Azərbaycan Ordusuna muzdlular lazımdırmı? - Polkovnikdən TƏHLİL

Azərbaycan Ordusuna muzdlular lazımdırmı? - Polkovnikdən TƏHLİL
"Peşəkar hərbçilərimiz təlimlərdə bütün istiqamətlər üzrə öz bacarıqlarını göstərirlər".

Bunu Yeniavaz.com-a açıqlamasında ehtiyatda olan polkovnik, hərbi ekspert Şair Ramaldanov deyib. 

O bildirib ki, yerli və beynəlxalq yarışlarda, təlimlərdə öz potensialını göstərmiş hərbçilərimiz Azərbaycan Ordusunun əsasını təşkil edir və belə əzmli şəxsi heyətə muzdlu döyüşçülər gərək deyil:

"Son zamanlar Ermənistanın hərbi-siyasi rəhbərliyi Dağlıq Qarabağda muzdlu əsgərlər, terrorçu qruplaşmaların üzvlərini, Suriyadan, Liviyadan olan ailələri yerləşdirməklə məşğuldur. Bu haqda məlumatlar həm erməni, həm də digər dövlətlərin mətbu orqanlarında öz əksini tapır. Erməni mətbuatı özünəməxsus şəkildə müxtəlif yalan məlumatlar tirajlayır. Guya Azərbaycan öz ordusuna muzdlu əsgərlər gətirməklə məşğuldur. Hətta guya onlar Aprel döyüşlərində də iştirak ediblər. Bu cür yalan məlumatlarla oxucuları çaşdırmaq istəyirlər. Bunun yalan olduğunu faktlarla əsaslandıracağam. 

Elə Aprel döyüşlərindən başlayım. Həmin vaxt erməni qüvvələri yaşayış məntəqələrini müxtəlif mövqelərdən mütəmadi olaraq, atəşə tuturdular. Dinc əhali təhlükəsizliyi ilə bağlı müraciət etdi, çünki narahat idilər. Bununla bağlı ermənilərə xəbərdarlıq olunsa da, belə vəziyyət davam elədi. Hətta o istiqamətdə yerləşən kəndlərdəki evlərə, obyektlərə ziyan vuruldu. Bundan sonra Azərbaycan bölmələri həmin atəş açılan və təhlükə mənbəyi olan mövqeləri ələ keçirtmək, dinc sakinlərin təhlükəsizliyini təmin etmək əmrini aldılar. Bu tapşırığı ilk gündə yerinə yetirən Azərbaycan Ordusu Talış istiqamətində olan yüksəkliklər və Lələtəpəni düşməndən azad etdi. Düşmən o mövqelərdən qovuldu. Bir balaca anlayışı olan insan bilir ki, bunun üçün muzdlu əsgər lazım deyil. Azərbaycan Ordusu bu tapşırığı lazımi səviyyədə yerinə yetirdi. Sonra erməni tərəfi həmin mövqeləri ələ almaq məqsədilə iki gün döyüş aparsa da, itkilər verərək geri çəkildilər. Daha sonra məsələyə rəsmi Moskva qarışdı".

Ehtiyatda olan polkovnik bildirib ki, bu gün Azərbaycan Ordusunun əksəriyyətini peşəkar hərbçilər təşkil edir: 

"Onlar öz vəzifələrində uzun illərdir xidmət edirlər. Belə heyəti olan ordunun muzdlu əsgərlərə ehtiyacı yoxdur. Bunu son təlimlərdə, Rusiyada keçirilən yarışlarda da gördük. Orada iştirak edən mütəxəssislərimiz bütün istiqamətlər üzrə potensiallarını göstərdilər. Peşəkarlarımız hər il irimiqyaslı təlimlərdə iştirak edərək öz döyüş qabiliyyətlərini artırırlar. Ordumuzun bugünkü vəziyyəti, döyüş hazırlığı NATO-nun ən güclü silahlı qüvvələri sırasında olan Türkiyə kimi dövlətin ordusu ilə birgə fəaliyyət göstərəcək səviyyədədir. Biz Türkiyə ilə təlimlərdə iştirak edir, birgə hədəflər təyin edirik. Bu da ilk növbədə, Azərbaycan Ordusunun bütün vəzifələrdə olan hərbçilərinin peşəkarlığından xəbər verir. Pilotlarımız Türkiyə pilotları ilə birgə tapşırıqlar icra edirlər. Qeyd edim ki, Hərbi Hava Qüvvələrinin pilotları MDB məkanında ən çox uçuş keçirmiş pilotlar sayılırlar. Belə şəraitdə Azərbaycan Ordusuna muzdlular lazımdırmı? Bu suala bir balaca təhlili bacaran insan özü cavab verə bilər. 

Ali Baş Komandan İlham Əliyev demişdi ki, əgər Azərbaycan və Ermənistan silahlı qüvvələrini təkbətək qoysalar, Azərbaycan Ordusu işğalçı qüvvələri darmadağın edib ərazi bütövlüyümüzü bərpa etməyə qadirdir. Ali Baş Komandanın ordusuna verdiyi obyektiv qiymət budur. Ordumuzun arxasında xalq, cəmiyyət durur. Belə bir arxa-dayaqla və müasir təchizatla qələbə sevincini dadacağıq".

www.ann.az

Tərəfdaşların xəbərləri

Xəbər lenti