Rey Bredberi.Elektrik bədəni nəğmələrimdə tərənnüm edirəm. (Fantastik hekayə)

Rey Bredberi.Elektrik bədəni nəğmələrimdə tərənnüm edirəm. (Fantastik hekayə)
Rey Bredberi — məşhur Amerika fantast-yazıçısıdır. "Mars xronikaları" (1950), "Şəkilli kitabdakı adam" (1951), "Günəşin qızıl almaları" (1953), "Farenheytlə 451°" (1955), "Ən yaxşı əyyam" (1959), "Elektrik bədəni nəğmələrimdə tərənnüm edirəm!" (1969) və s. elmi-fantastik əsərlərin müəllifidir. Rey Bredberi iyunun 6-da Los-Anceles şəhərində, ömrünün 92-cı ilində vəfat edib.



Elektrik bədəni nəğmələrimdə tərənnüm edirəm!


Mənim nənəm!..
Nənəmin doğum gününü yaxşı xatırlayıram.
Sözlərimə şübhəylə yanaşıb deyəcəksiniz, heç adam da nənəsinin doğum gününü xatırlaya bilər? Amma sizin necə düşünməyinizdən asılı olmayaraq, biz bu günü xatırlayırıq. Biz, yəni onun nəvələri. Timoti, Aqata və mən - Tom. Nənəmin işıqlı dünyaya göz açmasına biz kömək etdik. İlk dəfə ona biz şapalaq vurduq və “təzə doğulmuş” uşağın çığırtılarını eşitdik. Biz onu müxtəlif detallardan, elektrik məftillərindən quraşdırdıq, ona müxtəlif hisslər, dadbilmə qabiliyyəti bəxş etdik, həvəslər, adətlər aşıladıq. Bəxş etdiyimiz lütflər sayəsində, bizi danlayanda kompasının əqrəbləri cənub istiqamətinə, ürək-dirək verəndə, əzizləyəndə şimal istiqamətinə, ucsuz-bucaqsız dünyanı bizə göstərmək istəyəndə isə şərqə-qərbə istiqamətlənirdi. Gözləri bizi gəzirdi, bizi axtarırdı, bizi tapırdı. Dodaqları qulağımıza həzin-həzin layla pıçıldayırdı. Əlləri səhərlər günəş oyanarkən bizi yuxudan oyadırdı.

Nənəcan, əziz Nənə, uşaqlığımızın elektrik dolu gözəl bir nağılı...

Üfüqdə şimşəklər çaxarkən, əyri-üyrü ildırım xəttləri səmanı doğrayarkən, onun adı alovlu hərflərlə, gözlərini qapamış əsrlərimdə həkk olunur. Gecənin ölü sükutunda qulaqlarıma yenə də asta-asta tərpənən taqqıltı, dızıltı səsləri gəlir. O, yaddaşımın uzun dəhlizlərindən saat-kabuslar kimi keçir, sanki bir dəstə ağıllı arı ötüb-keçmiş yay fəslini yaxalayır. Bəzən də, gecə düşərkən, bizə öyrətdiyi gülüş dodaqlarıma qonur...

Səbirsizlənərək sözümü kəsəcəksiniz, deyəcəksiniz bütün bunları bildik, indi de görək, belə gözəl, belə qəribə, sizi belə çox istəyən nənəniz necə oldu ki “doğuldu”.
Bu hadisə həyatdan əlimi tamamilə üzdüyüm həftədə baş verdi...
Anam öldü.

Alatoranlıqda qara bir limuzin, atamı və bizim üçümüzü evin qarşısındakı yolda qoyaraq getdi. Pərişan halda çəmənliyə baxıb düşünürdük: “Yox, bu bizim çəmənlik deyil. Halbuki, kroket oynamaq üçün nəzərdə tutulmuş meydançada ağac çəkiclər və şarlar əvvəlki kimi tənhacasına yerə sərilmişdi, məftil qapılar isə üç gün əvvəlki kimiydi. Üç gün əvvəl atam hönkürə-hönkürə evdən çıxaraq bizə demişdi: kişi qırığının diyircəkli konkiləri yenə yerdə qalıb, - atamın dediyi o kişi qırığı mən idim. O zamanlar birdəfəlik uçub getdi. Qoca palıd ağacının budağından kəndirlə asılmış yelləncək tək-tənha sallanıb, onsuz da Aqata bu yelləncəyə minib yellənə bilməyəcəkdi, yelləncəyin kəndiri onun ağırlığına tab gətirməyib qırılacaqdı”.

