"SOCAR"ın yeni təlim otağının açılışı oldu (FOTOLAR)

Bu gün SOCAR-ın Təlim, Tədris və Sertifikatlaşdırma İdarəsinin Sumqayıt Təlim-Tədris Mərkəzində müasir texnologiyaları ilə məşhur olan Yaponiyanın dünyada tanınmış "Yokogowa Electric Corporation" şirkətinin (Yokogowa Electric CİS Ltd - MDB ölkələri üzrə baş ofisi) dəstəyi ilə müasir avtomatik idarəetmə sistemləri üzrə təlim otağının açılışı olub.

Ann.az xəbər verir ki, SOCAR-ın Kadr, Rejim və İnformasiya texnologiyaları üzrə vitse-prezidenti Xalik Məmmədov, şirkətin Təlim, Tədris və Sertifikatlaşdırma İdarəsinin rəisi Fuad Suleymanov, Yaponiyanin Azərbaycandakı fövqəladə və səlahiyyətli səfirinin birinci katibi cənab Usuin və digər rəsmilərin iştirak etdiyi tədbirdə "Yokogowa Electric Corporation" şirkəti Rusiya nümayəndəliyinin Baş direktoru Vladimir Saveliyevin rəhbərliyi altında 5 nəfərlik nümayəndə heyəti ilə təmsil olunub.




Bugün istifadəyə verilən və müvafiq avadanlıqlarla təchiz olunan otaq Avtomatik idarəetmə sistemləri üzrə təlimlərinin aparılması, proqram təminatı, həmçinin CENTUM və ProSafe sistemləri üzrə təlimlərin keçirilməsi üçün nəzərdə tutulub. 



Tədbirdən sonra mətbuata açıqlama verən SOCAR-ın Təlim, Tədris və Sertifikatlaşdırma İdarəsinin rəisi Fuad Süleymanov təlim otağının məqsədlərindən danışıb və "Yokogowa Electric Corporation" şirkəti ilə əməkdaşlığın bundan sonra da davam etdiriləcəyini bildirib:

"Bu təklif "Yokogowa Electric Corporation" şirkəti tərəfindən edildi və biz də bunu dəyərləndirdik. Burada əsas məqsəd "SOCAR Polymer", "Karbamid" və "Azərkimya" istehsalat birliyinin istehasalat sahələrində çalışan işçilər üçün ixtisasartırma kurslarının keçirilməsidir. Bunun üçün "Yokogowa Electric Corporation" şirkəti yeni istifadəyə verilən təlim otağında ən müasir stendi qurub. Düşünürük ki, təlim-tədris məsələləri ilə bağlı əməkdaşlığımız bundan sonra daha geniş sferada davam etdiriləcək".



"Azərkimya" İB-nin Etilen-Polietilen zavodunun direktoru Oktay Niftəliyev isə peşə məktəblərinin öz fəaliyyətini dayandırdıqdan sonra ixtisaslı mütəxəssislərə ehtiyac olduğunu və bu baxımdan yeni təlim otağının əhəmiyyətindən söz açıb:

"Bugün həm Sumqayıt təlim-tədris mərkəzinin, həm də "Azərkimya" İB-nin Etilen-Polietilen zavodu üçün əlamətdar gündür. Ümumiyyətlə fəhlə kadrlarının hazırlanmasında Sumqayıt Təlim-Tədris mərkəzinin böyük rolu var. Uzun illər bu sahədə boşluqlar yaranmışdı. Həm Sumqayıtda, həm Bakıda, həm də regionlarda peşə hazırlığı məktəblərinin fəaliyyətini dayandırması müəssisələri böyük bir promlemlə qarşı-qarşıya qoymuşdu. 2013-cü ildə istifadəyə verilən bu təlim-tədris mərkəzi SOCAR-ın bir çox müəssisələri, əsasən də Etilen-Polietilen zavodunun kadr hazırlığı bazası oldu. Burada təkcə gənclərin peşə yönümündə hazırlanması deyil, həm də zavodun fəhlə və mühəndislərinin ixtisasartırma kursları, müxtəlif təlimlərdə iştirakı üçün böyük imkanlar yaradıb. Bu baxımdan təlim-tədris mərkəzi beynəlxalq standartlara cavab verən bir neçə laboratoriyadan ibarətdir ki, onlardan biri də bu yaxınlarda istifadəyə verilən avtomatik idarəetmə sistemləri üzrə təlim otağıdır. "Yokogowa Electric Corporation" şirkəti ilə "Azərkimya"nın sıx əlaqələri var. 2013-cü ildə həmin şirkət bizim zavodun buxar generator kompleksində özünün avtomatik idarəetmə sistemini qurmuşdu, lakin həmin sistemlərin idarə edilməsində mütəxəssis hazırlığı aşağı səviyyədə idi. Düşünürəm ki, yeni təlim otağının istifadəyə verilməsi ilə bu problem aradan qalxacaq və bunun zavodun kadr heyətinin hazırlanmasında böyük köməyi olacaq".
 

 
Çingiz Səfərli

www.ann.az

Xəbər lenti