140 illik mətbuatımız: Onun inkişafını kim necə görür? - AÇIQLAMALAR

140 illik mətbuatımız: Onun inkişafını kim necə görür? - AÇIQLAMALAR
"Əkinçi”  - bu adı eşidən zaman yəqin ki, əksəriyyətimizin beynində ilk olaraq Həsən bəy Zərdabi şəxsiyyəti və onun yaratdığı qəzet canlanır. Bu ad Azərbaycanın Milli Mətbuatının yaranması ilə bağlıdır. Həmin dövrdən  - 1875-ci il 22 iyulundan 140 il ötür.  Bu illər ərzində nələr baş verib? Mətbuatımızın bugünkü durumu hansı vəziyyətdədir? Yaşlı jurnalistlərlə müqayisədə yeni nəsil jurnalistləri hansı yeniliklərə imza atıblar? Bu sualları cavablandırmaq üçün mütəxxəsislərə müraciət etdik.
 
"İndiki gənclər jurnalistikaya gəlir mənbəyi kimi baxır"
 
 

Mətbuatın hazırkı durumdan söz açan Azərbaycan Milli Elmlər Akademiyası Dilçilik İnstitutunun monitorinq şöbəsinin müdiri, teleekspert Qulu Məhərrəmli 140 illik mətbuat tariximizi bir neçə mərhələyə ayırdı:  "Mətbuatımızın "Əkinçi” dövrü var, "Əkinçi”dən sonrakı dövr var, XX əsrin əvvəllərində olan qızıl dövr, Xalq Cümhuriyyəti dövrü , Sovet  dövrü, daha sonra müstəqillik dönəmi. Qeyd edək ki, son 25-30 illik müddət də öz-özlüyündə ayrı-ayrı hissələrə bölünür”.

Mətbuatımızın bugünə qədər yaxşı yol, yaxud pis yol keçməsi ilə bağlı bölgü aparılmasını düzgün hesab etməyən Q.Məhərrəmli "Əkinçi”dən üz bəri Azərbaycan mətbuatının Azərbaycan düşüncəsinə, təffəkkürünə, ictimai fikrin oyanışına, istiqlal düşüncəsinin formalaşmasına çox böyük faydası olduğunu qeyd edib: "Azərbaycan Xalq Cümhuriyyətinin qurulmasında Azərbaycan mətbuatınında böyük rolu olub. Bu bir mənalı olaraq danılmazdır, çünki bunun Xalq Cümhuriyyətinin qurucularının özləri də deyib, sonrakı araşdırmalarda göstərib”.    

Mətbuatımızın hazırkı durumu ilə bağlı fikirlərinin dilə gətirən ekspert müasir texnologiyanın tinkişaf mərhələsinə təsirsiz ötüşmədiyini bildirib: "Mətbuatımızın müsbət tərəfindən söz açdıqda ən əvvəl sərbəstliyi, azad olmasını qeyd etmək yerinə düşər. Tənqidçi media formalaşıb, internet mediası inkişaf edib. Bütün bunlar müsbət tərəflərdir. Azərbaycan mətbuatının bizi qane etməyəcək cəhətləri isə bunlardır - Mətbuatımızın peşəkarlıq səviyyəsinin çox aşağı düşməsi; mətbuatın, bütövlükdə jurnalistikanın təbliğat platformasına yuvarlanması; jurnalistlər onlara verilən kirayə statusdan jurnalistikanın inkişafı üçün istifadə edə bilməməsi. Azərbaycan jurnalistikasının bugün çox ciddi mənəvi problemləri var. Bütün bunlar ortaya qoyduqda mətbuatın müsbət və mənfi tərəfləri görünür”.

