“Azad Zona BTQ-nin potensialını əhəmiyyətli dərəcədə artıracaq”

“Azad Zona BTQ-nin potensialını əhəmiyyətli dərəcədə artıracaq”
Şərqlə Qərbi, habelə Şimalla Cənubu birləşdirən əsas nəqliyyat dəhlizlərinin yolu üzərində yerləşməsi Azərbaycanın Avrasiyanın regional mərkəzinə çevrilməsinə zəmin yaradır. Bu potensialın real dividendlərə çevrilməsi istiqamətində bir sıra əməli addımlar atılır. Belə ki, modern nəqliyyat infrastrukturu yaradılır, tranzit inkanları genişləndirilir və tranzit potensialı artırılır. Bu istiqamətdə görülən tədbirlər sırasında Ələt qəsəbəsində yaradılması nəzərədə tutulan Ələt azad iqtisadi zonası (Azad Zona) da var.

Ümumiyyətlə, Azad Zonanın yaradılması dəmir yolu ilə yükdaşımaların həcminə necə təsir edəcək?

Bu barədə açıqlama verən nəqliyyat üzrə ekspert Rauf Ağamirzəyev bildirib ki, Ələt azad iqtisadi zonası dəmir yolu ilə yükdaşımalarının həcminin artmasına güclü impuls verəcək.

Onun sözlərinə görə, Azad Zona çoxşaxəli nəqliyyat infrastrukturunun yaradılmasını stimullaşdırmaqla Azərbaycanın təchizat, logistika və nəqliyyat mərkəzi kimi mövqeyini möhkəmləndirəcək: "Azad Zonanın yaradılması üçün Ələtin seçilməsi heç də təsadüfi deyil. Həmin qəsəbə ölkə ərazisindən keçən avtomobil, dəmir və su yollarının kəsişməsində yerləşir. Bu faktorlar həmin təsisatın ölkəyə daxil olan və ölkədən çıxan, habelə tranzit yüklərinin aşırılmasında beynəlxalq nəqliyyat qovşağına çevrilməsi üçün böyük imkanlar vəd edir”.

"Bildiyimiz kimi ölkə başçısının müvafiq fərmanına əsasən, "Bakı Beynəlxalq Dəniz Ticarət Limanı” QSC ayrılmış ərazinin Ələt azad iqtisadi zonasının ərazisinə daxil edilməsi nəzərdə tutulur. Şərq-Qərb və Şimal-Cənub nəqliyyat dəhlizlərinin qovşağında yerləşən adı çəkilən liman bu gün ölkənin tranzit imkanlarının genişləndirilməsində həlledici rola malikdir. Azad Zona bu kompleksin iqtisadi əhəmiyyətini xeyli artıracaqdır”, - o bildirib.



Ekspert vurğulayıb ki, belə bir iqtisadi zonanın yaradılmasının əsas üstünlüyü ondan ibarətdir ki, ölkənin tranzit imkanları genişlənəcək və Azərbaycana daha çox yükdaşımalar təmin olunacaq: "Bu zaman Bakı-Tbilisi-Qars (BTQ) dəmir yolu xəttinin potensialından maksimum istifadə üçün yeni imkanlar yaranacaq. Belə ki, Şərqdən Qərbə daşınan yüklər bərələr və fider gəmilərlə yeni Bakı limanına çatdırılacaq və buradan BTQ vasitəsi ilə Avropaya nəql ediləcək. Yük axınlarının artması dəmir yolu infrastrukturunun yüklənməsini xeyli artıracaq. Bu mənada intensiv və sürətli hərəkətin davamlılığının qorunması üçün dəmir yol şəbəkəsinə əlavə investisiyaların həyata keçirilməsi zəruridir”.

www.ann.az

Tərəfdaşların xəbərləri

Xəbər lenti