Hələ evimizi demirəm... Ay Allah...
Ehtiyatla yarı açıq qapıya baxırdıq. Evin dəhlizlərində gizlənə biləcək əks-sədalardan, otaqlardakı mebellər çıxarıldıqdan sonra anidən məskən salan boşluğun uğultusundan, evdə yaşayan insanlar nə qədər səs-küy salsa belə, bu hay-küyü aradan qaldıra biləcək bir kimsənin olmamasını anlamağın gətirdiyi ümidsizlikdən qorxurduq. Evimizdə nəsə çatmırdı. Nəsə yumşaq, rahat, nəsə bizim üçün vacib olan, gözəllik saçan bir nəsə evimizdən həmişəlik yox oldu.

Qapı yavaş-yavaş açıldı.

Bizi qarşılayan sükut oldu. Nəmişlik qoxusu gəlirdi. Yəqin zirzəminin qapısını açıq qoymuşdular. Axı evimizin zirzəmisi yoxdur!..

- Hə, uşaqlar... – atam dedi.

Evin kandarında donub qaldıq.
Klara xalanın sarı rəngdə böyük maşını evimizə yaxınlaşdı. Atamı çıxmaq şərtilə, sanki bizi külək üfürdü, evə atıldıq, hərə öz otağına dağılışdı. Bağırtı səsləri eşidirdik – onlar qışqıra-qışqıra mübahisə edirdilər. “Qoy uşaqlar mənim evimdə qalsınlar!” – Klara xala bağırırdı. “Heç ağlının ucundan keçirmə!.. Onlar ölərlər, amma!..” – atam cavab verirdi.
Qapı çırpıldı. Klara xala getdi.

Az qalmışdı sevincimizdən atılıb-düşək. Özümüzü ələ alıb, yeyin addımlarla aşağı enməyə başladıq.

Atam oturub ya özü-özüylə, ya da anamın solğun kölgəsiylə, olub-keçənlərdən, bizimlə birgə olduğu, sağlam olduğu zamanlardan danışırdı. Ancaq çırpılan qapının səsi kölgəni hürkütdü və anam yox oldu. Atam əllərinin boşluğuna baxıb, özü-özüylə pərişan-pərişan danışırdı:

- Enn, anla məni, uşaqlara kimsə baxmalıdır... Allah şahiddir, uşaqlarımı sevirəm, amma hamımızı yedirtmək üçün işləməliyəm. Sən də uşaqlarımızı sevirsən, Enn, bilirəm, amma bizimlə deyilsən. Bəs Klara?.. Yox, bu mümkün deyil. Onun sevgisi... ürəksıxıcıdır. Dayələr, qulluqçular...

Atam kədərli-kədərli ah çəkdi, elə biz uşaqlar da o zamanları xatırlayıb ah çəkdik.
Dayələrlə, tərbiyəçilərlə, qulluqçularla işimiz heç düz gətirmirdi. Hamısı zəhləmizi tökürdü. Onların bizim evdə peyda olmalarını təbii fəlakətlə, tufanla, heç bir günahın yiyəsi olmayan başımıza gözlənilmədən düşən baltayla müqayisə etmək olardı. Onların heç bir işə yaramamalarına şübhə yoxdur. Uşaqların sözləriylə desək, yanmış suxarılara və ya turşumuş şirniyyata bənzəyirlər. Bizimlə əşya kimi davranırdılar. İcazə almadan oturduqları, təmizlədikləri, tozunu aldıqları, yay-payız üzlüyünü dəyişdikləri və ildə bir dəfə dəniz sahilinə büsbütün yumaq üçün apardıqları mebel dəstlərinə bənzəyirdik.

- Uşaqlar, bizə kimsə... – atam sakitcə dedi.

Atamın pıçıltıyla dediyi sözləri eşitmək üçün məcbur qalıb ona yaxınlaşdıq:

- ...nənə lazımdır.

- Axı bizim nənələrimiz çoxdan ölüblər! – Timoti doqquz yaşlı oğlan uşağının amansız məntiqiylə ucadan dedi.

- Belə baxanda düz deyirsiniz, amma məsələ burasındadır ki...

Atam niyə belə qəribə, tapmacaya bənzər sözlər deyir!

- Budur, baxın! – O, qıraqları qatlanmış parlaq reklam vərəqini bizə uzatdı.

Bu vərəqi atamızın əllərində dəfələrlə görmüşdük, ələxsus da son günlər! Alçaldılmış və qəzəblənmiş Klara xalanın niyə bizim evi iri addımlarla tərk etməsini atamın bircə baxışından tuturduq.

Vərəqin üzərindəki sözləri ilk olaraq Timoti oxudu:

“Elektrik bədəni nəğmələrimdə tərənnüm edirəm”

Sonra qaş-qabağını sallayıb, sual dolu görkəmini atama yönəltdi.

- Bu nədi belə?

- Ardını oxu.

