ABŞ hökuməti ermənilərə ayrılan maliyyə yardımını dayandırdı

ABŞ hökuməti ermənilərə ayrılan maliyyə yardımını dayandırdı
ABŞ hökuməti Dağlıq Qarabağdakı erməni separatçılarına mina təmizlənməsi fəaliyyətləri üçün ayırdığı yardımı tamamilə dayandırıb.

"MediaPost" xəbər verir ki, Vaşinqtonda yerləşən "Caspian Policy Center”dən verilən məlumata görə, ABŞ bu yardımları 1999-cu ildən ayırırdı. Lakin bu ildən etibarən buna son qoyulub. ABŞ-ın "USAID” təşkilatı tərəfindən Qarabağda mina təmizlənməsi məqsədi ilə Britaniya mərkəzli "HALO Trust” fonduna ayrılan və oradan da qondarma respublikaya yönləndirilən bu yardım, yeni ABŞ administrasiyası tərəfindən məqsədəuyğun sayılmayıb. "USAID” bildirib ki, artıq bu vəsaitlərin ayrılmasına ehtiyac yoxdur.

"USAID” fəaliyyətini daha çox Azərbaycanda iqtisadiyyatın diversifikasiyasına kömək etməyə və Ermənistanda şəffaflığın artırılmasına yönəldəcək. Digər tərəfdən ABŞ hökuməti son iki ildə Azərbaycanın təhlükəsizlik qabiliyyətinin artırılması üçün 100 milyon dollardan çox vəsait ayırıb. Əlbəttə, bu məsələ Ermənistan hökumətinin və ABŞ-da xeyli gücü olan erməni lobbisinin ciddi etirazına səbəb olmaqdadır.

Erməni lobbisinin təzyiqi ilə 89 konqresmenin imzası əsasında ABŞ hökumətinə məktub göndərilərək "Dağlıq Qarabağ”a yardımın kəsilməməsi və tam tərsinə artırılması tələbi qoyulub.

Hələ ki, bu təzyiqlər ABŞ hökuməti nəzdində hər hansı bir dəyişikliyə səbəb olmayıb. Lakin erməni tərəfi istədiyi nəticəni almaq üçün lobbinin əlində olan bütün imkanları və resursları səfərbər edib.


www.ann.az

Xəbər lenti