"Açıq görünürdü ki, bu, hansısa qrupun, ya da qrupların təxribatıdır"

"İnsanlarımızın ordumuza dəstək, Dağlıq Qarabağı azad etmək ruhunun nümayişi olan dünən gecəki həmrəyliyi sözün ən mötəbər mənasında, qürurverici, qəlbləri riqqətə gətirən mənzərə idi".

"MediaPost” xəbər verir ki, bunu jurnalist, Azərbaycan Mətbuat Şurası İdarə Heyətinin üzvü Rəşad Məcid deyib.

Jurnalistin sözlərinə görə, bu görüntüləri möhtəşəm həmrəyliyin təzahürü kimi qiymətləndirir, orada təxribata cəhd edən qrupların olduğunu da istisna etmir:  

"Bu səmimi emosional ovqata kölgə salan məqamlar, sonda baş verən hadisələr böyük təəssüf doğurdu. Açıq görünürdü ki, bu, xalqın nümayiş etdirdiyi birliyi həzm edə bilməyən hansısa qrupun, ya da qrupların təxribatıdır. Səsləndirilən bəzi dini şüarlar da göstərirdi ki, bu törədilənlər hansısa dairələrin təsirində olan məhdud düşüncəli, pis niyyətli qrupların işidir və əksəriyyətin etirazına baxmayaraq, onlar öz əməllərini davam etdiriblər".

Jurnalist bildirib ki, ötən əsrin 80-ci illərinin sonlarındakı milyonluq mitinqlərdə də böyük həmrəylik nümayiş olunurdu: "O mitinqlər də insanların vahid amal - vətənimizin bütövlüyü və azadlığı, Qarabağ uğrunda birlik ovqatı ilə, həm də heç kimə, heç nəyə xətər yetirmədən, aksiya iştirakçılarının bir-birinə doğma münasibəti, səmimi ünsiyyəti şəraitində keçirdi. Dünən gecə baş verən hadisələri törədən təxribatçı qrupların kimliyi əslində, xüsusi xidmət orqanlarına indiyə qədər məlum olmalı idi. Olmayıbsa da, indi bu təhlükəli təmayülün daşıyıcılarının kimliyi aydınlaşdırılmalıdır və yəqin ki, bu məsələ araşdırılacaq. Dövlətimizi açıqda və gizlində istəməyənlər, gözü götürməyənlər çoxdur. Məlum düşmənlə savaşıb şəhidlər verdiyimiz günlərdə arxadan kürəyə bıçaq saplayırmış kimi xain əməllər törədənlər və onların dəstəkçiləri tapılıb ifşa olunmalıdır. Hətta radikal müxalifət liderinin də "Azərbaycan hökumətinin gözü arxada qalmasın, düşməni yerində oturtmaq üçün dövlətin bütün resursları səfərbər edilməlidir, bütün gücümüzlə dövlətimizin və ordumuzun yanındayıq” bəyanatı ilə çıxış etdiyi bir məqamda bu təxribatçı qrupların haradan təlimatlandırıldığını müəyyənləşdirmək, insanların enerjisini, fərqli düşüncəli adamları torpaqlarımızın azadlığı uğrunda mübarizəyə istiqamətləndirmək zamanıdır. Dövlətimizin, Ordumuzun yanında olmaq, dəstək vermək indi ən ali vətənpərvərlikdir".

www.ann.az

Tərəfdaşların xəbərləri

Xəbər lenti