Azərbaycan böyük həcmdə şəkər ixrac edən ölkəyə çevrilə bilər: geniş imkanlar var

Azərbaycan böyük həcmdə şəkər ixrac edən ölkəyə çevrilə bilər: geniş imkanlar var
Son illər ərzində respublikamızda həyata keçirilən iqtisadi siyasət ciddi nəticə verməkdədir. Dövlət proqramlarının, fərman və sərəncamların yüksək səviyyədə icrası ölkəmizin ixrac potensialını da artırıb. Bu potensialdan doğru və səmərəli istifadə etməklə ölkə iqtisadiyyatına böyük pullar qazandırmaq mümkündür. Dövlətin sahibkarlara verdiyi dəstək qeyri-neft sektorunun inkişafına ciddi təkan verir. Bu sahələrdən biri də şəkər istehsalıdır. 
 
Azərbaycanda şəkər istehsalının 2017-ci ildə kəskin azalmasından sonra bu sahədə ilk əhəmiyyətli irəliləyiş bu il qeydə alınıb. Belə ki, ötən ilin yanvar-oktyabr ayları ilə müqayisədə cari ilin ilk 10 ayında qənd və şəkər tozu istehsalı 51,2 faiz artıb.

Dövlət Statistika Komitəsinin məlumatına görə, 2019-cu ilin 9 ayında ölkəmiz 53,4 min ton şəkər ixrac edib. Nəzərə alsaq ki, 2018-ci ilin 12 ayı ərzində şəkər ixracı 44 ton olub o zaman cari ilin sonunadək ixracda artımın daha çox olacağını proqnozlaşdırmaq mümkündür.  

Ölkədə şəkər tozu istehsalçısı "Azərsun Holdinq”dir. Holdinqin 2006-cı ildə istifadəyə verdiyi İmişli Şəkər Zavodunun illik gücü 300-350 min ton civarındadır. Əvvəlki illərin rəsmi statistikası və zavodun istehsal gücünün müqayisəsini apararaq qeyd etmək olar ki, İmişli Şəkər Zavodu iki il öncə yarı gücü ilə işləyirdi. Zavod yetərli səviyyədə məhsul istehsal edə bilmirdi. 2017-ci ilin yanvar-oktyabr aylarında 190,8 min ton qənd və şəkər tozu istehsal edilib ki, bu da 2016-cı ilin 10 ayı ilə müqayisədə 46,5% az idi. Qeyd edilən dövrdə Azərbaycanda 356,6 min ton qənd və şəkər tozu istehsal edilib.
 


"Azersun Holdinq”in rəhbərliyi də mətbuata açıqlamasında bu azalmanı etiraf edərək yeni, müasir texnologiyalar tətbiq etməklə İmişli Şəkər Zavodunda məhsuldarlığı artıracaqlarını və zavodu ilk öncə mənfəətə çıxaracaqlarını söyləmişdi. Görünən odur ki, zavod qarşıya qoyulan hədəflərə çatmağa nail olub. 2019-cu ilin 9 ayı ərzində "Azərsun Holdinq” zavodun istehsal gücünü əhəmiyyətli dərəcədə artıraraq nəticədə həm daxili tələbatı ödəyib, həm də məhsullarını ixrac etməyə başlayıb. Zavod qonşu postsovet ölkələrinə (Gürcüstan, Mərkəzi Asiya) şəkər ixracını təxminən 50% artırıb.   
 
Qeyd edək ki, İmişli Şəkər Zavodu tam gücü ilə işləyərsə, regionda bazar payını daha da artıra biləcək. Azərbaycan iki il əvvəl xarici ölkələrdən şəkər alan dövlət idi. Hazırda isə ölkəmiz şəkər satan dövlətə çevrilib. Bəs ixrac imkanlarını daha da genişləndirmək üçün hansı tədbirlərin reallaşdırılmasına ehtiyac var?

