Abuzər Əbilov ittihamlara cavab verdi: “Döyüş yolum Kosalardan başlayıb” (FOTOLAR)

Abuzər Əbilov ittihamlara cavab verdi: “Döyüş yolum Kosalardan başlayıb” (FOTOLAR)
"Mənim şəxsi fikrim var və öz fikrimi kimlərə görəsə dəyişmək niyyətində deyiləm. Əgər bu insanlar mənim kiməsə satıldığımı və ya xidmət etdiyimi deyirlərsə - buyursunlar, desinlər. Lakin onlar bilməlidir ki, xidmət ancaq Vətənə, xalqa və doğma torpağa ola bilər. Mən də bunlara xidmət edirəm. Sözsüz ki, bu insanlar da Vətənə xidmət ediblər, ancaq görünür ki, onların xidmətləri hansısa insana yarınmaq, maliyyə vəsaiti və vəzifə iddiası üçün olub”.

Bunu "Report”a açıqlamasında ehtiyatda olan bir sıra hərbçilərin özü haqqındakı ittihamları barəsində danışarkən ehtiyatda olan zabit, hərbi ekspert Abuzər Əbilov deyib.

O bildirib ki, oxşar böhtanlarla keçmişdə də tez-tez rastlaşıb. Yaratdığı "Legion Hərbi Vətənpərvərlik Klubu”nun fəaliyyəti haqqında da belə böhtanlar səsləndirilib: "Mənə vəzifə lazım deyil. Dövlətin ayırdığı təqaüd hesabına öz gündəlik ehtiyaclarımı ödəyirəm və heç kimin maddi köməyinə də ehtiyacım yoxdur. Bu insanlara demək istəyirəm ki, onların döyüşlərə qatılmayan və döyüşlərə qatılan vaxtlarından orduda xidmət etmişəm.



Döyüş yolum da 1992-ci ildə Şuşanın Kosalar kəndində başlayıb. Həmin kənd iki tərəfdən mühasirəyə alınmışdı və biz tez-tez Rusiyanın 366-cı motoatıcı alayının həmlələrinə məruz qalırdıq. Bu haqda mənim çoxlu yazılarım və bunları sübut edəcək dəlillərim var. Bu hadisələr haqqında həmin illərdə bizimlə olan Kosalar sakinləri də danışa bilərlər. Ona görə də mənim haqqımda "döyüşməyib” deyəndə anlamıram ki, bunlar "döyüşməni” hansı meyarla ölçürlər”.



A.Əbilovun fikrincə, bu məsələnin yenidən gündəmə gəlməsi məhz onun Silahlı Qüvvələrin Baş Qərargah rəisi general-polkovnik Nəcməddin Sadıkovun xidməti fəaliyyəti haqqında öz fikirlərini bildirməsidir:

"Mən bu insanların necə xidmət etdiklərini, hansı səbəbdən və nədən küsmələrini bilmirəm. Bu haqda heç nə deyə bilmərəm. Baxmayaraq ki, hazırda ordu sıralarında deyiləm, özümün ordu komandanlığı haqqında gördüyüm proseslər və agah olduğum məlumatım var. Mən bunları əlimdə bayraq tutub hərəkət edəcəm. Eyni ilə, sizin bildiyiniz faktlar varsa, yaxud dediyiniz faktlar ortadadırsa, buyurun, siz də öz yolunuzla gedin, mən də öz yolum ilə. Sizin işiniz o cürdür, mənim işim bu cür. Gedin hüquq-mühafizə orqanlarına müraciət edin, faktlarınızı ortaya qoyun, məhkəmə və digər instansiyalara çıxın və dediyiniz ittihamları təsdiq edin. Mən sizə heç bir maneə törətmirəm.



Əminəm ki, bu gün bu məsələnin yenidən gündəmə gəlməsi Silahlı Qüvvələrin Baş Qərargah rəisi general-polkovnik Nəcməddin Sadıkovun xidməti fəaliyyəti haqqında öz fikirlərimi bildirməyimdi. Buradan bir daha o insanlara deyirəm, Nəcməddin Sadıkov ilə keçmişdə bir neçə dəfə rastlaşmışam, o vaxtkı dövr üçün o insanın hərbçi peşəkarlığına, idarəçilik qabiliyyətinə həsəd aparmışam. Bu gün də o insana tam peşəkar hərbçi kimi baxıram. Bu haqda danışmışam, yenə də danışacam. Əgər onlar öz fikirlərində müstəqildirsə, sözsüz ki, o müstəqillik məndə də var.

