Sürücülərin nəzərinə: Bu yollar donacaq (FOTO)

Sürücülərin nəzərinə: Bu yollar donacaq (FOTO)
Şimal bölgəsinə qarın yağması ilə əlaqədar Quba rayonunun dağlıq kəndlərinə gedən yollarda avtomobillərin hərəkəti çətinləşib.

ANN.Az Azərtac-a istinadən xəbər verir ki, Azəravtoyol ASC-nin yerli idarəsinin canlı qüvvəsi və texnikaları Quba-İspik-Xınalıq və digər istiqamətlərdə yolları qardan təmizləsə də, sürücülər ehtiyatlı olmalıdırlar. Xüsusilə axşam saatlarında dağlıq ərazilərdəki yollardan mümkün qədər istifadə etməmək tövsiyə olunur. Saat 17:00-dan sonra bu yollarda donma müşahidə edilir.

Azəravtoyol ASC-nin sahə rəisi Bilal Sultanov bildirib ki, dağlıq ərazilərə güclü qarın yağması yollarda avtomobillərin hərəkətini çətinləşdirsə də, həmin istiqamətdəki kəndlərə gediş-gəlişdə məhdudiyyət yaranmayıb. Quba-İspik-Xınalıq yolunun bəzi yerlərində qar örtüyünün hündürlüyü 10 santimetrdən çoxdur.

Sahə rəisi deyib ki, 57 kilometr uzunluğundakı yolda qış günlərində nəqliyyat vasitələrinin maneəsiz hərəkətini təmin etmək üçün bir sıra qabaqlayıcı tədbirlər görülüb. Yolun eniş-yoxuşlu və sərt döngələr olan ərazilərinə səpilmək üçün qum-duz qarışığı yığılıb. Bununla yanaşı, baş verə biləcək qar uçqununun fəsadlarının dərhal aradan qaldırılması üçün ağır texnika və işçilərdən ibarət növbətçi briqadalar təyin olunub.

Hazırda Xınalıq və digər ucqar kəndlərdən rayon mərkəzinə və əks istiqamətdə nəqliyyat vasitələri maneəsiz hərəkət edir.
 



www.ann.az

Xəbər lenti