Azərbaycan səfirliyi və "Arsenal"dan Mxitaryan açıqlaması

Azərbaycan səfirliyi və
Azərbaycanın Böyük Britaniyadakı səfirliyi İngiltərə "Arsenal” klubunun ermənistanlı futbolçusu Henrix Mxitaryanın Bakıya səfəri üçün viza məsələsi ilə bağlı mövqeyini açıqlayıb.

Ann.az "Report”a istinadən xəbər verir ki, bu barədə səfirlikdən "The Independent”in sorğusuna cavab olaraq bildirilib.

Cavabda qeyd olunub ki, 29 yaşlı yarımmüdafiəçinin milliyyəti Avropa Liqasının qrup mərhələsinin II turunda "Qarabağ”la oyun üçün ona viza verilməməsinə səbəb ola bilməz: "Əcnəbi vətəndaşın Azərbaycana buraxılmaması üçün yeganə aspekt həmin şəxsin daha əvvəl Azərbaycan Respublikasının yazılı razılığı olmadan Dağlıq Qarabağ və işğal olunmuş digər rayonlara səfər etməsidir. Azərbaycana səfər üçün vizanın verilməsi milli qanunvericilik və beynəlxalq sazişlərdə yer alan qayda və müddəalarla tənzimlənir. Henrix Mxitaryanın viza ala biləcəyi ilə bağlı suala əvvəlcədən dəqiq cavab vermək olmaz. Bu prosedur bütün ölkələrdə, o cümlədən, Böyük Britaniyada da belədir. "Onun milliyyəti Azərbaycan vizası almağa təsir edirmi” sualına cavabımız bu cürdür: Xeyr”.

"Arsenal” klubu isə məsələ ilə bağlı bildirib ki, futbolçularının təhlükəsizliyi hər şeydən önəmlidir: "Vəziyyəti öyrəndikdən və futbolçu ilə söhbət etdikdən sonra qərar veriləcək”.

Ermənistan idmançıları daha əvvəl 2015-ci ildə Azərbaycanın paytaxtında təşkil olunmuş şahmat üzrə Dünya Kuboku, "Bakı 2015” I Avropa Oyunları və 2007-ci ildə güləş üzrə dünya çempionatı kimi yarışlarda iştirak ediblər.

Mxitaryan 2015-ci il oktyabrın 22-də Avropa Liqasının qrup mərhələsində Almaniyanın "Borussiya” (Dortmund) komandasının heyətində "Qəbələ” ilə oyun üçün Bakıya gəlməyib. Yarımmüdafiəçi 2009-cu ildən Dağlıq Qarabağa qanunsuz səfərlər edib. Müharibədə iştirak edən veteranlara yardım üçün Xankəndinə baş çəkən futbolçu onlara müxtəlif məişət texnikalarını hədiyyə verib. Səfərlərin birində işğal altında olan bölgədəki separatçı rejimin başçısı Bako Saakyan regionda idmanın inkişafı və müxtəlif xeyriyyə layihələrinin həyata keçirilməsinə görə Mxitaryana "Ayrenyats Paştpan” ("Xalq müdafiəçisi") ordeni verib.

www.ann.az

Xəbər lenti