Kənd təsərrüfatı üzrə ekspert Nicat Nəsirli Qaynarinfo-ya açıqlamasında bildirdi ki, 2010-cu ildən bəri emal müəssisəsi qurulduğuna görə şəkər çuğunduru əkilən sahələr də artmaqdadır: "Hazırda 8500 hektarda şəkər çuğunduru əkilir. Əsasən aran rayonlarında əkilir şəkər çuğunduru. Buna səbəb də odur ki, emal müəssisəsi İmişlidə yerləşir. Ümumilikdə biz məhsuldarlığın da illər üzrə artdığını görürük. Bilirsiniz ki, şəkər çuğunduru əkilən sahələrin sürətlə artmasının birinci səbəbi emal müəssisəsinin olmasıdır, ikinci səbəbi isə bu müəssisə tərəfindən fermerlərə kreditlərin verilməsidir. Bu kreditlər material şəklində, yəni toxum, gübrə, digər aqrotexniki tədbirlər kimi verilir və sonda məhsul təqdim ediləndə hesablanaraq həcmdən çıxılır. Şəkər çuğunduru ümumiyyətlə çox vacib bitkidir. Cərgəli əkilən bitkidir və bu da torpağın münbitləşməsinə şərait yaradır. Şəkər çuğunduru istehsalında bizim hazırkı məhsuldarlığımız hektardan 35-40 ton civarındadır. Məhsul emal müəssisəsi tərəfindən qəbul olunur və müşahidə olunan odur ki, şəkər çuğundurunun artması ilə əlaqədar olaraq yan sahələrdə də artım müşahidə edilir. Bu bitki yığıldıqda onun yaşıl hissəsi, eyni zamanda emaldan sonra cecə hissəsi heyvandarlara satılır. Cecə sulu-şirəli yem hazırlanmasında istifadə edilir. Hansı ki, südlük maldarlıqda çox faydalı yem hesab edilir”.

Ekspertin sözlərinə görə, şəkərin son illər dünya bazarında qiyməti də sabitləşib: "Qlobal iqlim dəyişikliyi ilə əlaqəli olaraq Cənubi Amerika ölkələrində şəkər qamışının əkini azalır, əsas güc yönəlir şəkər çuğundurunun üzərinə. Hazırda bizim yerləşdiyimiz bölgələrdə, Orta Asiya Respublikalarında şəkərin ixracı üçün geniş imkanlar var. Qonşu Gürcüstan bizdən kifayət qədər xam şəkər alır. Amma yaxşı olar ki, şəkər sənayesi daha da genişləndirilsin. Biz şəkəri xam şəkildə satırıq, amma emal olunmuş şəkər məhsulları da alırıq xeyli. Şokoladlar, konfetlər, eyni zamanda qida sənayesi üçün lazım olan xammal: qlükoza, fruktoza və digər məhsulları alırıq. Əgər emal sənayesi genişləndirilsə, biz bu idxalın qarşısını ala bilsək, heç şübhəsiz ki, Azərbaycan böyük şəkər ixracatçısına çevrilə bilər. Bunun üçün böyük bir potensial var”.

İqtisadçı ekspert Nazim Bəydəmirlinin sözlərinə görə, İmişli Şəkər Zavodunun istehsal gücü Azərbaycanı şəkərlə tam təmin edəcək səviyyədə olsa da, zavod təqribən bu gücün 25 faizini istifadə edir: "Azərbaycanda adambaşına şəkər istehlakı 32 kiloqramdır. Bunu da 10 milyon üçün hesablayanda 320 min ton şəkər istehlakı deməkdir. Nəzərə alsaq ki, azərbaycanlılar şəkəri normadan artıq istehlak edirlər, faktiki istehlak daha artıq olmalıdır. Məlumat var ki, yeni bir şəkər zavodunun Yevlaxda tikilib istifadəyə verilməsi planlaşdırılır. Mən hesab edirəm ki, kənd təsərrüfatı məhsullarının istehsalına yönəlik, yəni daxildə hansı xammalla yerli istehsalı təmin etmək olar, o sahədə istehsalı genişləndirmək haqda düşünmək lazımdır. Ən keyfiyyətli şəkər şəkər çuğundurundan alınır. Hələ ki, ölkəmizdə şəkər çuğundurunun əkilməsilə bağlı statistika potensialla müqayisədə aşağıdır, bu sahədə tədbirlər reallaşdırılmalıdır”. 

Mənbə: Qaynarinfo.az

www.ann.az

Xəbər lenti