Afaq Bəşirqızı: “Atam xasiyyətcə feodal olduğundan...”

Afaq Bəşirqızı: “Atam xasiyyətcə feodal olduğundan...”
Afaq Bəşirqızı "İs(i)min halları” layihəsində

Tanıyanlar deyir ki, atamla xasiyyətlərimiz eynidir. Əyilməyi, yaltaqlanmağı, işinin xatirinə kiminsə üzünə gülməyi nə o sevirdi, nə də mən. O, doyunca ata məhəbbətinə, mən isə hər iki valideynimin nəvazişinə həsrət böyümüşük. 

Atamın ailəsi ilə birlikdə yaşadığım illərdə məktəbimizdə Cəfər Cabbarlının "Almaz” pyesini səhnələşdirmişdik. Mən tamaşada "Şəhrəbanu” obrazını oynayırdım. Demə, analığım da bu haqda atama xəbər vermişdi. O da durub tələsik məktəbə gəlmişdi. Amma xasiyyətcə feodal olduğundan mənə teatr və aktyorluq nöqteyi-nəzərindən baxmağa gəlməmişdi. Yəqin ki, ömrü vəfa etsəydi, heç vaxt aktrisa olmağıma icazə verməzdi.

1969-cu ilin fevral ayında möhkəm qar yağmışdı. Səhər tezdən yuxudan duranda gördük ki, atam yatağında yoxdur. Həyətə düşüb onu axtarmağa başladıq. Təlaşımızı görən xadimə qadın dedi ki, Bəşir müəllim üzü Fəxri Xiyabana doğru yönəldi. Fəxri Xiyaban da evimizlə üzbəüz idi. Qaça-qaça həyətdən çıxıb xadimənin nişan verdiyi səmtə getdim. Mən atamı sonralar basdırılacağı yerdə tapdım. Qeyri-ixtiyari son məzarı olacaq torpağın üzərində dayanmışdı. Baxışları qeyri-müəyyən nöqtəyə zillənmişdi. Üzümə baxıb kədərli-kədərli dedi: – Afaq, qızım, mən də bu gün-sabah buraya gələcəm…

Doğrusunu desəm, mən öləndən sonra atamın olduğunu hiss etdim.

Mən Eynşteynə nifrət edirəm. Bir də Orxan Pamuka.

Mən Molla İbrahim Xəlili – kimyagər obrazını Eynşteynə nifrətimdən yaratmışam. 

Mən tamaşaçının dalınca gedə bilmərəm.

Mən vaxtında "sel”in gəlməsini duymuşam. Ona görə də evimi elə bir yerdə qurmuşam ki, onu hər hansı bir "sel”, "daşqın” uçurda bilməz. 

Mən heç vaxt kasıblıqdan şikayət etməmişəm. Mən kasıb o adama deyərəm ki, hansısa evə görə, ada görə mənliyini sındırıb ayaqlar altına atsın. 

YİYƏLİK

Mənim fikrimcə, ən ağır xəstəlik o qədər bədbəxtlik gətirmir, nəinki adamın özünü, öz nöqsanını görə bilməməsi. 

Mənim zala baxmağımı tamaşaçı heç vaxt hiss edə bilməz. Bunu tamaşaçıya hiss etdirmirəm, amma tamaşaçının hansı ruhda olmağını bilirəm.

"Söylü” mənim xarakterimin heç bir cizgisinə uyğun gəlmir. 

Bu dəqiqə insanlarda o qədər pessimizm var ki, mənim pessimist olmağa haqqım yoxdur. 

Hər dəfə "Oskar” və digər hər hansı mükafatlar veriləndə mənim burnumun ucu göynəyir. 

Mənim karvanım gedir, mən hər səsə dönə bilmərəm.

YÖNLÜK

Atam dünyadan elə tez getdi ki, onunla doyunca bir yerdə yaşamaq mənə qismət olmadı. Mənə görə ən böyük bədbəxtlik sonrakı peşmanlıqdır. 

TƏSİRLİK

Atam heç məni çox istədiyini hiss etdirməzdi. Amma əlinin üstünə adımı döydürmüşdü. 
8 milyonluq xalqın içərisində ola bilər ki, milyon yarımı Afaq Bəşirqızını sevməsin. Buna görə də mən, məni sevənlərə hörmətsizlik edib, yüngül şeylərin ardınca gedən deyiləm. 

YERLİK

Məndə bu fikir var ki, tamaşaçı da özünün aktyor tərəfindən sevildiyini hiss edəndə sevinir.

Gəldiyim qənaətlərdən məndə belə bir fikir var ki, həyat onu olduğu kimi görənləri, olduğu kimi qəbul edənləri sevmir.


ÇIXIŞLIQ   

Məndən soruşsanız, deyərəm ki, Eynşteynin ixtirası bəşəri bir bəladır. 

