2014-cü ilin Qız qalası nə ilə fərqlənir? - FOTOLAR

2014-cü ilin Qız qalası nə ilə fərqlənir? - FOTOLAR
 Bakı dəyişir, böyüyür, inkişaf edir. Dəyişməyən tək şey isə İçəri Şəhərdir. Şəhərimizdə nə qədər yeni bina tikilməsindən asılı olmayaraq Bakının simvolu dəyişməz qalır-Qız qalası.Qalanın hündürlüyü 28 m olsa da, sanki Bakının hər nöqtəsinə boylana bilir. Bu xüsusiyyəti onu daha da maraqlı edir. Qalanın arxeoloji yaşından, memarlıq xüsusiyyətlərindən, funksiyalarından və s. uzun-uzadı danışmaq istəmirəm, onun yeni halından-yenilənmiş Qız qalasından danışmaq istəyirəm.

Qala 1964-cü ildən muzey kimi fəaliyyət göstərməyə başlamış, 2000-ci ildə UNESCO-nun Ümumdünya irsi siyahısına salınmışdır.

Nazirlər Kabineti tərəfindən 2009-cu ildə təsdiq edilmiş "Bakının tarixi mərkəzinin konservasiyası üzrə ətraflı Baş Plan"a uyğun olaraq ərazidəki tarix-memarlıq abidələrinin qorunmasına göstərilən xüsusi qayğı çərçivəsində Qız qalası abidəsinin bərpa və muzey konservasiyası işləri yekunlaşıb. Qız Qalasında aparılan işlər Avstriyanın məşhur bərpaçı mütəxəssisi, dünyanın müxtəlif yerlərində 400-dən artıq abidəni, o cümlədən İçəri Şəhərdə yerləşən Məhəmməd Məscidini bərpa etmiş Erix Pummerin rəhbərliyi ilə xarici və yerli mütəxəssislər tərəfindən həyata keçirilib.

2013-cü ilin yanvar ayından təmir-bərpa işləri üçün bağalanılan Qız qalası 2014-cü ildə yenidən ziyarətçilərini salamlamaqdadır. Abidənin bu dəfəki bərpası digərlərindən fərqlənir. “Köhnə” Qız qalasında hər mərtəbədə milli geyimlər, suvenirlər, kiçik tarixi abidələrlə qarşılaşmaq olurdu. Turistlər və yerli sakinlər bu rekvizitlərlə şəkil çəkdirməyi sevsələr də bununla kifayətlənməli olurdular. “Yeni” Qız qalasının fərqlərini görmək üçün muzeyə daxil oluruq. Qalanın giriş qapısında biletlərimizi soruşurlar. Bilet kassasının yerini öyrənib biletlərimizi alırıq. Biletlər qalanın qarşısındakı kassada satılır. Biletin qiyməti şagirdlər üçün 20 qəpik, tələbələr üçün 60 qəpik, böyüklər üçün isə 2 AZN təşkil edir. Qız qalasına daxil olmaq istəyən xarici vətəndaşlar da 2 AZN ödəməli olacaqlar. “Yeni” Qız qalasına daxil olduğumuz ilk andan fərqliliyi hiss edirik. Köhnə muzeydən fərqli olaraq yeni muzeydə ziyarətçilər artıq milli geyim və suvenirlərlə kifayətlənməli olmurlar. Hər mərtəbədə yerləşdirilmiş interaktiv bələdçi lövhələr ziyarətçiləri yorulmağa qoymur. Bundan əlavə, Qız qalası, İçəri Şəhər, Bakının müxtəlif tarixi abidələri kimi məlumatları da bu lövhələrdən əldə etmək olar. Bu interaktiv lövhələrin istifadəsi çox asan və maraqlıdır. Müşahidələrimiz zamanı da ziyarətçilərin lövhələrə marağının yüksək olmasının şahidi olduq. Xüsusilə gənc nəsil lövhələrdə quraşdırılmış tarixi şəxsiyyətlər, abidələr və rəvayətlər haqqında çəkilmiş şəkil və videolar, eləcə də tarixi filmlərimizdən fraqmentlər vasitəsilə tariximiz haqqında daha çox məlumat toplamış olurlar.

Mərtəbələrin birində İçəri Şəhər də daxil olmaqla köhnə Bakının miniatür tikilişi, Şirvanşahlar Sarayının planı nümayiş olunur. Digər mərtəbədə qurarşdırılmış interaktiv lövhəcikdə Qız qalasının strukturu, tarixi, çertyojları və s. haqqında məlumat verilir. Hər mərtəbədə şüşə altına yerləşdirilmiş tarixi qılınclar, nizələr, arxeoloji tapıntılar sərgilənir. Ziyarətçilərin rahatlığı üçün mərtəbələrdə oturacaqlar da yerləşdirilib.

Qalanın sonuncu mərtəbəsində kiçik planetarium quraşdırılıb. Burada ulduzların yerdəyişməsinin maraqlı kadrlarını izləmək olar.

Qalanın eyvanından isə şəhərin gözəl panoramasını izləmək olur. Ziyarətçilərin təhlükəsizliyi üçün xüsusi şüşə maneələr quraşdırılıb. Burada bir qrup turist diqqətimizi çəkir. Onlar Amerika Birləşmiş Ştatlarının Florida, Kaliforniya ştatlarından gəlmişdilər. Floridadan gələn Mayk Qız qalasının unikal abidə olduğunu qeyd etdi: “Qız qalası unikal abidədir. Müasir binaların arasında İçəri şəhəri görəndə çox təəccübləndik. Bakıya yeni gəlməyimizə baxmayaraq artıq bu şəhərin vurğunuyuq”. İranın Məşəd şəhərindən gəlmiş fotoqraf Mehdi Mehrani də Bakıya olan sevgilərini gizlətmədilər: “Bakı haqqında çox eşitmişdik. Xüsusilə də İçəri Şəhər haqqında. Biz Məşəddən İçəri Şəhəri çəkmək üçün gəlmişik. Qız qalası isə ayrı dünyadır. Onu öz şəkillərimdə əks etdirdirə bildiyim üçün çox sevinirəm”.Qız qalasını təmir-bərpa işlərindən sonra ziyarət etməyənlərin nəzərinə çatdıraq ki, Qız qalası muzeyi bazar ertəsi istisna olmaqla hər gün saat 10:00-dan 18:00-a kimi fəaliyyət göstərir.Qeyd edək ki, Qız qalasının tarixi haqqında mübahisəli fikirlər çoxdur. Abidənin yaşının Şumer dövründən başladığını iddia edən mütəxəssislər də var, XII yüzildə tikildiyini sübut etməyə çalışanlar da. Burda zaman fərqi tikilmə tarixi bilinməyən başqa abidələrdə olduğu kimi bir neçə il deyil, hətta bir neçə əsr də deyil, 3.000 ildən artıqdır. Qala divarları üzərindəki bir kitabədə ərəb dilində bu sözlər yazılmışdır: "Davudun oğlu Məsudun qülləsi". Kitabənin yazı üslubu və xətti XII əsr yazısına yaxın olduğuna görə Qız qalasının məhz bu dövrdə tikildiyi ehtimal edilir.Sonda, sadaladığımız bütün yenilikləri göstərmək üçün Qız qalasının yeni fotolarını Sizə təqdim edirik.Cəmilə İbrahimovaFoto: Orxan ƏzimANN.Az

Tərəfdaşların xəbərləri

Xəbər lenti