Aqata və mən, elə indilərdə anamızın adımıza layiq bir işlə məşğul olmadığımızı görəcəyindən qorxurmuş kimi günahkarcasına ora-bura baxdıq. Sonra başımızı razılıq əlaməti olaraq yellədik.

Hə, qoy oxusun, qoy Timoti oxusun.

- "Fanto..."

- "Fantoçini", - atam özünü saxlaya bilməyib sözü tamamladı.

- ...“Fantoçini Limited”. Bunu etməliyik… Sizin çətin və həllolunmaz problemlərinizin cavabı bundadır. Cəmi BİR MODEL, amma onun xarici görünüşünü sonsuza qədər dəyişmək, minlərlə, onminlərlə variantlarını yaratmaq olar. Dəyişikliklər və əlavələr etmək, düzəltmək, formasını, görünüşünü dəyişmək... Yeganə, unikal... vahid, bölünməz, hamı üçün azadlıq və ədalətlə”.

- Oxuduğun sözlər harda yazılıb elə? – biz çığırdıq.

- Bu sözləri özümdən əlavə etdim. – Neçə günlər sonra Timoti ilk dəfə gülümsədi. – Demək ürəyindən gəldi. İndiysə ardına qulaq asın: “Əgər insafsız dayələrin, gələn-gedən qulluqçuların sizi incitməsindən bezmisinizsə, onların gözü qarşısında pivə şüşəsinin başını açıq qoyduğunuza görə danlanmağınızdan təngə gəlmisinizsə, dayıların və xalaların nəsihətamiz fikirləri qulağınızı dəng edirsə, sizin üçün ən saf niyyətlə...”

- Hə, hə, saf niyyətlə... – Aqata təkrarladı, mənsə əks-sadə kimi Aqatanın dediyini təkrarladım.

“…AS-DSU markasını mikrosxemlərdə yığmaqla insan-robot modelini, elektron Nənəni yaradıb ərsəyə gətirdik...”

- Nənəni?!

Reklam vərəqi döşəməyə düşdü.

- Ata?..

- Uşaqlar, mənə belə baxmayın, - atam pıçıldadı. – Təmiz başımı itirmişəm, nə etdiyimi bilmirəm, bizi sabah, o biri gün nələrin gözlədiyi haqda düşüncələr məni özümdən çıxarır... Əşşi, nə durub baxırsınız, qaldırın vərəqi!

- Yaxşı, - mən reklam vərəqini qaldırıb, Timotinin qaldığı yerdən oxumağa davam etdim.

“...bu Oyuncaqdır, bununla bahəm, Oyuncaqdan daha artıq bir nəsnədir. Elektron Nənə “Fantoçini” firması tərəfindən yaradılmışdır. Çox böyük zəhmət bahasına başa gələn bu Oyuncaq sizin övladlarınıza dərin sevgi və xoşbəxtlik bəxş edəcəkdir. Bu Oyuncağı müasir dünyanın reallıqlarıyla, əsasən də inanılmız reallıqlarıyla tanış olan uşaqlar üçün yaratdıq. Bizim model sizin övladlarınıza, eyni anda, on iki dildə təhsil vermək qabiliyyətinə malikdir. Bir dildən başqa dilə keçmək saniyənin mində biri qədər qısa müddətdə reallaşır. Elektron Nənənin, xarici görünüşcə arı şanına bənzər yaddaşında din, mədəniyyət, bəşəriyyətin tarixi haqda məlumatlar saxlanır...”

- Əladır ki! – Timoti ucadan dedi... – Deməli, bizim arılarımız olacaq! Özü də bizə dərs öyrədən!...

- Sakit dur, - Aqata onun sözünü ağzında qoydu.

“...Ən başlıcası isə budur ki, - reklam vərəqindən oxumağa davam edirdim, - bizim bu model demək olar canlı Varlıqdır, - insan intellektini özündə mükəmməl təcəssüm etdirən, dinləməyi, anlamağı, sevməyi, uşaqlarınızı əzizləməyi bacaran (insan ağlının məhsulu olan mütləq varlıq sevməyi və əzizləməyi necə bacara bilər), - bizim fantastik və inanılmaz Elektron Nənəmizdir. O, sizi əhatə edən bu böyük dünyada baş verən bütün hadisələrə həssaslıqla münasibət bildirməklə yanaşı, eyni rəftarı, sizin balaca dünyanıza da göstərəcək. Həmçinin də bütün kainata. Barmağınızın kiçicik toxunuşu yetər ki, sizləri, ehtiyacı olan uşaqları nağıllar dünyasına aparsın...”

- Hə, düz deyir, uşaqların ehtiyacı... – Aqata pıçıldadı.

Hə, hə, ehtiyacı var uşaqların, biz qəmli-ələmli düşüncələrə qərq olduq. Elə biləsən bizim haqda yazılıb, əlbəttə, biz uşaqları nəzərdə tuturlar!

