Azərbaycan qadın sahibkarların sayı ilə öyünə bilərmi?

 Azərbaycan qadın sahibkarların sayı ilə öyünə bilərmi?
Statistik məlumatlara görə, dünyada yeni biznes-strukturlarının 25 faizdən çoxunu qadınlar yaradıb. Fransa və Böyük Britaniyada bütün firmaların dörddə birinə, Almaniyada üçdə birinə qadınlar rəhbərlik edir. Yaponiyada bu rəqəm 23 faiz, ABŞ-da 38 faizdir.

Azərbaycan qadın sahibkarların sayı ilə öyünə bilərmi?

Dövlət Statistika Komitəsinin  2015-ci ilin iyun ayının 1-nə olan məlumatına əsasən, Azərbaycanda qadın sahibkarların sayı 107 mini ötüb. Bütövlükdə, sahibkarlıqla məşğul olanların 19,4 faizini qadınlar təşkil edir.

Hüquqşünas Abil Bayramov deyir ki, ölkə əhalisinin 50,2 faizi qadınlar olsa da siyasi-iqtisadi sektorunda gender göstəriciləri bu rəqəmə tərs mütənasibdir: "Ölkə üzrə iqtisadi fəal əhalinin ümumi sayında(4840,7 min nəfər) qadınlar 2365,0 min nəfər təşkil edir. Qadınların təmsilçilik göstəriciləri məşğul əhalinin sayında (4602,9 min nəfər) da aşağı səviyyədədir - məşğul kişilərin sayı  2376,1 min, məşğul qadınların sayı isə 2226,8 mindir. Təbii ki, bu göstərici işsizliyə də öz təsirini göstərməkdədir -  237,8 min nəfər işsizin 138,2 min nəfərini qadınlar təşkil edir.  Rəsmi statistikaya əsasən, onlardan yalnız 11,3 min nəfəri işsiz statusu alıb”.

Abil Bayramovun sözlərinə görə, iqtisadi fəaliyyət növləri üzrə muzdla işləyənlərin sayında da kişilərlə qadınlar arasındakı fərq birincilərin xeyrinədir: "Belə ki, muzdla işləyənlərin 58,2 faizi kişidirsə, 41,8 faizi qadınlardır. İqtisadi fəaliyyətin müxtəlif növləri üzrə məşğulluq statistikasına diqqət yetirdikdə aydın görünür ki, qadınlar daha çox təhsil, səhiyyə və incəsənət sahələrində daha çox təmsil olunurlar. Təhsil sahəsində çalışanların 72,2 faizini, səhiyyə və sosial xidmətlərin göstərilməsi sahəsində çalışanların 79,4 faizini, istirahət, əyləncə və incəsənət sahəsində çalışanların 63.2 faizini qadınlar təşkil edir”.

Hüquqşünas deyir ki, qalan digər fəaliyyət növləri üzrə kişilər böyük üstünlüyə malikdirlər.

Muzdla işləyən qadınların orta aylıq nominal əmək haqları da aşağıdır: "Məsələn, emal sənayesində kişilərin orta aylıq nominal əmək haqqı 543,8 manat, peşə, elm və texniki fəaliyyət sahəsində 909 manat, inzibati və yardımçı xidmətlərin göstərilməsində 633,6 manat təşkil edirsə, qadınlar üçün bu göstəricilər müvafiq olaraq 348 manat, 369,9 manat, 355,6 manatdır”, Abil Bayramov deyir.

"Ayrıca milli proqram yoxdur”

İqtisadi Təşəbbüslərə Yardım İctimai Birliyinin tədqiqatçıları ABŞ-ın Beynəlxalq İnkişaf Agentliyinin maliyyə dəstəyi ilə həyata keçirilən "Azərbaycanda kiçik sahibkarlığın inkişafına dəstək” layihəsi çərçivəsində müəyyənləşdiriblər  ki, Azərbaycan sahibkarlıq mühitində qadınların problemləri ümumi biznesin problemləri konteksində nəzərdən keçirilir, hökumətin kiçik və orta sahibkarlıq strategiyasının, həmçinin qadınların sahibkarlıq təşəbbüslərini dəstəkləməyə imkan verən məqsədli milli proqramları yoxdur: "Qadın sahibkarlığının inkişafını əngəlləyən bir sıra baryerlər hələ də qalmaqdadır. Bura qadınların rolu ilə bağlı ənənəvi gender stereotipləri, qadınların sahibkarlıq fəaliyyəti və genderlə bağlı kifayət qədər məlumatlı olmaması, sahibkarlıq fəaliyyətinə başlamaq üçün ilkin kapitalın yoxluğu kimi baryerləri aid etmək olar”, tədqiqat müəllifləri hesab edirlər.

Tədqiqatda vurğulanır ki, kiçik və orta sahibkarlığın, o cümlədən qadın sahibkarlığının inkişafını təmin edən zəruri institusional mexanizmlər yetərli deyil: "Qadın sahibkarlığının inkişafı üzrə məqsədli dövlət proqramının qəbul edilməsinə ehtiyac var. Qadın sahibkarlar üçün kreditləşmə, vergiqoyma və s. ilə bağlı güzəştləri nəzərdə tutan belə bir proqramın qəbulu qadınların iqtisadi təşəbbüskarlığının reallaşdırılması imkanlarını əhəmiyyətli dərəcədə artıra bilər”.

"Kiçik və orta sahibkarlıq strategiyası olmalıdır”

Hüquqşünas Abil Bayramov deyir ki, kiçik və ortaq sahibkarlıq strategiyasının qəbul edilməsinə də zərurət var. Onun sözlərinə görə, qadın sahibkarlığına informasiya dəstəyinin inkişaf etdirilməsi də vacib amillərdəndir: "Azərbaycanda qadın sahibkarlığının inkişafına təminat verən institusional sistem hələ yetərincə formalaşmayıb. Doğrudur, beynəlxalq konvensiyalar və milli qanunvericiliyin müəyyən etdiyi tələb və prinsiplər əsasında gender bərabərliyinin təmin edilməsinə yönəlik institusional mexanizmlər formalaşmağa başlayıb. Lakin bu mexanizmlər hələlik qadın sahibkarlığını arzu olunan səviyyədə inkişaf etdirmək üçün yetərli görünmür”.
 
S.Mehdiyeva

www.ann.az

Xəbər lenti