Rus deputatdan Fəridə Rüstəmovaya əxlaqsız təklif: “Onun arvadı, mənim məşuqəm ol"

Rus deputatdan Fəridə Rüstəmovaya əxlaqsız təklif: “Onun arvadı, mənim məşuqəm ol
Rusiyanın Dövlət Dumasında ilk dəfədir ki, seksual qısnama ilə bağlı qalmaqal qızışmaqdadır: jurnalist qadınlar deputat Leonid Slutskini nalayiq hərəkətdə ittiham edirlər. Millət vəkili bütün bunların iftira olduğunu deyir və sübutlar tələb edir.

BBC-nin bu barədə öz dəlilləri var

Son iki həftə ərzində birdən-birə iki jurnalist qadın - RTVI telekanalı baş redaktorunun müavini Yekaterina Kotrikadze və Dojd telekanalının prodüseri Darya Juk Liberal-Demokrat Partiyasından (LDP) millət vəkili Leonid Slutskinin qısnamaları barədə bəhs ediblər. Bundan əvvəl Dojd iddia edirdi ki, Slutski jurnalist qadınları dəfələrlə qısnayıb.

Dövlət Dumasında bildirirlər ki, deputatın təqsiri sübuta yetirilməyib. Onlar etika komissiyasına müraciət etməyi məsləhət görürlər. Deputatın özü hər şeyi inkar edir və iftiraya görə məhkəməyə müraciət edəcəyi ilə hədələyir.

BBC-nin Rus xidməti Dumada işləyən jurnalistlər və məmurlarla söhbət edib və Slutskinin ittiham edilməsi üçün əsasın olub-olmadığına baxıb.

"Onun arvadı, mənim məşuqəm olarsan"

2017-cin il martın 24-də BBC Rus xidmətinin müxbiri Fəridə Rüstəmova Fransa prezidentliyinə namizəd Marine Le Penin Rusiyaya planlaşdırılan səfəri barədə şərh almaq məqsədilə LDP-dən olan deputat Leonid Slutskinin ikonalarla bəzədilmiş kabinetinə gəlib. Bu redaksiya tapşırığı idi: Fransada prezident seçkisinə bir ay qalırdı. Belə bir vaxtda Le Penin Rusiyaya səfəri, komitənin onun iştirakilə keçirləcək qapalı yığıncağı və nəhayət prezident Putinlə görüşü istənilən media qurumu üçün maraqlı məsələlər idi.

Rüstəmova kabinetə deputatın mətbuatla əlaqələr üzrə köməkçisi Diana Rudakova ilə birlikdə daxil olmuşdu. O deputatla salamlaşmış və gəlişinin səbəbini izah etmişdi. Həm Slutski, həm də Rudakova həmin ana qədər jurnalisti artıq iki ilə yaxın idi ki, tanıyırdılar.

Lakin Slutskinin mətbuat üzrə köməkçisi eyni zamanda həm də TASS-ın müxbiri olduğundan BBC müxbiri Rudakovadan qısa müddətə kabinetdən çıxmasını xahiş edib. Rüstəmova Slutski ilə tək qalmaq istəyini belə izah edir ki, "Duma, hakimiyyətin ən açıq orqanı olduğundan burada jurnalistlər arasında rəqabət yüksəkdir. Hamı deputatla elə söhbət etmək istəyir ki, həmkarlardan heç biri bu barədə bilməsin".

Köməkçi otaqdan çıxıqdan sonra Rüstəmova öz sualını verib: "Le Pen seçki ərəfəsində nə üçün Moskvaya gəlib?" Slutski cavab verib ki, fransız xanım sadəcə olaraq parlament diplomatiyası müstəvisindəki "maraqlı siyasətçilərlə görüşmək istəyib". Jurnalist qız xatırlayır ki, Slutski ilə onun arasında üç metrədək məsafə olub. O stolun arxasındakı stula söykənmişdi, Rüstəmova isə qapının yaxınlığında dayanmışdı.

