Türkiyədə "Zərrab zəlzələsi": Məhkəmədə etiraflar, şok iddialar (FOTO)

Türkiyədə
İran əsilli türk milyarderi Rza Zərrab Nyu-Yorkda keçirilən məhkəmə zamanı Türkiyəni şok edəcək etiraflar edib.

Məhkəmə ilə əməkdaşlıq təklifini qəbul edən Rza Zərrab şahid proqramına qoşulub və dünəndən etibarən etiraflara başlayıb.

ANN.Az-ın xarici mətbuata istinadla verdiyi xəbərə görə, Rza Zərrab saatlarla davam edən məhkəmədə türk dilində ifadə verib. Öz açıqlamalarında gördüyü işin mahiyyətindən danışan Rza Zərrab bildirib ki, İrana qoyulan embarqo səbəbi ilə rəsmi Tehran beynəlxalq ödəmələri etməkdə çətinlik çəkirdi. Ona görə də bir ödəməni həyata keçirmək üçün bəzən 10 və daha çox maliyyə əməliyyatı həyata keçirməli olub.

Türkiyənin sabiq iqtisadiyyat naziri Zəfər Çağlayanla görüşərək ona Türkiyənin "Halkbank"ında hesab açılması işində dəstək aldığını, qarşılığında isə 2012-ci ilin mart ayından etibarən 45-50 milyon avro məbləğində ona rüşvət verdiyini açıqlayıb. Bunu sübut etmək üçün isə şirkətinin ödəmə sənədlərini və email yazışmalarını məhkəməyə təqdim edib.
 


Rza Zərrab həmçinin sabiq nazirin ona qızıl ticarətində gəlirin 50 faizinə şəriklik təklifi etdiyi və onun da bunu qəbul etdiyini söyləyib.

Zərrab "Halkbank"da İran neft şirkətinin, banklarının adına müxtəlif hesablar açıldığını, bu hesablardan ödəmələrin müxtəlif bank əməliyyatları vasitəsi ilə pulun onun hesabına köçdüyünü, o pullar hesabına isə nağd şəkildə qızıl aldığını bildirib. Həmin qızılların isə Dubay üzərindən İrana göndərilmək adə ilə aparıldığını, amma heç vaxt İrana göndərilmədiyini bildirib: "Çünki İranın qızıla yox, xarici ödəmələrini gerçəkləşdirməyə ehtiyacı var idi".
 


Həmin qızılların Dubayda satışını həyata keçirəndən sonra pullar ABŞ-da şöbəsi olan Dubay banklarından birindəki hesaba yatırılıb. Burdan isə müxtəlif ödəmələr həyata keçirilib.

Xatırladaq ki, Zərrab özünü təqsirli bilməyən türkiyəli bankir, "Halkbank"ın beynəlxalq əlaqələr şöbəsinin sabiq rəhbəri Mehmet Hakan Atillanın işində vacib şahid sayılır. 
 


Bu arada Türkiyənin hakim Ədalət və İnkişaf Partiyasının (AKP) İstanbuldan seçilən deputatı Burhan Kuzu Amerikada həbs edilən iş adamı Rza Zərrabla bağlı sensasion sayıla biləcək iddia irəli sürüb.

AKP-li deputat Rza Zərrabın əvvəldən Amerikanın məxfi agenti olduğunu diqqətə çatdırıb.

"CNN Türk" televiziyasının qonağı olan B.Kuzu Zərrabın birdən-birə ittihamları qəbul etməsinin müəmmalı və qeyri-səmimi olduğunu deyib. Millət vəkilinin iddiasına görə, Zərrab ABŞ-ın agenti olub.

O, hesab edir ki, Tramp Rza Zərrab işi ilə Türkiyəyə təzyiq etməyə və bu yolla pul qoparmağa çalışır.





www.ann.az

Xəbər lenti