Aydan Salahova atasının ölüm səbəbini açıqladı

Aydan Salahova atasının ölüm səbəbini açıqladı
"Atamın ölümünün səbəbi ağciyər iltihabı idi. Berlinə müayinə üçün gəlmişdi. Hər şey yaxşı idi. Sonra gözlənilmədən ağciyər iltihabı diaqnozu qoydular. Səbəbi məlum deyil, çünki bütün göstəricilər yaxşı idi. O, koronavirusdan hələ dekabrda sağalmışdı, anticisimləri var idi”.

Bu barədə "Report"un Rusiya bürosuna Tahir Salahovun qızı Aydan Salahova bildirib.

O, İtaliyadan gəldikdən sonra atası ilə danışdığını deyib: "Mən onunla danışmağı bacardım. Dünən isə o, sonda heç nə demədən bizi tərk etdi”.

A.Salahova qeyd edib ki, hazırda sənədləşmə və dəfn məsələsi həll olunur, bununla Azərbaycan səfirliyi məşğuldur.

Görkəmli Azərbaycan rəssamı Tahir Salahov ömrünün 92-ci ilində Almaniyada klinikada vəfat edib.

Qeyd edək ki, professor Tahir Salahov 1928-ci il noyabrın 29-da Bakı şəhərində anadan olub. O, 1945-ci ildə Bakı şəhərində orta məktəbi bitirib. 1950-ci ildə Əzim Əzimzadə adına Bakı Rəssamlıq Məktəbini bitirdikdən sonra V.İ.Muxina adına Leninqrad ali rəssamlıq sənaye məktəbinə daxil olub. 1951-ci ildə V.İ.Surikov adına Moskva Dövlət Rəssamlıq (İncəsənət) İnstitutuna daxil olub.

Azərbaycan Ensiklopediyasının redaksiya heyətinin üzvüdür. Moskvada isə Rusiya Federal Məclisi Federasiya Şurasının sədri yanında Mədəniyyət Şurasının üzvü seçilib.

T.Salahov Bakıda yaşadığı dövrdə Azərbaycan Rəssamlar İttifaqının sədri, Respublika Ali Sovetinin deputatı, 1973-cü ildə SSRİ Rəssamlar İttifaqının birinci katibi, 1997-ci ildə isə Rusiya Rəssamlıq Akademiyasının vitse-prezidenti seçilib.

Rusiyanın və MDB-nin bir çox ölkələrinin rəssamlıq akademiyalarının, Madriddəki San-Fernando Kral İncəsənət Akademiyasının və Fransa Zərif Sənətlər Akademiyasının müxbir üzvü olan rəssam realist janrının nümayəndəsidir. Onun əl işləri hazırda da yüksək titullara layiq görülərək yalnız Azərbaycanda deyil, onun hüdudlarından kənarda da dünya muzeyləri və qalereyalarında nümayiş etdirilir.

www.ann.az

Tərəfdaşların xəbərləri

Xəbər lenti