Oxumağa davam edirdim:

“…Elektron Nənəni xoşbəxt ailələrə təklif etmirik. Əgər ailənin bütün üzvləri sağ-salamatdırsa, valideynlər öz uşaqlarını özləri boya-başa çatdırıb tərbiyə verirlərsə, övladlarının xasiyyətini formalaşdırıb, çatışmazlıqlarını düzəldirlərsə, sevgi, nəvaziş göstərirlərsə, demək, Elektron Nənəyə ehtiyacları yoxdur. Çünki sevgiylə əhatə olunmuş uşaqlara Elektron Nənə nə qədər qayğı göstərsə də, bu, heç zaman valideynləri əvəz etməyəcək. Amma elə ailələr var ki, valideynlərdən hər hansı birinin ölümü, xəstəliyi və ya şikəstliyi ailənin dağılmasına, uşaq arzularının məhv olmasına səbəb ola bilər. Həmən uşaqlar yetimxanada xoşbəxt olmayacaqlar. Dayələr və qulluqçular isə bizim bu ruhi-əsəb əsrində çox eqoist, etinasız və dəhşət əsəbidirlər. Hələ görüləsi çox işlərimiz var. Düşünməliyik, baxmalıyıq, yenidən nəzərdən keçirməliyik. Aydan-aya, ildən-ilə bu ixtiramızı təkmilləşdirməliyik. İlkin nümunə olmasına baxmayaraq, sizə məsləhət görmək cəsarətinə sahibik. Elektron Nənə bir çox göstəricilərinə görə təcrübəli müəllimi, dostu, yoldaşı, köməkçini, yaxınınızı, doğmanızı əvəz edə bilər. Zəmanət müddətinin razılaşma yolu ilə olması...”

- Bəsdir! – atam məni saxladı. – Kifayətdir. Heç mən özüm bunu qəbul edə bilmirəm.

- Niyə? – Timoti təəccübləndi. – Mənsə bunun gözəlliyini hələ təzə-təzə anlayırdım!
Reklam vərəqini yerinə qoydum.

- Bu düz söhbətdir? Doğrudan onların belə əşyası var?

- Uşaqlar, gəlin bir daha bu barədə danışmayaq, bu ağılsızlıqdı - atam əlləriylə gözlərini örtərək dedi.

- Elə də pis deyil, atacan, - mən etiraz edib Timotiyə baxdım. - Sözümün canı odur ki, əgər bu Oyuncaq firmanın ilk cəhdidirsə, yenicə sınaqdan keçirdikləri bu Elektron Nənə bizim Klara xaladan necə yaxşı olar bilər, ay ata?!

Sözümü bitirən kimi, evi qəhqəhə səsləri bürüdü. Çoxdan belə ürəkdən gülmürdük. Əlbəttə, mən gicbəsər sual vermişdim, amma hamı buna uğunub getmişdi, hırıldayırdılar, qəhqəhə çəkirdilər, elə özüm də bərkdən qaqqıldadım. Sinədolusu havanı ciyərlərimizə çəkib özümüzə gəldikdən sonra, gözlərimiz qeyri-iradi olaraq, yenə reklam vərəqinə sataşdı.

- Hə, nə deyirsiniz? – mən soruşdum.

- Məncə... – cavab verməyə hazır olmayan Aqata dodaqlarını büzüşdürdü.

- Bu elə əsl bizə lazım olan Nənədir. Başqa nəsə düşünməyə gərək yoxdur, - Timoti qətiyyətlə bildirdi.

- Özü-özlüyündə pis fikir deyil, - səsimin mötəbərli çıxması üçün təmtəraqla bəyan etdim.

- Demək istəyirdim ki, - Aqata yenə başladı, - onu sınamaq olar. Əlbəttə olar. Amma əvvəl-axır boş-boş çərənləməyi bitirdikdən sonra... birdən əsl anamız evə qayıtdı, onda necə?

Aqatanın bu sözləri bizi daşa döndərdi. Hamımız ah çəkdik. Ürəyimizə toxunmuşdu. O gecə kimsənin yuxuya getməsinə inanmağım gəlmir. Deyəsən səhərə kimi ağladıq.

Səhər günəşli və aydın oldu. Vertolyot bizi göydələnlərin üstünə qaldırdı, özümüzə gəlməyə macal tapmamış hansısa göydələnin üzərinə endirdi. Biz havadan o göydələnin üzərindəki yazını oxumuşduq: “FANTOÇİNİ”.

- Fantoçini nə deməkdir? – Aqata soruşdu.

- Deyəsən, italyanca kölgə teatrının kuklaları deməkdir. Yuxulardan və nağıllardan gəlmiş kuklalar, - atam izah etdi.