"Bəxt üzüyü”nü çəkənə qədər məndən nə çəkdiklərini Allah bilir. Çəkilməyə razılıq verdim, sonra kinonu yarımçıq qoymaq istəyirdim.  

"Söylü”nü Vaqif Səmədoğlu yaradıb. "Söylü”nün adını Vaqif fikirləşib və deyib ki, Afaq onu dünyaya gətirəcək. Məndən də yaratmaq qaldı. 

Bu 55 yaşımda bircə dəfə səhv iş görmüşəm. O da vaxtilə Mehriban Ələkbərzadənin "Persona” verilişində bilmirəm nədənsə uşaqlığımda keçirdiyim həyatımdan, hisslərimdən danışmağımdır. O söhbətdən 5 il keçəndən sonra elə hey o barədə məndən soruşurdular. O vaxtdan bu qənaətə gəldim ki, sənətkar iç dünyasını kiminsə qarşısında açmamalıdır.   

TƏNHALIQ   

Atam dünyadan elə tez getdi ki, onunla doyunca bir yerdə yaşamaq mənə qismət olmadı. Həyatın keşməkeşlərini və iztirablarını isə 14 yaşımda ikən duydum. Atamla birlikdə həyatımın cəmi 922 gününü bərabər yaşamışam. Əslində, onunla yaxından tanışlığımın ömür tarixçəsi də elə bu qədərdir. Bilmirəm, buna təsadüfmü deyim, ya taleyin gərdişimi – ancaq doğulduğum günü valideynlərimdən məhrum olmuşam. Anam məni bu dünyaya bağışladığı an öz həyatını itirib. Mən də onun məhəbbətini və nəvazişini hiss etmədən ondan ayrılmışam. Bundan sonra məni anamın valideynləri saxlayıb böyüdüblər. Bu üzdən də atamdan uzaq düşmüşəm. Nənəmlə babamın əllərinin taqəti tükənib qocaldıqlarından mənim kimi azyaşlı uşağa baxmaq onlar üçün çətinləşmişdi. Buna görə də 12 yaşım olanda məni atamın himayəsinə vermişdilər... 

...14 illik ömrümün atamla keçən 922 günündə nə ona doyunca "ata” deyə, nə də üzünü görə bilmişdim. Bəlkə də, elə buna görədir ki, ona qarşı duyduğum ata yanğısı, ata həsrəti və ata məhəbbəti, 49 yaşım olmasına baxmayaraq, indiyədək də məni sakit buraxmır. Bax həmin yanğı və həsrət atamın xatirəsini bugünədək yaşatmaq üçün məni çarpışmağa sövq edir. Əslində, atamı təkcə mən xatırlatmıram, bunun üçün o özü sağlığında bünövrə qoyub gedib. Bəşir Səfəroğlunun adı gələndə indi də adamların dodaqları qaçır. Çox qəribədir, hətta özünü və tamaşalarını heç vaxt görməyən gənc nəsil belə atamın obrazlarına sakit baxa bilmir. Yaddaşlarda komik aktyor kimi qalmış Bəşir Səfəroğlu 1925-ci il martın 11-də Bakıda dünyaya gəlib. O, ali təhsil almamışdı. Heç tam orta təhsili də yox idi. Ancaq buna baxmayaraq, aktyorluq istedadı ona, sanki, Allah tərəfindən verilmişdi. Atam çox kasıb ailədə doğulub böyümüşdü. Teatra gəlişi isə təsadüfən olmuşdu. Həvəskar kimi o vaxtlar dəbdə olan aktyorluq dərnəklərində çıxışlar etsə də, atamın əsl peşəsi sürücülük idi. Ailələri elə böyük olmasa da, babamı vaxtsız itirdiklərindən evin qayğılarını nənəm çəkməli olmuşdu. O, Əli Bayramov adına tikiş fabrikində işləyər, aldığı cüzi maaşla dörd övladını – üç qızını və bir oğlunu böyüdərmiş. Atam ailənin yeganə oğul övladı olduğundan hamının istəklisiymiş. Bu yaxınlarda atamın doğulub boya-başa çatdığı evə getmişdim. Onun və ailəsinin bir zamanlar yaşadıqları evi görəndə ürəyim göynədi. Rəhmətlik bibim sağlığında bu haqda söhbət düşəndə deyərdi: – O qədər kasıb idik ki, evimizin heç vaxt taxta döşəməsi də olmamışdı. Döşəmə əvəzinə yerə qır döşəmişdik. Anamızın qazancı isə normal şərait yaratmaq üçün yetmirdi… 

Bəşir Səfəroğlu səhnədən milyonlarla insanı güldürsə də, həyatda çox ciddi və amiranə insan olub və heç vaxt haqqı nahaqa verməyib. Bəlkə də, elə buna görə 43 yaşında ikən həyatdan gedib... 

Kult.az

Tərəfdaşların xəbərləri

Xəbər lenti