Azərbaycan xarici bazara yeni məhsul ixrac etməyə başladı

Azərbaycan xarici bazara yeni məhsul ixrac etməyə başladı
Dünyada "Made in Azerbaijan” markasını təmsil edən "Sumqayıt Texnologiyalar Parkı” (STP) daha bir ilkə imza atıb.

Şirkətdən ANN.Az-a bildirilib ki, STP Azərbaycanda ilk dəfə olaraq xarici bazara yanğına davamlı "halogen-free” kabel məhsullarının ixracını həyata keçirib.

Müəssisə Qazaxıstanın ərazisinə və əhalisinə görə ən böyük şəhərlərindən biri olan Qızıl Ordada yeni "Kyzylorda Plaza” layihəsinin icrası üçün böyük həcimdə kabel məhsulları ixrac edib.

Qeyd edək ki, ümumi sahəsi 30 min kvadrat metr ərazidə inşa edilən "Kyzylorda Plaza” Qazaxıstanın ən iri alış-veriş mərkəzlərindən biri olacaq.

Xarici bazarda məhsulları ilə geniş yer alan müəssisə ümumilikdə kabel ixracı ilə bağlı Gürcüstan, Qazaxıstan, Tacikistan və Qırğızıstan ilə iri məbləğdə müqavilələr bağlayıb. Hazırda imzalanmış müqavilələr icra edilməkdədir.

STP gələcəkdə Asiya bazarına olan əməliyyatlarını artırmaq, həmçinin Qərbi Avropa və Afrika bazarlarına da daxil olmağı hədəfləyir.

Müəssisənin kabel Zavodunda 28 min çeşiddə 500 kV-a qədər orta, yüksək və ifrat yüksək gərginlikli güc naqilləri, stasionar və qeyri-stasionar qoyuluşlu, idarəetmə, XLPE, koaksial, gəmi, neft quyularında tətbiq olunan zirehli, müxtəlif növlü optik telefon, LAN, yüksək temperatura davamlı, qalayla örtülü damarlı torpaqlama kabellər istehsal olunur. Zavodun yüksək texnologiyalar əsasında istehsal etdiyi məhsullar rəqabətqabiliyyətli olub, həm yerli, həm də xarici bazarlarda geniş yayılıb.

STP regionda texnoparkların yaradılmasında pioner olmaqla, müxtəlif istehsalat sahələri üzrə ixtisaslaşmış nəhəng zavodlar kompleksidir. 2017-ci ildə Sumqayıt Kimya Sənaye Parkının rezidenti statustu alıb. Regionda nadir layihə olan STP, daxili bazarın tələbatını tam ödəməklə bərabər, həm də xarici bazara kifayət qədər məhsullar ixrac etmək qabiliyyətinə qadirdir. Hazırda şirkətin ərazisində 2000 nəfərin çalışdığı, Avropada və Yaponiyada istehsal olunmuş ən yeni texnoloji avadanlıqlarla təchiz olunmuş 12 zavod, 30-dan artıq istehsal sahəsi fəaliyyət göstərir. İstehsal prosesində istifadə olunan xammallar beynəlxalq standartlara tam cavab verir. Texnoparkın bütün zavodları Avropa istehsalı olan laboratoriyalarla təmin olunub və AZS ISO/IEC 17025-2009 standartlarına uyğun akkreditə olunub. İstehsal olunmuş bütün məhsulların müvafiq sertifikatları var. STP-də ISO 9001, ISO 14001 və OHSAS 18001 beynəlxalq standartları da tətbiq olunur.

www.ann.az

Xəbər lenti