ARDNF-ə bu il 2,2 mlrd. dollardan çox vəsait daxil olub

ARDNF-ə bu il 2,2 mlrd. dollardan çox vəsait daxil olub
Bu ilin yanvar-mart ayları üzrə neft və qazın satışı ilə bağlı Azərbaycan Respublikası Dövlət Neft Fonduna (ARDNF) ümumilikdə 2 219 mln. ABŞ dolları daxil olub.

ARDNF-dən Ann.az-a verilən məlumata görə, ümumi daxilolmalarda 1 763 mln. dolları mənfəət nefti və qazının satışının payına düşüb.

Məlumata əsasən, bu ilin birinci rübündə neftin xalis orta qiyməti 59 ABŞ dolları təşkil edib.

Bununla yanaşı, həmin dövr üzrə ARDNF-in xərcləri 2 763 mln. ABŞ dolları (4 697 mln. manat) təşkil edib.

"Xərclərin cari ilin birinci rübündə çox olması həmin dövr ərzində valyuta bazarında tələbin əvvəlki dövrlərə nisbətən daha çox olmasından istifadə edilərək dövlət büdcəsinə transfertlərin daha tez yerinə yetirilməsi ilə izah oluna bilər. Lakin qeyd etmək istərdik ki, ARDNF-in 2020-ci il üzrə büdcə xərclərinin büdcədə təsdiq olunan səviyyədə icra olunacağı proqnozlaşdırılır və bu çərçivədə də təxminən 4 mlrd. dollar həcmində vəsaitin hərraclar vasitəsilə satışa çıxarılacağı gözlənilir", - məlumatda qeyd edilir.

ARDNF 2020-ci il üzrə büdcəsi təsdiq edilərkən büdcədə xam neftin bir barel üzrə qiyməti 55 ABŞ dolları səviyyəsində götürülmüş və buna uyğun olaraq ARDNF-in gəlirləri 12 384,1 mln. manat (7 284,8 mln. dollar) və xərcləri 11 589,9 mln. manat (6 817,6 mln. dollar) səviyyəsində proqnozlaşdırılmışdır.


www.ann.az

Tərəfdaşların xəbərləri

Xəbər lenti