Aşağıdakı söhbət eynilə Slutski və Rüstəmovanın arasında baş verib, çünki bütün söhbət Rüstəmovanın diktafonuna yazılıb.

Bu söhbətin audioyazısının surəti BBC-nin Rus xidmətində var.

Rüstəmova Slutskiyə demişdi ki, söhbət mikrofonsuz olacaq. Jurnalist praktikasında bu o deməkdir ki, deputata birbaşa onun adından hansısa şərhin mediaya verilməyəcəyi vəd olunur. Buna baxmayaraq diktafon işləyrdi və Slutski də bundan xəbərdardı.


Leonid Slutski artıq 5-ci çağırış Duma deputatıdır

Söhbətin bu yerində Slutski gözlənilmədən mövzunu dəyişib və təklif edib: "Dovşancıq, bəlkə bu [...] BBC-ni buraxasan? Mən səni bir yerə götürərəm". Rüstəmova təklifdən imtina edib və soruşub ki, bəlkə, fransız siyasətçinin səfəri barədə şərh ala bilməməsi məhz BBC-də işləməsi ilə bağlıdır?

"Yox, çünki sən məndən qaçırsan, öpüşmək istəmirsən, mən də səndən incimişəm" - deyib deputat.

- Leonid Eduardoviç, mənim sevgilim var...

- At da onu.
- İstəmirəm.

- Niyə?
- Ona ərə getmək istəyirəm.

- Əla, onun arvadı olarsan, mənim də məşuqəm.

Rüstəmova bundan sonra da Le Pen haqqında bir neçə sual versə də, ağıllı-başlı cavab ala bilməyib. Daha sonra deputat ayağa qalxaraq ona yaxınlaşıb: "Yaxşı, dovşan, kefin olanda görün, səninçün darıxmışam". Jurnalist xatırlayır ki, siyasətçi qəfildən ona yaxınlaşıb və "əlinin içi ilə onun qasığına toxunub". Müxbir qadın bu anda geri sıçrayıb.

Rüstəmova xatırlayır ki, bu hərəkətin gözlənilməzliyindən şoka düşüb və süst qalıb: "Mən nə baş verdiyini anlamırdım. Bu çox kəskin hərəkət idi. Dilim topuq çalırdı, iflic olmuşdum. Mən mızıldandım ki, "daha sizin yanınıza gəlməyəcəyəm, siz əl-qol atırsınız..."

Audiyazıdan belə görünür ki, Slutski hərəkətinin belə qiymətləndirilməsi ilə razılaşmayıb:

"Mən əl-qol atmıram...Belə də...bir az...Əl-qol atmaq yaxşı ifadə deyil" - deyib deputat.

- Axı siz bunu edirsiniz!

- Mən bunu gözəl şəkildə edirəm.

- Sizin indicə etdiyiniz çox eybəcər hərəkət idi. Mən bundan əsəbiləşirəm. Bu rəzalətdir.

"Həyəcanlanma. Mənim yanıma gəl. Mən səni görməyə həmişə şadam" - deyib Slutski və sonra yekunlaşdırıb: "Dovşan, əgər mən sənə nəsə danışsaydım, məni cəzalandırardılar. Mən sənin gəlişindən istifadə etdim ki, sənə marağımı bir də göstərim. Sən bu [...] cavan oğlanı at getsin. Mənə baş çək. Bunu nə qədər tez etsən, bir o qədər yaxşıdır. Mən sənə doğrudan da kömək etməyə hazıram".

Rüstəmova bir il sonra danışır ki, kabinetdən çıxanda "hönkürüb və üçüncü mərtəbədəki mətbuat zalına gedib". Başına gələnləri danışmaq üçün həmkarlarını axtarıb.

Parlament jurnalistlərindən biri BBC-yə Rüstəmovanın bir il əvvəl çox pis durumda "akvariuma" (mətbuat zalının qeyri-rəsmi adı) gəldiyini və əhvalatı bir neçə həmkarına danışdığını xatırladığını təsdiqləyib.