Qarabağ döyüşlərinin son mərhələsi olan Horadiz qələbəsində Daxili İşlər Nazirliyinin Daxili Qoşunları tərkibində olan hərbçi kimi mən də iştirak etmişəm. Horadiz ərazisinin düşməndən alınması, Füzuli və onun 20-dən yuxarı kəndinin azad olunmasındakı döyüşlərdə iştirak etmişəm. Bunu da Daxili Qoşunların Qərargah rəisi polkovnik Zahid Teymurov təsdiq edə bilər”.



O qeyd edib ki, sonradan xidmətində olduğu Daxili Qoşunların keçmiş komandanı Fəhmin Hacıyev, Qərargah rəisi polkovnik Zahid Teymurov bu insanların iddialarına cavab veriblər: "Biz Baş İdarədə xidmət etməyimizə baxmayaraq, daim cəbhə zonasında idik. Bildiyiniz kimi, Daxili Qoşunlar o vaxt üçün yeganə qoşunlar idi ki, tərkibində yetgin insanlar olan könüllü batalyonlarla yox, tam tərkibdə - çağırışçılarla döyüş əməliyyatlarına qatılmışdı. Biz hər dəqiqə döyüş zonasında idik. Təlimat, təchizat və digər məsələlərlə bağlı döyüş zonasına çatdığımız vaxt hansısa komandir yaralananda, yaxud başqa səbəbdən yerində olmayanda onları əvəz edirdik. Mən Ağdam şəhərinin bir sıra yerlərində və Ağdərə istiqamətində bir neçə döyüşlərdə iştirak etmişəm”.



A.Əbilov təcrübəli hərbçinin necə olduğu haqqında da danışıb: "Mənə görə əsl hərbçi döyüş texnikasını bilən, silah-sursatdan anlayışı olan, maddi-texniki təminatı, döyüş hazırlığı və s. üzərində daima çalışan, özünü yeni biliklərlə təkmilləşdirən hərbi qulluqçudur. 

Bu gün biz Azərbaycan Ordusunun silahlanmasında və xarici dövlətlərin ordularında olan döyüş texnikaları, silah sistemlərini incələməklə, təhlil etməklə analitik məlumatlar veririk. Fəaliyyətimizlə bağlı bir çox hərbi hissələrdə oluruq, hərbi qulluqçuların hazırlığını görürük, şəxsi heyətlə ünsiyyətdə oluruq. Bu gün "Legion” Hərbi Vətənpərvərlik Klubu olaraq özümüz təlimlər keçirərək gəncləri maarifləndiririk.



Tənqid etmək onların vətəndaş hüququdur, mənim onların hüquqlarına qarışmaq fikrim yoxdur, çünki bu məsələyə real yanaşıram. Mən onlara əsəbiləşmirəm də, onları ittiham etmək fikrim də yoxdur. Mənim tutduğum yol var, şəxsən özümün və komandamın fəaliyyətinə görə məni çoxlu insanların tənqid edəcəyini bilirdim. Çox onların edə bilmədiyini başqasının bacardığı halda ittiham edəcəklərini çoxdan bilirdim. Tənqid edən insanlardan hansı biri mənim rəhbərlik etdiyim qurum kimi orduya kömək edib? Ordunu tənqid etmək, hansısa vəzifəli şəxs haqqında ittiham irəli sürmək asandır, ancaq real iş görmək çox çətindir.



Bu insanlardan soruşun ki, bu gün səngərdə duran əsgər üçün nə ediblər? Sosial şəbəkələrə baxın, 3 il ərzində qeydiyyatsız, maliyyəsiz formada heç bir dəstək olmadan 100-ə qədər tədbir keçirmişik. Bunların sırasında orduya, maddi-texniki bazaya, səngərbərkitməyə yardım da var. Ən azından sədrlik etdiyim klub ilə Azərbaycan Ordusuna səngərbərkitmə işi üçün 50 mindən yuxarı işlənmiş təkər göndərmişik. Bu insanlar nə vaxt yaxınlaşıb həmin təkərlərin yüklənməsində heç olmasa insani də olsa yardım ediblər? Yaxud icra etdiyimiz hansısa layihədə dəstək olmaq istəyiblər? Danışmaq asandır, iş görmək çətin”.
 













www.ann.az

Tərəfdaşların xəbərləri

Xəbər lenti