Yeni icra başçısı keçmiş başçının bacısı oğlunu işdən çıxartdı - YENİ TƏYİNATLAR

Yeni icra başçısı keçmiş başçının bacısı oğlunu işdən çıxartdı - YENİ TƏYİNATLAR
Yasamal Rayon İcra Hakimiyyətinin yeni təyin olunan başçısı Əziz Əzizov icra hakimiyyəti Aparatında bir sıra kadr dəyişiklikləri edib.

Ann.az-ın "Report”a istinadən xəbərinə görə, Ə.Əzizov rayon təsərrüfat şöbəsinin baş məsləhətçisi Məmmədov Fəxrəddin Məhəmməd oğlunu özünə köməkçi təyin edib.

Təsərrüfat şöbəsinin baş məsləhətçisi vəzifəsinə isə Həsənov Seyran Gülməmməd oğlu təyin olunub.

Bundan başqa, icra hakimiyyətinin Ərazi idarəetmə və yerli özünüidarəetmə orqanları ilə iş şöbəsinin müdiri Mustafayev Elşən Cəfər oğlu işdən çıxarılıb. E.Mustafayev Yasamal Rayon İcra Hakimiyyətinin əvvəlki başçısı İbrahim Mehdiyevin bacısı oğludur. 

Ə.Əzizovun müvafiq sərəncamı ilə Rzayev Adil Elçin oğlu Ərazi idarəetmə və yerli özünüidarəetmə orqanları ilə iş şöbəsinin müdiri təyin olunub. A.Rzayev əvvəllər Əmlak Məsələləri Dövlət Komitəsində işləyib. 

Həmin şöbənin baş məsləhətçisi Novruzova Nərmin Firuk qızı da işdən çıxarılıb.

İcra hakimiyyəti Aparatının İctimai-siyasi və humanitar məsələlər şöbəsində baş məsləhətçi işləyən Orucov Xəqani Fazil oğlu vəzifədən azad olunaraq, İnformasiya təminatı və təhlili sektorunun aparıcı məsləhətçisi vəzifəsinə təyin edilib. 

Qinyazlı Sadiq Rafiq oğlu Hüquq şöbəsinin məsləhətçisi vəzifəsindən azad edilib. Həmin vəzifəyə Ağayev Murad Əsgər oğlu təyin olunub.

İcra Hakimiyyəti Aparatının Sosial-iqtisadi inkişafın təhlili və proqnozlaşdırılması şöbəsindən aparıcı məsləhətçi Əliyev Elnur Rafiq oğlu vəzifəsindən xaric olunub.

Sənədlərlə və vətəndaşların müraciətləri ilə iş şöbəsindən məsləhətçi Abasov Həmidağa Məmmədağa oğlu da tutduğu vəzifədən azad edilib.

Qeyd edək ki, Prezident İlham Əliyevin fevralın 2-də imzaladığı sərəncamla Əziz Əzizov Yasamal Rayon İcra Hakimiyyətinin (RİH) başçısı vəzifəsinə təyin edilib. O, həmin təyinata qədər Cəlilabad Rayon İcra Hakimiyyətinin başçısı vəzifəsində çalışıb. 

Xatırladaq ki, Yasamal RİH-in əvvəlki başçısı İbrahim Mehdiyev 1 iyul 2017-ci ildə vəzifəsindən azad olunub. 


www.ann.az

Xəbər lenti