Rüstəmova başına gələnlər barədə görüşdüyü cavan oğlana, dostlarına, bəzi həmkarlarına və birbaşa müdirlərinə danışıb. BBC-dəki dostları da Rüstəmovanın bütün bunları danışdığını təsdiqləyirlər.

BBC-nin mətbuat xidməti Fəridənin əhvalat barədə dərhal rəhbərliyə xəbər verdiyini bildirib. BBC-nin rəsmi bəyanatında deyilir: "BBC öz jurnalistlərinin təhlükəsizliyi və durumuna ciddi yanaşır və iddia olunan qısnamalarla bağlı onlara dəstək verir. Bu insidentlə bağlı biz Fəridənin arzusuna uyğun şəkildə hərəkət etmişik".

Slutski martın 24-də baş vermiş insidentlə bağlı, bu material dərc edilənədək heç bir şərh verməyib.

"Təkbaşına nə isə etməkdən qorxurdum"

Rusiyada seksual qısnamaya görə məsuliyyət nəzərdə tutan qanun yoxdur. Hətta Cinayət Məcəlləsinin "seksual xarakterli hərəkətlərə məcbur etməyə dair" 133-cü maddəsi də işləmir, deyir Dumanın deputatı Oksana Puşkina. Buna görə də Rüstəmova polisə getmək variantı barədə heç düşünməyib də...

O dostları ilə Duma rəhbərliyinə müraciət də daxil, bütün variantları götür-qoy edib. Amma təklikdə nə isə etməyə qorxub. "Təkbaşına nə isə etməkdən qorxurdum" - deyir. Rüstəmova bildirir ki, özünün qınaq obyektinə çevrilə biləcəyindən ehtiyat edib, çünki Rusiyada belə məsələlərdə adətən qurbanı ittiham edirlər.

Fəridə bildirir ki, niyə dərhal reaksiya vermədiyi üçün özünü çox qınayıb. "Niyə ona kəskin reaksiya vermədim, niyə qışqıra, onu vura bilmədim? Mən başına çırkab tökülmüş birisi kimi donub qalmışdım. Xəcalət çəkirdim ki, audioyazıda mənim aciz kəkələməyim qalıb - "Bu rəzalətdir..."

Fəridə Rüstəmova bildirir ki, bütün bu sarsıntılarını psixoterapevtlə müzakirə edib.


RTVI kanalı baş redaktorunun müavini Yekaterina Kotrikadze Slutskinin hərəkəti barədə öz adı ilə açıq danışan ilk jurnalist olub

"Həmişə gözlərini zilləyirdi"

Daimi olaraq Dövlət Dumasında işləyən jurnalistlərdə Slutski haqqında müəyyən rəy formalaşıb. Bu barədə BBC-yə parlamentdə çalışan dörd jurnalist məlumat verib. Adlarının bu qalmaqalla bağlanmasını istəmədiklərindən bu jurnalistlər anonim qalmaq istəyiblər.

BBC-nin həmsöhbəti olmuş qadın jurnalistlərin hamısı deyirlər ki, Slutskidən telefon və SMS-lə şərh almağa çalışırlar. Onunla şəxsən görüşmək istəmirlər.

"Mən onun necə bir şəxs olduğunu başa düşəndən sonra sadəcə olaraq bu adamla ünsiyyəti kəsdim. Əvvəla dərhal "sən" deyə müraciət edir, adamın başının üstündən sallanır, axmaq-axmaq zarafatlar edir. Onunla ünsiyyəti dayandırmaq barədə qərarı isə ən əsası ona görə verdim ki, mənə çox şorgözlüklə baxırdı" - deyib qızlardan biri.

"Daim gözlərini zilləyir. Adama şərh verəndə onun gözünə yox, döşlərinə baxır. Dəhlizlə gedəndə isə çönüb gündəyməzimə baxır. Biz bunu həmkarlarımızla çox müzakirə etmişik" - deyir başqa bir jurnalist.