- “Biz öncədən görürük”. Bəs bu nə deməkdir?

- “Biz başqalarının yuxularını və arzularını qabaqcadan bilirik”, mənası budur, - öz savadımı nümayişkaranə şəkildə göstərdim.

- Halaldı, Tom, - atam məni təriflədi.

Az qala qürurumdan partlayacaqdım.

Vertolyotun vintləri səs-küy salıb, kölgəsiylə üstümüzü örtərək havada gözdən itdi.

Lift sürətlə aşağı şütüməyə başladı. Ürəyimiz yerindən qopurdu. Liftdən çıxdıq. Qarşımıza çıxan yolla hərəkət etməyə başladıq. Göy xalçanın üzəriylə gedirdik. Bu yol bizi böyük piştaxtaya gətirdi. Üstündə yazılar vardı:

“MEXANİKİ OYUNCAQLAR”
“KUKLALAR – BİZİM PEŞƏMİZDİR”
“DİVAR ÜZƏRİNDƏ DOVŞAN – BU, ÇOX SADƏDİR”

- Dovşan?

Barmaqlarımla divarda qulaqlarını tərpədən dovşan kölgəsi yaratdım.

- Bu dovşandır, bax, bu canavardı, bu isə timsahdır.

- Bunu hamı eləyə bilər, - Aqata dedi.

Piştaxtanın qarşısında durmuşduq. Həzin musiqi səslənirdi. Divarın arxa tərəfində işlək mexanizmlərin uğultusu eşidilirdi. Piştaxtanın qarşısında dayanarkən, mağazanın işığı zəiflədi, elə biz də sevindik, eynimiz açıldı, halbuki içəridə dondurucu soyuq vardı. Ətrafımızdakı yeşiklərdə, divar oyuqlarında, tavandan sallanan iplərdə, məftillərdə kuklalar, marionetkalar vardı. İncə bambuk gövdələrindən hazırlanmışdılar. Bali adasından olan, kağız ilanları xatırladan kuklaların yüngüllüyü, şəffaflığı ay işığında adamın sanki gizlin arzularını, xəyallarını dirildirdi. Bizim burda olmağımızdan narahat olmuş hava kütləsi bu kuklaları, marionetkaları hərəkətə gətirdi. “Orta əsr İngiltərəsində bayram günləri yollar ayrıcında asılmış kafirlərə bənzəyirlər”, - mən düşündüm. Görürsünüzmü, heç tarixi unutmamışam...

Aqata nədənsə ehtiyatlanırmış kimi ətrafın seyrinə dalmışdı. Etibarsızlığı qorxu əvəz edirdi, qorxu isə öz növbəsini nifrətə verirdi.

- Əgər kuklaların hamısı belədirsə, onda gedək burdan.

- Sussss, - atam onu saxladı.

- Atacan, sən artıq bir dəfə mənə belə bir axmaq kuklanı hədiyyə etmisən, yadına gəlir, iki il əvvəl, - Aqata etiraz etdi. – Sənin hədiyyə etdiyin oyuncağın bütün ipləri dolaşmışdı bir-birinə. Pəncərədən tulladım.

- Səbrli ol, - atam dedi.

- Necə məsləhətdir, onda ipsiz kukla seçməyə çalışarıq, - piştaxtanın arxasında durmuş insan dedi.

Öz işini yaxşı bilən adam ciddi baxışlarını bizə yönəltmişdi. Yəqin anlayırdı ki, yeri gəldi-gəlmədi boş-boşuna gülümsəyən adamlara uşaqlar etibar etmirlər. Bu işdə bir fırıldağın olduğunu o dəqiqə hiss edirlər.

Çox da qaşqabaqlı olmasa da, yenə də bayaqkı kimi, gülümsəmədən çox sadəliklə özünü təqdim etdi:

- Qvido Fantoçini, sizin xidmətinizdədir. Görün biz nələr edirik, on bir yaşlı xanım Aqata Saymons.

Belə də iş olar! Axı o, Aqatanın 10-dan çox yaşı olmamasını gözəl bilirdi. Necə olur olsun, Aqatanın yaşı üzərinə bir il də əlavə etmək yaxşı ağlına girdi. Aqata bizim gözümüzdə bir qarış böyüdü.

- Budur, saxla.

O, Aqatanın ovcuna balaca qızıl açar qoydu.

- Bu açar oyuncaqları işə salmaq üçündür? İplərin əvəzinə, bu açarlardan istifadə olunur? – Aqata soruşdu.

- Afərin, tapdın, - kişi cavab verdi.

Aqata hörmət əlaməti olaraq razılaşdı, amma ürəyində dedi: “Deməzsiz ki aldatdım?!”

