"Şamaxinka"nın tıxac problemi həll olunur? (FOTOLAR)

Bakının "Şamaxinka” deyilən ərazisində olan zolaqlı piyada keçidi uzun illərdir ki, sürücülərə problem yaradır.

ANN.Az musavat.com-a istinadən xəbər verir ki, bəhs edilən ərazidə yerləşən piyada keçidindən istifadə edən vətəndaşların çox olması və onların toplanıb bir arada deyil, bir-bir, iki-iki yolu keçməsi şəhərə gələn və şəhərdən çıxan avtomobillərə problem yaradır.

Hər dəfə piyadaya yol verməli olan sürücülər artıq təngə gəliblər. Çünki bir neçə dəqiqə orada ancaq piyadaya yol verməyə məcbur qalan sürücülər məsələnin dövlət tərəfindən həll edilməsini istəyirlər.

Taksi sürücüsü kimi fəaliyyət göstərən Ağakişi Səfərov deyir ki, günün istənilən saatında burada piyada keçidinə görə tıxac yaranır: "Onsuz da Bakı-Sumqayıt yolu tıxacsız keçmir. Birtəhər o yoldan canımızı qurtarıb şəhərə girmək istəyirik. Onda da burada ilişib qalırıq. Piyada zolağıdır, piyadaya yol verməliyik. Amma belə də olmaz da. 5 nəfər dayanır zolağın kənarında, maşını saxlayıram ki, keçsinlər. Bunlardan 1-i keçir, ikisi telefonla oynaya-oynaya...

Bunlar birtəhər keçir, qəfil qaça-qaça digəri zolağa gəlir. Yol verməsəm cərimə ediləcəyəm, amma tıxacda qalmıram. Yol versəm cərimə edilmirəm, amma tıxacda qalıram. Sağa-sola qaçan piyadalardan imkan tapıb maşını sürməsək burada aləm bir-birinə qarışır. Səhərlər şəhərə maşını ilə gələnlər, taksilər, marşrut avtobuslarını nəzərə alaq. Bir yandan da bu zolaqlı keçidin yanında da avtobus dayanacağı var. Bir düşür o yana keçir, oyanda olan bu tərəfə keçir. Buraya yolun bir hissəsini qapadan taksiləri də əlavə edəndə tıxacdan qaçmaq mümkün olmur. Bezmişik".

Digər bir sürücü Rüfət Bunun bir çarəsi var. Zolaqlı piyada keçidi ləğv edib, yerinə ya yeraltı, ya da yerüstü keçid tikilməlidir: "Bunu hamı görür, hamı bilir. Bütün sürücülərin də dərdi bu keçiddir. Dövlət qurumları bunu görmür? Bu boyda yolda da zolaqlı keçid olar? Burada normal hərəkət sistemi qursalar, 10 saniyə belə tıxac olmaz".

Piyadalar da vəziyyətdən razı deyillər. Sumqayıt sakini Lalə Abbasovanı sözlərinə görə, tez-tez sürücülərlə söz dalaşına çıxırlar: "Piyada keçidindən keçəndə sürücülər narazılıq edir. Bizlik də bir şey yoxdur. Yolu haradan keçməliyik? Qaydanı pozmuruq ki. Amma dava-dalaşdan da bezmişik. Keçidlə keçəndə qəfil hansısa sürücü siqnala basır, adam dik atılır. O biri arxada bağırır. Səhər-səhər adamın bütün əsəbləri pozulur. Burada yerüstü keçid tiksələr biz də rahat olarıq, sürücülər də".

"Azəravtoyol" ASC-nin mətbuat xidmətinin rəhbəri Anar Nəcəfli musavat.com-a açıqlamasında deyib ki, yaxın zamanda bəhs edilən ərazidə yerüstü keçidin tikintisi planlaşdırılır: "Oradakı sıxlığın qarşısını almaq üçün yerüstü asma keçid tikiləcək. Keçidin layihəsi də hazırdır. Maliyyənin ayrılmasını gözləyirik. Gərəkli vəsait ayrılan kimi inşa prosesi başlayacaq".
 








www.ann.az

Xəbər lenti