70 yaşlı “Dünyanın səkkizinci möcüzəsi” (FOTOLAR)

70 yaşlı “Dünyanın səkkizinci möcüzəsi” (FOTOLAR)
Bu gün dünya nefti tarixində açıq dənizdə neftçıxarmanın əsası qoyulmuş "Dünyanın səkkizinci möcüzəsi”, "Möcüzələr adası" - "Neft Daşları"nın 70 illik yubileyi qeyd olunur.

Xəzər dənizində, Bakıdan 110 km şimal-şərqdə yerləşən "Neft Daşları" dünya nefti tarixində xüsusi yerə malikdir.  Buranın müntəzəm tədqiqata cəlb olunması Azərbaycan geoloqu Ağaqurban Əliyevin adı ilə bağlıdır. 1945-ci ildən başlayaraq 3 il onun rəhbərliyi ilə ekspedisiya gərgin iş aparıb, rayonun geoloji xəritəsini hazırlayıb, rayonun sənaye üsulu ilə kəşfiyyat işləri planlaşdırılıb. 1948-ci ilin noyabr ayında Sabit Orucov, Yusif Səfərov və V.M. Roşşin bura  gələrək qazılacaq ilk quyunun yerini müəyyənləşdiriblər. 1949-cu ilin aprel ayında V.M. Roşşinin rəhbərliyi ilə həmin yerdə ilk buruq quraşdırılıb, iyun ayında ilk kəşfiyyat quyusunun qazılmasına başlanıb. İstismar müddəti keçmiş "Çvanov” gəmisinin qrunta batırılması yolu ilə yaradılmış süni buxtadan 1000 metrə yaxın dərinliyə qazılmış ilk quyu həmin il noyabrın 7-də gündəlik 100 ton debitlə neft fontanı vurub. Bununla da dünya nefti tarixində yeni eranın - açıq dənizdə neft hasilatının əsası qoyulub. Bura əvvəllər "Qara Daşlar” adlandırılıb. Bu isə təbii qrifonlar olduğuna görə dənizin səthinə çıxmış daşların qara rəngə boyanması ilə bağlı olub. Neft hasilatına başlanması ilə "Dara daşlar” "Neft Daşları”na çevrildi.



İlk dəniz neftçilərinin sığınacaq yeri - "7 gəmi adası”

Quyunun fontan vurmasından sonra burada insanların işləməsi, yaşayışı üçün şəraitə ehtiyac var idi. Ağaqurban Əliyev, Sabit Orucov və Yusif Səfərov kimi tarixi şəxsiyyətlərin təklifi ilə Bakı Gəmi Təmiri Zavodunda istifadədən silinmiş iri tonnajlı gəmilər əraziyə gətirilərək batırılıb. İlk gətirilən gəmi "Çvanov” gəmisi olub. Sonra 6 gəmi gətirilərək "Qara daşları”n dayaz yerlərində batırılıb və onların üstündə lazımi şərait yaradılıb.

Buna görə də "Neft Daşları” xalq arasında "7 gəmi adası” kimi də məşhurlaşmışdı. Buraya gətirilən gəmilərin arasında dünyada ilk tanker olan "Nobel qardaşları” şirkətinin istehsal etdiyi "Zoroaster” (Zərdüşt) gəmisi də olub. Hazırda həmin gəmilərindən yalnız "Naxçıvan” gəmisinin qalıqları qalmaqdadır, qalanları isə çürüyüb. 60-cı illərdən sonra gəmilərdən o qədər də istifadə olunmayıb.



"Ginnesin Rekordlar Kitabı”na düşən ilk dəniz platforması

"Neft Daşları” açıq dənizdə quraşdırılan ilk dəniz platforması kimi "Ginnesin Rekordlar Kitabı”na daxil olub. "Neft Daşları”nın kəşf edilməsi və istismarı dünya və Azərbaycan neftçıxarma tarixində dönüş nöqtəsi olub, açıq dənizdə neft hasilatına yol açıb.

70 il ərzində əsrlərə bərabər yol keçərək bu gün nəhəng istehsal-yaşayış kompleksinə çevrilmiş "Neft Daşları”nda indiyədək 2 min civarında quyu qazılıb, 200 kilometrə yaxın estakada, 333 istehsalat meydançası tikilib, 100 kilometrlərlə neft, qaz, su kəmərləri çəkilib. Ötən müddətdə "Neft Daşları” yatağından 176 mln. ton neft və 13,6 mlrd. kubmetrə yaxın həcmdə təbii qaz hasil olunub. 1967-ci ildə burada 7,6 mln. ton neft hasil edilmişdi ki, bu da həmin ildə Azərbaycanın ümumi neft hasilatının 1/3 hissəsinə bərabər idi.



Hazırda 331 saylı meydançadan qazma işləri aparılır. Burada hər birinin gözlənilən gündəlik hasilatı 10 ton neft olmaqla 10 ədəd quyunun qazılması layihələndirilib. Burada ilk quyunun qazılmasına bu ilin may ayında başlanıb və artıq 4 quyu qazılıb. Bu quyuların gündəlik neft hasilatı 48 ton təşkil edir. Hazırda 5-ci quyuda quyudibi 830 metr olmaqla qazma işi davam etdirilir.

"Neft Daşları” uzun müddət istismar olunmasına baxmayaraq, yataqdan çıxarılan məhsulda suyun nisbəti cəmi 35%-dir ki, bu da belə yaşlı yataq üçün yaxşı nəticə hesab olunur.

"Neft Daşları” "ikinci bahar”ını yaşayır

Bu gün "Neft Daşları” "ikinci bahar”ını yaşayır. Aparılmış səmərələşdirici tədbirlər nəticəsində son 25 ildə "Neft Daşları” NQÇİ üzrə neft hasilatı 20% artaraq, 2018-cü ildə 1 mln. tondan artıq olub. Hazırda yataq üzrə qalıq ehtiyatlar 210 mln. ton, çıxarıla bilən ehtiyatlar isə 18-20 mln. ton civarındadır. Gələcəkdə yeni texnologiyalar vasitəsi ilə qalıq ehtiyatların çıxarılma nisbətinin artacağı istisna olunmur.

"Neft Daşları” həm də Azərbaycanın digər neft yataqlarını birləşdirən strateji kommunikasiya və infrastruktur düyünüdür. SOCAR-ın illik neft-qaz hasilatının 70%-ə qədər olan hissəsi sahilə məhz "Neft Daşları”ndan ötürülür. Burada hasil olunan neft xüsusi sobalarda 35-40 dərəcəyə qədər qızdırıldıqdan sonra 70 kilometrdən artıq borular vasitəsi ilə birbaşa sahilə- Dübəndi terminalına nəql edilir və oradan təyinatı üzrə ixraca və ya emala yönəldilir.



Açıq dənizdə yaradılan süni şəhərcik

"Neft Daşları” dənizdə yaradılan süni şəhərcikdir. Burada yaşayış binaları, futbol meydançası, çay evi, park var.

"Neft Daşları"nı digər dəniz platformalarından fərqləndirən daha bir xüsusiyyəti burada müxtəlif bitkilərin, o cümlədən, meyvə ağaclarının yetişdirilməsidir. Ümumilikdə "Neft Daşları"nda 1000 ağac, 8000 kol əkilib, 5000 kvadrat sahədə qazon salınıb.
 







www.ann.az

Xəbər lenti