Jurnalistlər deyirlər kİ, bütün bunlara baxmayaraq bir neçə il ərzində vəziyyət o qədər də ciddi görünmürdü. Onlardan biri bildirir ki, Rüstəmovanın başına gələni eşidəndə dərhal onun tipik vəziyyətlə üzləşdiyini anlayıb. Sadəcə olaraq Rüstəmova belə bir halla ilk dəfə üzləşmişdi.

BBC ilə söhbət etmiş üç jurnalist bunu da deyib ki, beynəlxalq siyasət komitəsi sədrinin davranışını Dövlət Dumasının mətbuat xidmətinin başçısı Konstantin Tarasovla da müzakirə ediblər. Onlar adlarının çəkilməsini istəmirlər.

Bununla belə mətbuat xidmətini qınamadıqlarını deyirlər. Əksinə xidmətdə onlara həmişə anlaşma ilə yanaşıblar. Yəni onlara özlərinin təqsirkar olduğunu deməyiblər, əksinə adam kimi söhbət ediblər.

Lakin BBC ilə söhbətində Duma mətbuat xidmətinin rəhbəri jurnalistlərlə belə məsələləri müzakirə etmədiyini, deputatın qısnama aktı barədə isə mediadan eşitdiyini deyib.


Darya Juk Slutski tərəfindən qısnamaya qaldığı barədə anonim məlumat verən üç qadın jurnalistdən biridir

İctimai qalmaqal

Slutskinin davranışı barədə açıq şəkildə o vaxt müzakirə olunmağa başlanıb ki, bu barədə onun bilavasitə partiya bosu olan Vladimir Jirinovskiyə Dojd telekanalının canlı efirində sual verilib. Jirinovski telekanala 2018-c il prezident seçkisi öncəsi müsahibə verməyə gəlmişdi.

"Bu barədə bütün Dövlət Duması bilir" - deyə sual vermişdi telekanalın müxbiri Yelizaveta Antonova.

Jirinovski cavab vermişdi ki, bu barədə şəxsən ona heç nə məlum deyil. O buna baxmayaraq Slutski ilə "danışacağını" vəd etmişdi.

Elə həmin axşam Dojd telekanalının saytında dərc olunmuş məqalədə deyilirdi ki, seksual qısnamalar barədə adlarının çəkilməməsi şərtilə iki müxbir və bir prodüser məlumat veriblər.

Anonim prodüserin adı iki həftədən sonra bəlli olmuşdu: Bu Dojd telekanalının əməkdaşı Darya Juk idi. O deyirdi ki, Slutski ilə, onu SMS vasitəsilə efirə dəvət edəndə ünsiyyətdə olmuşdu. O cavab SMS-ində yazırdı ki, efirə bir şərtlə gələ bilər: Əgər prodüser onunla şam etməyə razılaşsa. Prodüser deyir ki, o studiyaya gələndə onu dodaqlarından öpməyə və yanbızlarına toxunmağa çalışıb. Bu hadisə 2014-cü ildə olmuşdu. Slutski bu hadisə barədə şərh verməyib.

Bundan əvvəl Slutskini açıq şəkildə qısnamada ittiham edən RTVI kanalının baş redaktor müavini Yekaterina Kotrikadze olmuşdu. O danışırdı ki, Slutski ilə 2011-ci ildə, onun özü hələ gürcü telekanalında çalışanda tanış olub. Onun sözlərinə görə Slutski kabinetin qapısını bağlayıb və jurnalisti divara sıxaraq öpməyə çalışıb.

"Gürcü jurnalistlərə qalsa, onlar məni təkcə bunda ittiham etmirlər" - demişdi Slutski BBC-yə.

Kabinetdəki əhvalatdan bir il sonra Fəridə Rüstəmova da açıq çıxış etmək qərarına gəlib. O öz motivasiyasını belə izah edir: "Məlum oldu ki, Dojd kanalının dərc etdiyi yazıya reaksiya verən yoxdur. Əvəzində telekanalı murdar çirkabla ləkələyiblər. Üstəlik burada başqa bir qız da əziyyət çəkirdi. Elə bilirdilər ki, anonim mənbə odur. Nə isə qərara gəldim ki, o qızı mümkün nəticələrdən, Dojd kanalını isə məhkəmədən xilas etmək üçün bu məsələni açıq meydana çıxarım".


