Almaniya 61 nəfər Azərbaycan vətəndaşını deportasiya etdi

Almaniya 61 nəfər Azərbaycan vətəndaşını deportasiya etdi
2019-cu il noyabrın 14-də Almaniyadan Azərbaycana çarter reysi ilə 61 nəfər Azərbaycan vətəndaşının readmissiyası (geri qaytarılması) həyata keçirilib. 

Ann.az xəbər verir ki, bu barədə Azərbaycan Dövlət Miqrasiya Xidmətinin noyabrın 15-də yaydığı məlumatda bildirilir.

Bu "Azərbaycan Respublikası ilə Avropa İttifaqı arasında icazəsiz yaşayan şəxslərin readmissiyası haqqında” sazişin icrası çərçivəsində baş tutub.
"Onlardan 22 nəfəri kişi, 18 nəfəri qadın, 21 nəfəri uşaq olub. Readmissiya olunan Azərbaycan vətəndaşları Dövlət Miqrasiya Xidmətinin əməkdaşları tərəfindən qarşılanıb”, - məlumatda qeyd edilib.

Ölkəyə qaytarılan şəxslərin adları hələlik açıqlanmır. Amma sosial şəbəkələrdə Azərbaycana geri qaytarılan şəxslərin sayının 140 nəfərdən çox olduğu qeyd edilir.

Xatırladaq ki, "Azərbaycan Respublikası ilə Avropa İttifaqı arasında icazəsiz yaşayan şəxslərin readmissiyası haqqında” saziş 2014-cü il fevralın 28-də Brüsseldə imzalanıb. 2014-cü il sentyabrın 1-də qüvvəyə minib.

Xarici İşlər Nazirliyinin (XİN) mətbuat katibi Leyla Abdullayeva da məsələylə bağlı açıqlama verib. O, Almaniyada Azərbaycan vətəndaşlarının sənədlərinin saxtalaşdırılması və qanunsuz miqrasiyada şübhəli bilinərək saxlanmaları barədə məlumatlı olduqlarını deyib. 

"Özlərini "siyasi mühacir” kimi qələmə verən bu şəxslərin belə bir fəaliyyətdə şübhəli bilinərək saxlanmalarına təəssüf edirik. Azərbaycan və Almaniya hüquq-mühafizə orqanları arasında əməkdaşlıq mövcuddur. Almaniya tərəfindən müraciət olduğu təqdirdə bu məsələ müvafiq qaydada nəzərdən keçirilə bilər”, - Leyla Abdullayeva qeyd edib.

Xəbər lenti