Azərbaycan dilində nitqin tanınması layihəsi ilə bağlı yenilik var

Azərbaycan dilində nitqin tanınması layihəsi ilə bağlı yenilik var
İmla lahiyəsi süni intellektin köməyi ilə şifahi nitqin mətnə və ya yazılı nitqi şifahi nitqə çevrilməsi məqsədi ilə yaradılmış nitqin tanınmasını həyata keçiriən sistemdir.

Qaynarinfo-nun xəbərinə görə, layihənin hədəfi Azərbaycan dilini yüksək dəqiqliklə ifadə edə bilən bir modelin təkmilləşdirilməsi və bunun müvafiq sahələrdə tətbiq olunmasıdır. Layihə rəhbəri Toğrul Səməd və süni intellekt üzrə baş mühəndis isə Fərid Həziyevdir.

Layihə müəllifləri deyir ki, hal-hazırda @ImlaYazBot vasitəsilə səslər və fayllar mətn formatına 85% dəqiqliklə çevrilə bilir:

"Bizim hədəfimiz isə dəqiqlik dərəcəsini 95%-dən çox artırmaqdır. İstifadəçilərin xidmətlərimizdən maksimum faydalana bilməsi üçün onu bir neçə formatda təklif etməyi planlaşdırmışıq. Bu xidmətlərə Chrome addon və mobil tətbiq də daxildir. Xidmətlər istifadəçilərə tamamilə ödənişsiz qaydada təklif olunacaqdır. Bizneslər isə API üzərindən xidmətlərdən faydalana biləcəklər.

Sistemin nitqi düzgün tanıya bilməsi üçün dilimizdəki hər bir söz və söz birləşmələrini süni intellektə öyrədirik. Belə ki, iyul ayında "Süni intellektə dilimizi öyrətməyə sən də dəstək ol!” şüarı ilə müsabiqə təşkil etmişdik. Məqsədimiz həm Imla lahiyəsi barəsində insanları maarifləndirmək və bu yolda bizə dəstək olmağa çağırmaq həm də əzmkarlıq ruhunu ortaya çıxararaq bizimlə olan bu səyahəti daha əyləncəli etmək idi.

Müsabiqə Telegramda yaradılmış @ImlaOxuBot vasitəsilə həyata keçirilmişdir və 16 yaşdan böyük hər kəsin müsabiqədə iştirak etmə haqqı var idi. İştirakçı ona yönləndirilmiş söz və ya cümlələri səsləndirərək müsabiqədə iştirak etmiş sayılırdı. Lakin bu səslər qeyd olunmuş şərtlərə uyğun olduğu təqdirdə düzgün hesab olunur və iştirakçılar liderlər lövhəsində yüksəlməsinə səbəb olurdu".

Layihə müəlliflərinin sözlərinə görə, müsabiqə zamanı yarana biləcək problemləri nəzərə alaraq, müsabiqə şərtləri əvvəlcədən formalaşdırılmışdı və səslər qeyd olunan meyarlara uyğun gəldiyi təqdirdə düzgün qəbul edilirdi:

"Göndərilmiş səslər avtomatik olaraq sistem tərəfindən yoxlanışa göndərilirdi. Dəqiqliyin və şəffaflığın artırılması üçün yoxlanışdan uğurla keçə bilməyən səslər isə yenidən yoxlanılırdı. İştirakçılar imla.az saytı vasitəsilə müsabiqənin ümumi statistikasını və şəxsi statistikasını izləyə bilirdi.


 
İlk müsabiqə 25 iyun - 25 iyul tarixlərində həyata keçirilmişdir. Nəticədə 1 663 nəfər iştirakçı qeydiyyatdan keçmiş, 1 553 saatlıq səs qeydi və 69,3 milyondan çox simvol sayı əldə olunmuşdur. Müsabiqə bitdikdən sonra ilk onluqda yer alan şəxslər müvafiq hədiyyələr ilə mükafatlandırılmışdır. Birinci yeri tutan Nurlan Cəfər İphone 11, digər qaliblər isə Nafantano oyuncağı qazanmışdır".

Onlar ilkin təcrübədə qarşılaşdığı problemləri necə həll etdi?

Müəlliflər deyir ki, müsabiqənin başlaması insanlar tərəfindən marağın artmasına səbəb olub. Lakin Imla komandası bu böyüyən marağın qarşısında bir sıra problemlərlə rastlaşmışdır:

"Əsas çətinlik imla.az saytına və Telegram şəbəkəsində @ImlaOxuBot - a artan ziyarət nəticəsində sistemdə gecikmələrin və xətaların baş verməsi idi. Amma mövcud xətalar qısa zaman ərzində proqramçı komandamız tərəfindən aradan qaldırıldı.

Növbəti hədəfimiz isə şəffaflığın artırılması və istifadəçilərin şikayətlərini aradan qaldırmaq idi. Müsabiqə şərtlərindən ən vacibi bir istifadəçi adının yalnız bir iştirakçı tərəfindən istifadə olunması idi. Lakin yoxlama zamanı ilk onluğa daxil olmuş işttirakçıların bir neçə istifadəçi adından səs qeydləri qəbul edilmişdir. Bu şəxslər müsabiqənin şərtlərinə riayət etmədikləri üçün müsabiqədən kənarlaşdırılmışdır.

Digər bir mühüm amil isə iştirakçıların müsabiqədə iştirak motivasiyası idi. Müsabiqədə ilkin olaraq yalnız birinci yeri tutan şəxs üçün İphone 11 telefonu nəzərdə tutulmuşdu. İştirakçılardan gələn rəylərdən məlum oldu ki, yalnız bir mükafatın olması onları ruhdan salır və müsabiqəyə davam etmək üçün motivasiyaları olmur. İştirakçıların ruhlandırılması üçün mükafat sayı ona qədər artırılmışdı.

Müsabiqə bitdikdən sonra isə sistem tərəfindən ikinci bir yoxlanış daha keçirildi və ilk onluqda yer alan şəxslərlə əlaqə saxlanıldı".
 


Gələcək plan

"Bir ay müddətindən davam edən müsabiqə bitdikdən sonra belə bir nəticəyə gəldik ki, müsabiqənin bir ay çəkməsi istifadəçiləri yorur və ruh düşkünlüyünə gətirib çıxarır. Bunun üçün də növbəti dəfədən gündəlik müsabiqələrin təşkil olunmasına hazırlaşırıq", - müəlliflər deyirlər. Onlar bildirirlər ki, gündəlik müsabiqələrdə ilk onluqda yer almış şəxslər pul mükafatına layiq görüləcəklər. Daha sonrakı müsabiqələrdə isə mükafaların sayı artırılacaq və ilk yüzlükdə yer almış hər kəsə müvafiq hədiyyələr təqdim ediləcək.

www.ann.az

Tərəfdaşların xəbərləri

Xəbər lenti