“Azərbaycan xalqına qarşı 1918-ci il soyqırımları” kitabının təqdimatı

“Azərbaycan xalqına qarşı 1918-ci il soyqırımları” kitabının təqdimatı
Fevral ayının 19-da Prezident Kitabxanasında AMEA A.A.Bakıxanov adına Tarix İnstitutu və Azərbaycan Respublikası Hərbi Prokurorluğunun birgə layihəsi əsasında çap edilən "Azərbaycan xalqına qarşı 1918-ci il soyqırımları” kitabının təqdimatı keçirilmişdir. 

Tədbiri giriş sözü ilə açan Prezident Kitabxanasının direktoru Mayıl Əhmədov bildirmişdir ki, son iki yüz il ərzində Azərbaycan xalqı dəfələrlə deportasiyalara, soyqırımlarına və repressiyalara məruz qoyulmuşdur. Lakin xalqımızın başına gətirilən faciələrin miqyasını araşdırmaq və onu dünya ictimaiyyətinə çatdırmaq yalnız dövlət müstəqilliyini bərpa etdikdən sonra mümkün olmuşdur.

Mayıl Əhmədov vurğulamışdır ki, son illərdə AMEA-nın A.A. Bakıxanov adına Tarix İnstitutunun nəşr etdirdiyi kitabların əksəriyyətinin təqdimatının Prezident Kitabxanasında keçirilməsi ənənə halını almışdır. Azərbaycan Respublikası Hərbi Prokurorluğunun bəzi nəşrlərinin təqdimatı da Prezident Kitabxanasında keçirilmişdir. Kitabxanasının direktoru Tarix İnstitutu və Azərbaycan Respublikası Hərbi Prokurorluğunun birgə layihəsi əsasında çap edilən "Azərbaycan xalqına qarşı 1918-ci il soyqırımları” kitabının təqdimatının da məhz Prezident Kitabxanasında keçirilməsindən məmnunluq duyduğunu bildirmiş, hər iki kollektivə xalqımız, millətimiz üçün yeni-yeni sanballı əsərlərin ərsəyə gətirilməsi işində uğurlar arzulamışdır.

AMEA A.A.Bakıxanov adına Tarix İnstitutunun direktoru, AMEA-nın müxbir üzvü, Dövlət mükafatı laureatı Yaqub Mahmudov bildirdi ki, 1918-ci il soyqırımları tarixinin araşdırılması AMEA-nın A.A. Bakıxanov adına Tarix İnstitutunun prioritet tədqiqat istiqamətlərindən biridir. Prezident İlham Əliyevin tapşırığı əsasında 2014-cü ildə Prezident Administrasiyası azərbaycanlılara qarşı soyqırımların və deportasiyaların kompleks şəkildə araşdırılması üçün Fəaliyyət Proqramı təsdiq etmişdir. Həmin proqrama əsasən AMEA-nın Rəyasət Heyətində azərbaycanlılara qarşı soyqırımı tədqiqatları komissiyası yaradılmışdır və Akademiya sistemindəki institutlara konkret tapşırıqlar verilmişdir.

Tarix İnstitutunda qarşıya qoyulan vəzifələrin yerinə yetirilməsi üçün kompleks tədbirlər həyata keçirilir. Son illərdə İnstitutun əməkdaşları Azərbaycan xalqına qarşı həyata keçirilən soyqırımlarla bağlı materialları özündə əks etdirən külli miqdarda

sənədləri dünyanın müxtəlif ölkələrindəki arxivlərdən gətirmişlər. Həmin sənədlər əvvəlcə toplular şəklində çap edilmiş, sonra isə elmi-tədqiqat dövriyyəsinə cəlb edilərək ayrı-ayrı regionlar üzrə əsərlər yazılmış və nəşr edilmişdir.

Yaqub Mahmudov bildirmişdir ki, bu gün təqdimatı keçirilən "Azərbaycan xalqına qarşı 1918-ci il soyqırımları” kitabı Şərqi Anadoluda, Cənubi Azərbaycanda, İrəvan quberniyasında və Azərbaycan Xalq Cümhuriyyətinin ərazisində və sonrakı dövrlərdə erməni silahlı dəstələrinin törətdikləri soyqırımları və deportasiyalardan, habelə Ermənistan dövlətinin Azərbaycan xalqına qarşı həyata keçirdiyi işğalçılıq siyasətindən və soyqırımı cinayətlərindən bəhs edən ümumiləşdirilmiş əsərdir. Əsərin yazılmasında arxiv materialları ilə yanaşı, Azərbaycan Respublikası Hərbi Prokurorluğunda yaradılmış Memorial Soyqırımı Muzeyində saxlanılan foto-sənədlərdən də istifadə edilmişdir.

Yaqub Mahmudov qeyd etmişdir ki, hazırda Tarix İnstitutunun və Hərbi Prokurorluğun əməkdaşları "Memorial Soyqırımı Muzeyi”ndə saxlanılan sənədlər və istintaq materialları əsasında yeni kitab hazırlayırlar.

Sonra Azərbaycan Respublikasının hərbi prokuroru, Əməkdar hüquqşünas, hüquq üzrə fəlsəfə doktoru, general-leytenant Xanlar Vəliyev çıxış edərək təqdimatı keçirilən kitabın əhəmiyyətindən söz açdı, soyqırım anlayışının hüquqi-siyasi məzmunundan, müvafiq konvensiyalardan, Azərbaycan xalqına qarşı ayrı-ayrı tarixi dövrlərdə həyata keçirilmiş soyqırımı cinayətlərindən, terror aktlarından, Dağlıq Qarabağdakı terrorçu- separatçı cinayətkarların antiazərbaycan fəaliyyətindən geniş bəhs etdi, bu istiqamətdə bir sıra faktları xronoloji ardıcıllıqla təqdimat iştirakçılarının diqqətinə çatdırdı. Xanlar Vəliyev bu istiqamətdə Tarix İnstitutu ilə birgə layihələrin bundan sonra da həyata keçiriləcəyini bildirdi.

www.ann.az

Xəbər lenti