Dövlət Dumasının spikeri Vyaçeslav Volodin "Slutski məsələsi" barədə hələ fevralın 23-də xəbər tutmuşdu. O martın 2-də məsələni şəxsi nəzarətinə götürəcəyini vəd etmişdi

"Etika komissiyasına niyə müraciət etməmisiniz?"

Dojd telekanalının saytında bu hadisə barədə ilk yazı anonim mənbələrə istinad edirdi və buna görə də millət vəkillərinin qəzəbinə səbəb olmuşdu. "Şübhə doğuran budur ki, onlara qarşı seksual qısnama olubsa, niyə susublar? Niyə öz iradları ilə çıxış etməyiblər? Niyə etika komissiyasına müraciət etməyiblər? Mən sizin quyruğunuza düşüb, seçki kampaniyasını atıb kimin kimə sataşmasını güdüb-araşdıran deyiləm. Əgər müraciət olunmayıbsa, deməli təxribatdır" - deyib partiyanın lideri Jirinovski.

Fevralın 26-da parlamentdə çalışan jurnalistlər, az qala bütün heyətlə Dövlət Duması aparatının müdir müavini Vadim Marşalkonun yanına gələrək, spiker Vyaçeslav Volodinin bu məsələ ilə şəxsən məşğul olmasını rica ediblər.

Bu görüşdə Fəridə Rüstəmova da iştirak edirdi. Onun sözlərinə görə Marşalko bu vəziyyəti ciddi qiymətləndirdiyini bildirib, amma deyib ki, qısnama barədə şikayətin anonim olması onu təəccübləndirir. O bu barədə etika komissiyasına müraciət etməyi məsələhət görüb. Rüstəmova bu görüşdə parlament jurnalisti kimi iştirak edirdi. Buna görə də Slutskinin hərəkətlərindən özünün də ziyan çəkdiyi barədə Duma aparatı başçısının müavininə heç nə deməyib.

Fevralın 28-də bu məsələ ilə bağlı Volodin şərh verib. O deyib ki, "haqqında danışılan hallar həyəcan doğurmaya bilməz və heç kim bunun yanından sakitcə ötüb keçmək fikrində deyil. Amma bu problemi yalnız hüquqi müstəvidə həll etmək lazımdır". Volodin zərərçəkənlərə yenə də həmin bu etika komissiyasına müraciət etməyi tövsiyə edib. Martın 2-də Volodin "Slutski ilə bağlı məsələni öz nəzarəti altına götürəcəyini" deyib.

Dojd kanalının prodüseri ötən həftə Dövlət Dumasının deputat etikası məsələləri komissiyasına ərizə ilə müraciət edib. Fəridə Rüstəmova da komissiyaya martın 6-də ərizə verib.

Rüstəmovanın sözlərinə görə ötən bir il ərzində Slutski ondan üzr istəməyə cəhd göstərməyib, o isə öz növbəsində şərh üçün daha ona müraciət etməyib.

BBC 24 mart 2017-ci ildə baş vermiş hadisə barədə Fəridə Rüstəmovanın dediklərini şərh etməsi üçün Slutskiyə elektron poçtu ilə rəsmi sorğu göndərib, bundan sonra isə onunla telefonla əlaqə yaratmağa çalışıb. Amma bu yazı dərc edilənədək Slutskidən heç bir cavab alınmayıb.

Slutski bu qalmaqala öz münasibətini Putinin Federal Məclisə müraciətindən sonra bildirib. O BBC müxbirinə deyib: "Bu sadəcə olaraq sifarişdir. Camaatı beynəlxalq işlər komitəsinin, xüsusilə də onun sədrinin Qərbdəki nüfuzunun artması qane eləmir. Bu təəssüf ki, zəmanəmiz üçün tipik olan sifarişdir. Məqsədi nüfuzdan salmaqdır, amma yəqin ki, bunun əksi baş verib".

www.ann.az

Xəbər lenti