Asim Mollazadə : "Qoşulmama hərəkatına sədrlik Azərbaycan üçün çox gözəl imkandır"

Asim Mollazadə :
Hələ ötən ilin martında Azərbaycan Xarici İşlər Nazirliyi 2019-2022-ci illər ərzində Azərbaycan Qoşulmama hərəkatına sədrlik edəcəyini açıqlamışdı. Yəni, qarşıdakı üç il müddətində Azərbaycan adıçəkilən təşkilatda əsas söz sahibi olacaq. 

Bundan başqa, 2019-cu ildə Azərbaycan Qoşulmama hərəkatının XVIII Zirvə toplantısına ev sahibliyi edəcək. Ekspertlər hesab edir ki, Qoşulmama Hərəkatının 2019-cu ildə Bakıda keçiriləcək 18-ci Sammitinin həm də böyük rəmzi mənası vardır. Belə ki, Avropa qitəsi 1989-cu il Belqrad Sammitindən 30 il sonra Qoşulmama Hərəkatında iştirak edən ölkələrin dövlət və hökumət başçılarının görüşünə yenidən ev sahibliyi imkanı qazanacaq. Bu gün Avropa qitəsində cərəyan edən proseslər Qoşulmama Hərəkatının prinsip, məqsəd və məramlarının Avropada da təşviq edilməsinin vacibliyini gündəmə gətirir.

Ekspertlərin təhlilləri göstərir ki, Azərbaycan Qoşulmama Hərəkatının ruhuna və prinsiplərinə sadiqdir. Belə ki, ölkəmiz bütün dövlətlərlə əməkdaşlıq münasibətlərini inkişaf etdirməyə yönəlmiş xarici siyasət kursu və heç bir hərbi bloka qoşulmadan tarazlı siyasət həyata keçirir. Bu səbəbdən, ölkəmiz müşahidəçi statusuna malik olduğu Qoşulmama Hərəkatına 2011-ci ildə tam hüquqlu üzv olmaq qərarını alıb. Üstəlik, ölkəmiz 2019-2022-ci illərdə Qoşulmama Hərəkatına sədrlik etməklə Qoşulmama Hərəkatının məqsəd və məramlarının təşviq olunmasına, beynəlxalq sülh və təhlükəsizliyin və əməkdaşlığın güclənməsinə öz əsaslı töhfəsini verəcək.

Bəs adıçəkilən hərəkata sədrlik qarşıdakı üç il ərzində Azərbaycana nə verəcək?

Azərbaycan Demokratik İslahatlar Partiyasının (ADİP) sədri, millət vəkili Asim Mollazadə hafta.az-a açıqlamasında bildirib ki, bu Azərbaycan üçün çox gözəl imkandır: "Həmin platformadan istifadə edərək Azərbaycana qarşı aparılan informasiya müharibəsi barəsində dünyanın bir sıra ölkələrini kifayət qədər məlumatlandırmaq olar. Bu nüfuzlu təşkilatın imkanlarından istifadə edərək ölkəmizə qarşı yönəlmiş cəbhə bölgəsindəki problemlərlə bağlı, eləcə də informasiya müharibəsi barəsində beynəlxalq ictimaiyyəti məlumatlandırmaq mümkündür. Ümidvaram ki, Azərbaycan bu fürsətdən istifadə edərək öz aktiv diplomatiyasını həyata keçirəcək. Qoşulmama hərəkatının nüfuzu barədə onu demək olar ki, ən azından bu təşkilta bir sıra ölkələr daxildir. Azərbaycan bu təşkilata sədrliyi həyata keçirərək daha geniş imkanlara malik olacaq”. 

Qeyd edək ki, Qoşulmama Hərəkatında 120 dövlət iştirak edir. 17 dövlət və 10 beynəlxalq təşkilat Qoşulmama hərəkatı yanında müşahidəçi statusuna malikdir.

www.ann.az

Xəbər lenti