Mətbuat üzvlərinin yaş dərəcəsinə  görə bölünməsini düzgün hesab etməyən Qulu Məhərrəmli jurnalistikada peşəkarlığın yaşla əlaqədar olmadığını vurğulayıb: "Misal üçün, Şirməmməd Hüseynov 90 yaşında olmasına baxmayaraq, o insan təfəkkür etibarı ilə mətbuata yeni gələn, mətbuata ancaq gəlir mənbəyi kimi baxan insanlardan qat – qat daha çox faydalıdır. Bu gün bizim milli mətbuatımızın ən böyük problemlərindən biri yaş məsələsi deyil, düşüncə, təfəkkür məsələsidir. Buna görə də mətbuatın inkişafı üçün onun prinsiplərinə əməl olunması vacibdir. Yəni jurnalistika həqiqəti deməlidir, cəmiyyətə məlumatlandırmalıdır,insanları tənqid etməlidir və.s mətbuatın missiyası bundan ibarətdir. Yoxsa, jurnalist həqiqəti gizlədib, pula görə uydurma xəbərlər verəcəksə, bu yol verilməzdir. Ümumiyyətlə, bu mətbuatın işi deyil. Cəmiyyətimizin mətbuatdan ən çox narazılığı isə həqiqəti olduğu kimi deyə bilməməsidir”. 

"Dövlətin dəstəyi artıb, buna rəğmən peşəkarlıq azalıb"
 
 

"Azərbaycan” qəzetinin baş redaktoru, deputat Bəxtiyar Sadıqov hesab edir ki, indiyə qədər Azərbaycan mətbuatı 4 əsas inkişaf mərhələsindən keçib: "I mərhələ -  Azərbaycan mətbuatının təşəkkülü - 1875-ci il 22 iyulundan - "Əkinçi” qəzetinin təsis olunmasından 1918-ci ilin sentyabrına qədər. II mərhələ Azərbaycan Xalq Cümhuriyyəti dövründə Azərbaycan mətbuatının fəaliyyəti - bu dövrdə bir çox qəzetlər yarandı,  fəaliyyətə başladı. Bu mərhələdə "Azərbaycan” qəzeti təsis olundu, rəsmi dövlət qəzetinə çevrildi. Bu dövrdə müxtəlif siyasi partiyalar olub. Mətbuatda bir-birinə zidd fikilər yer alıb. İctimai-siyasi həyatda gərgin mübarizələr, inqilablar baş verib”. 

B.Sadıqov III mərhələnin başlanğıcını 1920-ci ildən hesablayır: "Hesab edirəm ki, sovet dövrü Azərbaycan mətbuatı üçün xüsusi bir dönəmdir. İki qat sensuza olub, senzura Azərbaycan SSRİ Nazirlər Soveti yanında Mətbuatda Dövlət Sirrlərini Mühafizə edən baş idarə tərəfindən həyata keçirilib. Üstəlik mətbuat  partiya təşkilatları, rayon partiya komitlərinin, Mərkəzi Komitənin nəzarətləri altında da idarə olunub. Amma bütün bunlara baxmayaraq mətbuatda daim inkişaf olub. Xüsusən sovet dövründə Azərbaycan dilinin, mədəniyyətinin inkişafı, milli-mənəvi dəyərlərin qorunması, vətənpərvərlik hisslərinin tərbiyəsi xüsusi diqqət çəkən məqamlardır. Bu mərhələdə həm də çoxsaylı bacarıqlı jurnalistlər ordusu yetişdi”.

Baş redaktorun bölgüsünə görə, 1991-ci il 18 oktyabrdan başlayan dövr IV mərhələnin başlanğıcıdır: "Amma əsl müstəqil mətbuat Heydər Əliyevin 1998-ci il 6 avqustda mətbuatda olan senzura nəzarətinin ləğvindən sonra başlanıldı. Yəni "Əkinçi”dən sonra başlayan senzura 123 il sonra Heydər Əliyev tərəfindən ləğv olundu. Bundan sonra müstəqil mətbuat yarandı . Bununda özünə məxsus özəllikləri var. Bu dövrdə dövlətin mətbuata dəstəyi xüsusi yer tutur. Çünki  Heydər Əliyev mətbuata xüsusi güzəştlər edib. Mətbuata müəyyən dəstəklər olub. Mətbuat və İnformasiya Nazirliyinin ləğv olunması, senzuranın götürülməsi, azad söz, sərbəst mətbuatın formalaşması və s.  Bundan başqa İlham Əliyev hakimiyyətə gəldikdən sonra 2008-ci ildə KİV-in inkişafına dövlət dəstəyi konsepsiyası imzalayıb, 2009-cu ildə KİV inkişafına dövlət dəstəyi fondu yaranıb. Və bununla da müstəqil mətbuata dövlətin dəstəyi açıq-aydın şəkildə görünüb. Bu dövrdə mətbuatın inkişafına göstərilən qayğı, jurnalistlər üçün yaşayış binaların tikilib verilməsinə baxmayaraq, peşəkarlıq səviyyəsi aşağı düşüb. Sovet dövründə  Azərbaycan dilinin inkişafı, mədəniyyətlərin inkişafı, milli-mənəvi dəyərlərin qorunması , insanda vətənpərvərlik hisslərinin təbliği ilə bağlı xəbərlərin daha çox verilməsinə rəğmən hazırda peşəkarlıq xüsusiyyətlərinə cavab verən xəbərlər, məqalələr, reportajlar, yazılar azlıq təşkil edir”. 