- Özün görəcəksən. Bu açar sizin Elektron Nənənizi işə salmaq üçündür. Onu özünüz seçib, özünüz də işə salacaqsınız. Onu hər səhər işə salmaq, axşamlar isə hərəkətverici yayını endirmək lazımdır. Ona göz qoymağı sənə həvalə edirəm, Aqata. Bu açarı sən mühafizə edəcəksən.

Kişi bu sözləri deyib açarı Aqatanın ovcuna basdı, Aqata isə yenə də bu kişidən şübhələnirdi.

Elə özüm də bu kişidən gözlərimi çəkmirdim. Birdən o, mənə bic-bic göz vurdu. Sanki demək istəyirdi ki: “Bəlkə elə də pis deyil?”

Aqata başını qaldırmamış, kişiyə cavab əlaməti olaraq göz vurmağa macal tapdım.

- Bəs bu açarı Elektron Nənənin harasına salaq?

- Vaxtı gələndə hamısını bilərsən. Bəlkə qarnına, bəlkə burnunun sol deşiyinə, bəlkə də sağ qulağına.

Kişinin bu sözləri istənilən gülümsəyişlərdən daha yaxşıydı.

Kişi piştaxtadan çıxdı.

- İndi zəhmət olmasa, gəlin bura. Ehtiyatlı olun. Onun bizi dəvət etdiyi hərəkətli yol dalğalara bənzəyirdi. Piştaxtanın qarşısındakı hərəkətsiz yoldan sakit, xışıltıyla çay kimi axan yola keçməkdə bizə kömək etdi. Necə də gözəl çaydır! Bu çay bizi yaşıl xalçalı çəmənlərdə, dəhlizlərdə, zallarda gəzdirdi. Sirli mağaraların tünd qübbələri altından keçərkən, aldığımız nəfəs əks-səda verir, kimlərinsə səsləri həzin musiqi tək, bizim sözlərimizi qeybdən xəbər verən kahinlər kimi təkrarlayır, suallarımıza cavab verirdi.

- Səsləri eşidirsinizmi? – mağazanın sahibi dilləndi. – Bütün bu eşitdikləriniz qadın səsləridir. Diqqətlə qulaq asın və istədiyinizi seçin. Hansı daha çox xoşunuza gəlsə...

Biz bütün səslərə qulaq asırdıq. Zil, bəm, cingiltili, boğuq, zərif, ciddi səslər. Bu səslər güman ki, biz hələ anadan olmamışdan əvvəl varıydı.

Aqata yanımızda deyildi. Həmişə geri qalırdı. Hərəkət edən yolda inadla geriyə getməyə çalışırdı, elə biləsən baş verənlərin buna aidiyyatı yoxdur.

- Nəsə bir söz deyin, - mağazanın sahibi təklif etdi. – Lap istəsəniz qışqıra da bilərsiniz. Bunu dəfələrlə təklif etməsinə gərək olmadı.

- E-he-he-he-heeey! Qulaq asın, bu mənəm, Timoti!

- Bəs görəsən mən nə deyim? – birdən dillənib qışqırdım: - Kömək edin!

Aqata dodaqlarını bir-birinə dirəyib inadla axının əksi istiqamətində hərəkət etməyə çalışırdı. Atam Aqatanın əllərindən yapışdı.

- Burax məni! – Aqata qışqırdı. – İstəmirəm mənim də səsim o qadınların səsi kimi buralarda qalsın, eşidirsən, istəmirəm!

- Lap yaxşı, istəmirsən istəmə, - bələdçimiz dedi və barmağıyla əlində tutduğu cihazın elə də böyük olmayan üç siferblatına toxundu. Cihazın yan tərəfində üç ossiloqram peyda oldu: əyri-üyrü dolaşıqlarla bir-birinə birləşmişdilər, - bizim haraylarımız və qışqırıqlarımız yazılmışdı.

Qvido Fantoçini mexanizmi işə saldı və biz kahin mağarasından çıxıb azadlığa qovuşan səslərimizi eşitdik. Bu səslər öz varlıqları haqqında digərlərinə də xəbər verəcəkdi. Qvido cihazın gah bir düyməsinə, gah da o biri düyməsinə basırdı və birdən nəfəsəbənzər yüngül ana haylamalarını, səhər qəzetindəki məqaləni oxuyub deyinən, sonra isə şam yeməyi qabağı şərabdan bir qurtum aldıqdan sonra xoşallanan ata səsini eşitdik. Bizim bu xeyirxah bələdçimiz bilmirəm nə edirdi, barmaqlarıyla cihazın bilmirəm harasına toxunurdu, amma bizim ətrafımızda müxtəlif-müxtəlif pıçıltılar, səslər rəqs edirdi, sanki qan soran mığmığalar işıqdan hürkmüşdü. Budur, axır ki, bələdçimiz yorulub oturdu. Mexanizmin çeviricisini son dəfə şaqqıldatdı və bütün səslərdən azad olmuş boşluqda kiminsə səsi eşidildi. O, sadəcə bircə söz deməklə kifayətləndi:

- Nefertiti.

