Ammonium nitrata alternativ: "Karbamid daha təhlükəsizdir" - Ekspert

Ammonium nitrata alternativ:
Ötən gün Beyrutda baş vermiş partlayış hadisəsinin ehtimal olunan səbəblərindən biri də məhz limanın anbarlarında saxlanılan 2750 ton ammonium nitrat olub. 

Azərbaycanın kənd təsərrüfatında da ammonium nitratdan geniş istifadə olunur. Bəs bu gübrə növü hansı təhlükəni daşıyır?

Məsələ ilə bağlı "MediaPost”un sualını cavablandıran AMEA-nın müxbir üzvü, kimya elmləri doktoru  Məhəmməd Babanlı bildirib ki, yüksək temperaturlarda ammonium nitrat çox təhlükəlidir:

"Yüksək temperaturlarda ammonium nitrat partlayışa səbəb olur və olduqca təhlükəlidir. Ammonium nitratdan istifadə edərkən təhlükəsizlik qaydalarına mütləq şəkildə əməl edilməlidir".

Ekspert Azərbaycanın kənd təsərrüfatında daha çox ammonium nitratdan istifadə olunduğuna diqqət çəkib:

"Azərbaycan kənd təsərrüfatında hazırda daha çox ammonium nitrata üstünlük verilməsinin səbəbi ənənəvi olaraq daha geniş istehsal olunması və daha kütləvi gübrə olmasıdır. Lakin nitratlar müxtəlif bitkilərin tərkibində toplananda olduqca zərərli olur. Əgər istehlak olunan meyvə və tərəvəzlərin becərilməsində gübrə kimi nitratlar istifadə olunubsa, bunun insan orqanizminə mənfi təsiri də çoxdur. Həmçinin bu gübrədən istifadə ekoloji baxımdan daha zərərlidir”. 

Kimya elmləri doktoru bildirir ki, ammonium nitrata alternativ olan karbamid daha az təhlükəlidir: "Karbamid ammonium nitratla müqayisədə daha əlverişlidir. Karbamid bitkilər tətəfindən mənimsənilməsinə və tərkibində azotun miqdarına görə, daha yaxşı gübrə hesab olunur. Həmçinin bu gübrə daha müasir və keyfiyyətlidir. SOCAR karbamid zavodu tərəfindən də hazırda bu gübrə növü istehsal olunur və satışa çıxarılır”. 

M. Babalı istənilən kimyəvi maddənin yüksək temperaturda təhlükəli olduğunu bildirsə də, ammonium nitratın daha çox təhlükə yaratdığını bildirib.

www.ann.az

Tərəfdaşların xəbərləri

Xəbər lenti