Kərə yağı ucuzlaşacaqmı?

Kərə yağı ucuzlaşacaqmı?
Xəbər verildiyi kimi, dekabr ayının 7-dən Azərbaycana idxal edilən kərə yağı və digər süddən hazırlanmış yağlar üçün tətbiq edilən gömrük idxal rüsumları 3 dəfə azaldılır.

ANN.Az oxu.az-a istinadən xəbər verir ki, ötən ayın əvvəlində Nazirlər Kabineti bununla bağlı "Azərbaycan Respublikasının ərazisinə gətirilən mallar üzrə gömrük idxal rüsumlarının dərəcələri”ndə müvafiq dəyişiklik edib.

Xatırladaq ki, indiyə qədər Azərbaycana idxal edilən kərə yağı və digər süddən hazırlanmış yağlar üçün tətbiq edilən gömrük idxal rüsumları bu malların gömrük dəyərinin 15 faizi həcmində olub. Qərara əsasən, kərə yağı və digər süddən hazırlanmış yağlar üçün tətbiq edilən gömrük idxal rüsumları bu malların gömrük dəyərinin 5 faizi həcmində müəyyənləşib.

İqtisadçı ekspert Natiq Cəfərli bildirib ki, gömrük rüsumu 15 faizdən 5 faizə endirildikdən sonra  bu, qiymətlərə təqribən 50 qəpik-1 manat civarında təsir edəcək: "Lakin yaxın zamanda heç bir ucuzlaşma olmayacaq. Çünki hazırda bazarda olan yağlar köhnə qaydalarla ölkəyə idxal edilib”. 



N.Cəfərli deyir ki, bazarın qanunauyğunluğuna əsasən ucuzlaşma gözlənilsə də, Yeni il bayramı ərəfəsində bu proses bir qədər sual doğurur: "Azərbaycanda bayram mərasimləri ərəfəsində qiymətlərdə kəskin artım baş verir. Bayramlardan sonra gömrük güzəştlərinin yağların qiymətinə təsirini müşahidə edə biləcəyik. Qeyd etdiyim kimi, ciddi endirim baş verməyəcək”.

O ki qaldı bazarın bir necə şirkətin əlində olmasına və onlar endirimlərə nə dərəcədə razı olacaqlarına, N.Cəfərli bildirir ki, hökumətin onlara təsir imkanları var: "Bütün sahələrdə rəqabətli mühit olmalıdır. Əks halda gömrük, vergi güzəştləri ilə qiymətləri aşağı saxlamaq mümkün olmayacaq”. 

İqtisadçı-ekspert  Vahid Məhərrəmov isə qeyd etdi ki, kərə yağının qiymətinin baha olması yalnız idxal rüsumları ilə bağlı deyil: "Azərbaycan özünü təmin edəcək qədər kərə yağı istehsal edə bilmir. Ölkədə 25 min ton kərə yağı istehsal olunur. Təxminən 12 min ton da idxal edilir. İllik tələbat 72 min tondur. Beynəlxalq təşkilatların dəyərləndirmələrinə görə, illik adambaşına 7,2 kq kərə yağı düşür. Tələbatın çox olduğu halda təklifin azalması idxalçılara qiymətlərdə manipulyasiya imkanı yaradır”. 



Onun sözlərinə görə, kərə yağının gömrük rüsumundan azad edilməsi qiymətlərə təsir etməyəcək: "Qiymətlər aşağı salındıqda keyfiyyət də endiriləcək. Yəni qiymətlərin endirilməsi yalnız keyfiyyətin pisləşməsinə gətirib çıxara bilər. Azərbaycan özünü təmin edə biləcək qədər kərə yağı istehsal etdikdə qiymətlər sabitləşəcək. Hətta indiki qiymətdən 2-3 manat fərq yaranacaq". 

Məlumat üçün bildirək ki, ilin əvvəlindən Çində kərə yağına tələbatın artması, eləcə də, Avropada istehsalın azalması sözügedən məhsulun dünya bazar qiymətinin bahalaşmasına gətirib-çıxarıb. Lakin bu, Azərbaycanda kərə yağının qiymət artımının əsas səbəbi hesab edilmir.

Dövlət Gömrük Komitəsinin açıqlamalarından da aydın olur ki, Azərbaycana yağ idxalı 43 şirkət tərəfindən reallaşdırılır. 2017-ci ilin 9 ayı ərzində Ukraynadan 13, Rusiya Federasiyasından 8, Türkiyədən 7, Belarusdan 6, Almaniyadan 5, Yeni Zelandiyadan 4 şirkət yağ idxalını həyata keçirib. Lakin bazarın əsas payçısı 4 şirkətdir. Dövlət Statistika Komitəsinin 2016-cı il üzrə hesabatına görə, ölkəyə 14 365,1 ton yağ idxal edilib. Bunun 11 910,0 tonu Yeni Zelandiyadan gətirilib, təxminən yağ idxalının 80 faizi.  



Sonda diqqətə çatdıraq ki, yağ Azərbaycan xalqının ən çox yediyi 10 məhsuldan biridir. Minimum istehlak səbətində əmək qabiliyyətli əhali üçün yağ istehlakı il ərzində adambaşına 7 kq, pensiyaçılar üzrə bu rəqəm 5,8 kq, uşaqlar üzrə (0-15 yaş) 6 kq nəzərdə tutulub.

Dəyərləndirmələrə görə, ölkədə əhalinin kərə yağına olan illik tələbatı 72 min tondur. 2016-cı ildə ölkədə qida məhsulları istehsal edən şirkətlər tərəfindən 25 600 ton kərə yağı istehsal edilib. Elə həmin il ölkəyə 14 356,1 ton yağ idxal olub.

www.ann.az

Xəbər lenti