Timoti və mən  yerimizdə quruyub qaldıq. Hətta Aqata da dala-dala getməkdən vaz keçdi.

- Nefertiti? - Timoti təkrar soruşdu.

- Bu nə deməkdir? – Aqata tələbkarcasına maraqlandı.

- Amma mən bilirəm nədir! – qışqırdım.

Qvido Fantoçini bizə ürək-dirək vermək üçün başıyla işarə etdi.

- “Nefertiti” sözünün, - pıçıltıyla təkrarladım, - Qədim Misirdə mənası beləydi: “O gözəl qadın, həmişəlik qalmaq üçün gəldi”

- O gözəl qadın, həmişəlik qalmaq üçün gəldi, - Timoti dediyimi təkrarladı.

- Nefer-ti-ti, - Aqata sözü çeynəyib əzdi.

Biz çevrildik və bu zərif, incə, xeyirxah səsin gəldiyi uzaq alatoranlığa gözlərimizi zillədik.

Biz inanırdıq – qadın oradadır.
Gözəl olduğunu səsindən duyurduq.
Bax, hər şey belə başladı.

Səs hər şeyi həll etdi. Nədənsə məhz onun səsi bizim üçün daha vacib göründü.
Əlbəttə, onun səsindən başqa, fiziki göstəriciləri də bizim üçün vacib idi. Məsələn, boyu, çəkisi. Biz onu döydükdən sonra bədənində göm-göy ləkələr və şişlər əmələ gəlsin deyə, arıq, cılız və yöndəmsiz olmamalıydı. Əlbəttə, kök də olmamalıydı ki, qucağına alarkən, əlləri arasında boğulmayaq. Onun əlləri bizə toxunarkən, xəstələndiyimiz zaman alışıb-yanan alınlarımızdan təri silərkən, mərmər kimi soyuq olmamalı, sobanın içində çırtıldayan odun kimi bədənimizi yandırmamalıydı. Ən yaxşısı, əlləri cücənin bədəni kimi isti olaydı. Səhər tezdən əllərinə alıb, qırt düşmüş toyuğun yumurtalarını götürmək necə gözəldir. Baş verən hadisənin təfərrüatlarına gəldikdə isə, biz özümüzü göstərirdik. Qışqırırdıq, bağırırdıq, göz yaşı axıdırcasına mübahisə edirdik, amma Timoti dediyində durmuşdu. Timotinin gözlərinin rəngi heç zaman dəyişməyəcək. Bunu sonradan dərk etməyimizin səbəbi nəydi, bilmirəm.

Bəs Nənəmizin saçları hansı rəngdə olsun? Bu barədə Aqatanın fikirləri fərqliydi, amma nə düşündüyünü bizimlə bölüşmək istəmirdi. Buna görə də Timotiylə qərara gəldik ki, seçim imkanını Aqataya verək. Qoy Aqata divarları bəzəyən, başını atıb altında uzanmaq istədiyin yağış damlalarının rəngarəngliyini xatırladan, dekorativ şpalerlərə bənzəyən bu qədər nümunələrin arasından özü seçim etsin. Aqata bizim heyranlıq dolu maraqlarımızı qəbul etmirdi. Ancaq bu işdə oğlanlara ümid olmağın axmaqlıq olduğunu anlayırdı. Bizə qırağa çəkilməyi və ona mane olmamağı tapşırdı.

Nəhayət ki, universal mağaza “Ben Franklin – Elektrik maşınları və “Fantoçininin Pantomimaları” şirkətində “Kataloqlar üzrə satış” uğurla başa çatdı.

Çay bizi sahilə çıxartdı. Artıq günün sonu idi.
Nə deyim, “Fantoçini” şirkətinin əməkdaşları çox müdrik addım atdılar.
Soruşa bilərsiniz, bu müdrik addım nədən ibarətdir?
Ondan ibarətdir ki, bizi gözləməyə məcbur etdilər.
Qələbədən danışmağın hələ tez olduğunu anlayırdılar. Hər halda təmiz qələbədən.
Ələxsus da əgər Aqata haqqında danışırıqsa. Aqata yatağa uzanarkən üzünü divara çevirirdi və divar kağızının üzərində, heç kimin təsəvvürünə gətirə bilməyəcəyi kədərli şəkillər gözlərinə görünürdü, həmən şəkillərə əlləriylə toxunurdu. Səhərlər isə biz bu divar kağızının üzərindəki rəsmlərdə dəhşətli qarabasmalarla çulğalanmış gah gözəl, gah da vəhşi kiçik heyvanların dırnaqlarla cızılmış siluetlərini görürdük. Bu siluetlərin bəziləri kiçicik toxunuşdan, isti nəfəsin təsirindən güzgüdəki şaxtalı naxışlar kimi yoxa çıxırdılar. Digər siluetləri isə, nə qədər əziyyət çəksək də, hətta yaş süngərlə də silib təmizləmək olmurdu.

