"Son dövrlər ASALA 30-a yaxın azərbaycanlını qətlə yetirib" - Politoloq

Yaxın Şərqdə sıxışdırılan ASALA formal olaraq 1991-ci ildə buraxıldığını elan etsə də, onun Türkiyədə, Yaxın Şərqdə və MDB məkanında fəal dəst-xətti nəzərə çarpır.

Bu sözləri Axar.az-a açıqlamasında politoloq Nəzakət Məmmədova deyib. O bildirib ki, ASALA Əsəd tərəfdarları sırasında Suriyada döyüşlərdə iştirak edib:

"Türkiyə Xarici İşlər naziri Mövlud Çavuşoğlu isə NATO-nun İstanbulda keçirilən toplantısında həbs edilən və öldürülən PKK terrorçularının içərisində ermənilərin də olduğunu təsdiq etdi. Bu da PKK-nın tərkibində çoxlu sayda ermənilərin Türkiyəyə qarşı vuruşduğunun sübutudur. Son dövrlərdə Gürcüstan və Ukraynada bu terrorçu təşkilat azərbaycanlılara və türklərə qarşı bir sıra təxribatlar törədib. Pokrovsk, Lvov, Xerson şəhərlərində Ukrayna böhranı başladığı dövrdən bəri 30-a yaxın azərbaycanlı iş adamına qarşı silahlı erməni dəstələri tərəfindən hücumların baş verməsi, çoxsaylı azərbaycanlının öldürülməsi və yaralanması, istintaqa cəlb edilmiş ermənilərin diaspor fəalları olması burada adi cinayətdən çox, siyasi məqsədlərin olmasının göstərir. Xüsusilə, daxili işlər nazirinin milliyyətcə erməni olması mütəşəkkil cinayətkar qrupların və hətta terrorçu dəstələrin sərbəst fəaliyyətinə şərait yaradır. Məsələn, azərbaycanlılara qarşı Luqanskda törədilmiş cinayətin azərbaycanlılara və türklərə qatı nifrət hissi ilə seçilən istefada olan erməni general Luqasyanın sifarişi əsasında törədilməsindən sonra Ukrayna hüquq-mühafizə orqanları Luqasyan və Daxili İşlər naziri Avakovun əlaqələrinə əsaslanaraq cinayət işi açmışdılar”.

Politoloq qeyd edib ki, təsadüfi deyil ki, Gürcüstanın Cavaxeti bölgəsində də ermənilərə məxsus çoxlu sayda silah-sursat müsadirə edilib:

"Onların güclü təşkilatlandığı, imkan yaranan kimi separatçı qiyam qaldırmağa hazırlaşdığı barədə faktlar da var. Bu baxımdan Aqasi Arabyanın rəhbərlik etdiyi "Rusiyanın Cavaxk Təşkilatı” xüsusi fəallıq göstərir. Həmin təşkilat Bakı-Tiflis-Qars layihəsinin bu ölkəyə sərfəli olmaması barədə sərsəm iddialarla dolu Gürcüstan prezidentinə təxribatçı məktublar da yazıb. Bu məktublardan onun beynəlxalq əhəmiyyətli bu böyük layihənin həyata keçirilməsinə mane olmaq üçün hər cür canfəşanlq göstərdiyi məlum olur”.

Politoloq vurğulayıb ki, lakin Gürcüstan xüsusi xidmət orqanlarında gürcü familiyası daşıyan ermənilərin separatçı şəxslərlə əlbir olması, eyni zamanda, Gürcüstanın korrupsiyalaşmış dövlət strukturunda erməni diasporunun xeyrinə casusluq edən bir sıra məmurların olması ermənilərin qabaqcadan məlumatlanmasına kömək etmişdir:

"Hüquq-mühafizə orqanlarının planlaşdırdıqları tədbirlərdən ermənilərin vaxtında məlumatlı olması nəticəsində terrorçu separatçılar dəlillərin izini itirir və özləri də gizlənə bilirlər. Gürcüstanın Cavaxeti bölgəsində ASALA terror təşkilatının yerli özək təşkilatı fəaliyyət göstərir. ASALA-nın "Böyük Ermənistan” planlarında Cavaxeti bölgəsi xüsusi strateji ərazi hesab edilir, onun çoxsaylı erməni icmasının yaşadığı Acarıstanla ümumi sərhədə malik olması əsas amillərdən biridir. Cavaxeti-Acarıstan xətti üzrə erməni terrorçularının Qara dənizin Gürcüstan sahillərinə çıxış əldə edərək orada dayaq bazaları yaratmaq planları da mövcuddur. ASALA-nın ləzgi və talış separatçılarının müttəfiqi olması onu Azərbaycan üçün də təhlükəli edir”.

Politoloqun sözlərinə görə, Saakaşvili hökumətinin Rusiyanı Cavaxetidəki erməni separatçılarına kömək etməkdə ittiham etməsinə bəzi ermənilər də qoşulmuş, antirusiya mitinqləri təşkil etmişlər:

"2005-ci ildə Gürcüstan Rusiyanın Batumi və Axalkalaki hərbi bazasının yerləşdirilməsinə etiraz edərkən gürcü parlamentinin erməni deputatları həmin bazaları erməni terrorçularının Gürcüstandakı dayaq məntəqələri adlandırıblar. Gürcüstan və ABŞ mətbuatı Batumi və Axalkalakidəki hərbi bazalardakı silahların ASALA-ya ötürüldüyü barədə məlumatlar yayımlayıb. Xüsusilə Bakı-Tiflis-Ceyhan və Bakı-Tiflis-Ərzurum layihələrinin reallaşması zamanı bu məsələlər gündəmdə olub. Rusiya 2007-ci ildə Gürcüstandan hərbi bazasını çıxarsa da, 2008-ci il müharibəsində Gürcüstanın məğlub olunmasında Cavaxetidəki erməni terrorçularının, habelə Gürcüstanın hərbi və siyasi elitasında yer tutan ermənilər və onlara havadarlıq edən məmurların rolu olduğu isə istisna edilmir. Abxaziya ilə müharibə zamanı ermənilərin abxazların tərəfində vuruşması gürcülərdə bu ehtimalı artırıb. Bütün bunlar ASALA-nın Yaxın Şərqdə yaranmış gərginlikdən istifadə edərək Azərbaycan və Türkiyəyə, habelə bu ölkələrlə həmsərhəd və ya güclü mövqelərinin olduğu üçüncü dövlətlərdəki siyasi-iqtisadi, hərbi maraqlarına zərbə vurmaq planlarını göstərir”.

www.ann.az

Xəbər lenti