İnternetin, müasir elmi texnologiyaların mətbuata təsirindən danışan B.Sadıqov bu baxımdan Azərbaycanın dünya ilə ayaqlaşdığını deyib: "İnformasiya agentliklərinin, jurnalist təşkilatların olması, xəbər saytlarının günü-gündən artması inkişafın təməlinin böyük olmasından xəbər verir.  Elektron media daha çox inkişaf edir, çap mediası yerini artıq ona verir. Dövlətin göstərdiyi qayğı, dünən ölkə rəhbərinin jurnalistləri təltif etməsi, fəxri adlar verməsi bu sahəyə marağı daha da artırır və mətbuata daima diqqət göstərildiyini bir daha sübut edir. Hesab edirəm ki, jurnalistlər daha çox sovet dövründə olduğu kimi hərbi  mövzulara, mədəniyyət mövzularına daha çox önəm verməlidirlər”.    

"İndiki gənc media nümayəndələri üçün kimlərə qulluq etmələri əhəmiyyətli deyil"
 
 

"Turan” İnformasiya Agentliyinin direktoru Mehman Əliyev ANN.Az-a açıqlamasında dünya mediası ilə müqayisədə Azərbaycan jurnalistikasının çox pis durumda olduğunu deyib: " Bu iki əsas amillə bağlıdır. Birincisi, ölkəmizdə medianın iqtisadi imkanları kifayət qədər zəifdir. Yəni onların müstəqil fəaliyyət göstərməsi üçün şərait yoxdur. İkinci isə həbsdə olan jurnalistlərin sayına görə Azərbaycan öndə gedən ölkələr siyahısındadır. Kifayət qədər senzura var.  Azad media institutu artıq demək olar ki, yoxdur. Bütün bu göstəricilər mətbuatın hansı səviyyədə olduğuna işarədir. Eyni zamanda "Diffamasiya haqqında” qanuna baxsaq görərik ki, bu qanun mediadan nələri tələb edir, hansı tələbləri medianın qarşısına qoyur?  Hazırkı media ona əməl etmir. Peşə-əxlaq kodeslərinə nəzər salsaq görərik ki, media ona hansı səviyyədə riayət edir?” 

Mehman Əliyev təəssüflə bildirib ki, yeni nəsil jurnalistlərini daha çox pul maraqlandırır: "Yeni nəsil jurnalistlər üçün kimə və hansı orqana xidmət etmələri maraqlı deyil. Köhnə media əvvəl müstəqil, yaradıcı insanlar kimi ortaya çıxıb. Sonradan hamısı öz mövqelərini dəyişiblər, ya da satılıblar. O ki qaldı yeni nəsil jurnalistlərinə, onlar hələ o yolu keçməyiblər. Onlar o vəziyyəti yaşamayıblar. Onlar müstəqil media dövrünü görməyiblər. Yəni əsasən, XX əsrin 90-ci illərini.  Onların gəlib düşdükləri meydan budur. Ona görə də indiki gənc media nümayəndələri üçün kimlərə qulluq etmələri əhəmiyyətli deyil. Bu deyilənlər əksər jurnalistlərə aiddir. Hamısına yox. Təəssüf ki, çox az qism gənc jurnalist  müstəqil olmaq, müstəqil çalışmaq istəyir”.

     
Orxan Aslanlı


www.ann.az

Tərəfdaşların xəbərləri

Xəbər lenti

Digər xəbərlər