biz təsvriə baxa-baxa mətni yazırdıq. Elə ordaca aktyorlara verirdik, onlar da səsləndirirdi. Bir epizod var, qoca aşıq ölür, Qərib onu dəfn edir. Paracanov dedi ki, burda da nəsə mətn olsun. Çətinliyimiz oldu, söz tapa bilmədik. Və qərara gəlidk ki, sadəcə ah-nalə olsun. Yerdə qalan epizodlarda Səyavuş Aslan kimi istedadlı adamlar təcrübəsi, peşəkarlığı hesabına nəsə yaratdılar. Improvizə edirdilər. Bu da Paracanovu xoşuna gəlmişdi. İmprovizələlərin çox olmasını istəyirdi.

 

- Dialoqları yazanda Paracanov deyirdi ki,  təxminən belə olsun yoxsa tam sərbəstlik vermişdi?

 

- Tam ixtiyar vermişdi ki, istədiyinizi yazın. Biz filmə dəfələrlə baxmışdıq. Qeydlər aparmışdıq. Orda Xızır gəlir, Qəribi çətin vəziyyətdən çıxarır. Dastanı oxumayan adam bilmir ki, o, Qəribə nə deyir. Deyir ki, « min tərkimə » . Lermontovun əsərində bir çox şeylər olmadığı üçün, dastandan istifadə elədik. Heç Paracanovun xəbəri də olmadı.  O, filmin direktorunun yanında deyirdi ki, bunlar, yəni gürcülər məni sıxışdırırlar ki, « Allah » sözü olmasın. Mən dedim ki, Tanrı deyərik. Gürcülər anlamaz.

- Ruscaya kim tərcümə elədi ?

 

- Özümüz. Paracanov bizə inanırdı, etibar edirdi. Ona görə də ruscaya da özümüz elədik. Ona lazım idi ki, Azərbaycan dilində səslənsin. Ümumiyyətlə, onun bizə mənfi münasibət yox idi. Bir dəfə dedi ki, nazizm erməniləri də, gürcüləri də məhv elədi. Siz özünüzü qoruyun ki, bu günə düşməyin. Bunu açıq deyirdi çəkinmirdi. Erməniləri sevmirdi, millətçiliyinə görə.

 

- Filmin maraqlı üslubu var : teatrallaşma, şərtilik, anaxronizm, qrotesk qrim...  

 

- Bir də orda qəhrəmanların görünüşündə Qacar minatür məktəbinin istifadə etmişdi. Minatür məktəbini yaxşı bilirdi. Qacar minatür məktəbi bir az Rembrandtın tablolarını da xatırladır. Onun tablolarında qara rənglə çox söz deyilirdi və qara fon rol oynayırdı. Paracanov zövqlü adam idi. Yeri gəlmişkən, o, bizlə daha bir film çəkmək istəyirdi. Sultan Süleyman haqda. Yəni onda antitürk əhvalı yox idi. Əgər olsaydı, Lermontovun bu əsərini də ekranlaşdırmazdı. Çünki Lermontov əsəri türk nağılı kimi təqdim edir.

 

Bir də Paracanov özü haqda mif yaratmağı sevirdi. Aydın deyirdi ki, film çəkiləndən sonra getdim Paracanovun evinə. Gördüm ki, çarpayıda oturub. Başına su damır. Bu da çətir tutub, oturub poz verir. Dostları da yığışıb başına. Ekstravaqant idi və elə özü  kino qəhrəmanı kimi idi. Filmlərindəki paltarları da özü tikirdi. Hətta bu nominasiyada mükafat da alıb. Keçmiş dövrlərin libaslarını yaxşı bilirdi. Vidalaşanda Əminə Yusifqızı ona dedi ki, tanıdığım rejissorlar arasında ən qəribəsi sizsiz. Doğrudan da elə idi. Vərdiş eləmədiyimiz iş üslubu vardı.  Məncə, “Aşıq Qərib” daha çox azərbaycan filmdir: həm bizim dastanın motivləridir, həm səsləndirmə azərbaycancadır, həm də musiqini Cavanşir Quliyev yazmışdı, filmin musiqi həlli başdan ayağa folklor musiqisi və muğamdır.

Kulis.az

Xəbər lenti