“Fantoçini”yə getməyə isə tələsmirdik.
Usandırıcı intizardan sonra iyun ayı ötüb getdi.
Bekarçılıqdan nə edəcəyini bilməyən iyul ayı təşrif buyurdu.
Növbədə Avqust ayı idi. Səbrimiz dükənirdi.

Avqustun 29-u Timoti dedi:

- Bu gün nəsə özümü qəribə hiss edirəm...

Əvvəlcədən aramızda razılaşmadan, səhər yeməyindən sonra çəmənliyə çıxdıq.
Nədənsə şübhələnirdik. Olsa bilsin, bu şübhəmizə atamızın dünən kiminləsə telefonda danışması səbəb olmuşdu, ya da onun gah səmaya, gah da evin qarşısındakı şosseyə necə ehtiyatla baxması gözümüzdən yayınmamışdı. Bəlkə də günah küləkdəydi. Gecələr yataq otağımızdakı pərdələri, nəsə demək istəyirmiş kimi, solğun kölgələr tək o yana bu yana yellədən küləkdə...

Elə ya belə, biz Timoti ilə çəmənlikdəydik. Aqata isə, güya bizi vecinə almırmış kimi artırmadakı ətirşah dibçəklərinin arasından başını çıxarır, sonra gizlənirdi.
Biz özümüz də güya bacımıza fikir vermirdik. Qorxub gizlənməsi üçün onu hürkütməyimizin yetərli olduğunu bilirdik. Buna görə də sadəcə səmaya baxırdıq. Səmada isə reaktiv təyyarələrin uçarkən buraxdıqları ağ quyruqlu imzaların içində dəstəylə o yana, bu yana uçuşan quşlar vardı. Hərdən, sürətlə maşınların şütüdüyü yola da baxmağı unutmurduq. Axı maşınlardan istənilən birisi bizim gözlədiyimiz...
Yox, yox, biz heç nəyi gözləmirik.

Günorta Timotiylə çəmənliyə sərilib ot saplaqlarını çeynəyirdik.
Saat 1-də Timoti birdən heyrətlə gözlərini qırpdı. Bax elə bu anda hər şey inanılmaz dəqiqliklə və tezliklə baş verdi. Sanki səbirsizliyimiz “Fantoçini”yə sirayət etdiyindən, vaxtında gəldilər.

Uşaqlar konki sürməyi çox yaxşı bacarırlar. Hər gün gölün güzgü kimi parlayan səthinə toxunaraq konki sürürdük, bu səbəbdən, istənilən saniyədə başaldadıcı buzla örtülmüş göl səthini yarmaq ehtimalı, səsinin heç yerə çatmaması kimi hisslər bizə tanışdır. Sanki gözlərimizin yollarda qalmasına, səsimizə hay verib səbirsizliyimizə son qoymaq zamanının gəlib çatmasını hiss etdiklərindəndirmi, arzumuza yetəndən sonra istənilən dəqiqədə, hətta istənilən saniyədə reallaşan arzumuzu unudacağımızı, güya gözlərimiz heç zaman yol çəkmirmiş kimi bir görkəm alacağımızı duyduqlarındandırmı, ya nədəndirsə, məhz belə bir məqamda, belə düşüncələrə daldığımız bir anda evimizin üstündəki sehrli buludlar aralanıb yunan allahı Apollonun arabasını bizə bəxş edirmiş kimi vertolyotu öz qucaqlarından yerin səthinə doğru buraxdılar.

Apollonun arabası həyəcanlanmış havanı qanadlarıyla yara-yara enir, isti hava axını yerindəcə soyuyaraq saçlarımızı dik qaldırır, paltarımızı qırış-qırış edirdi, sanki səhnədə çıxış edən musiqiçilərin möhtəşəm ifalarından vəcdə gələn tamaşaçılar onları ürəkdən alqışlayırdı, evin artırmasında duran Aqatanın saçları isə bayraq kimi dalğalanır, qorxudan hürkmüş quşlar havada cövlan edirdi. Çəmənliyə toxunan Vertolyotun bətnindən otun üzərinə böyük ölçüdə yeşik düşdü. Nə salamlaşmağa macal verdi, nə də sağollaşmağa. Havanı yararaq səmaya götürülən vertolyot, dərvişlər kimi yerində fırlandı, bəlkə də bu fantastik fəndini təkrarlamaq üçün haralarasa uçdu.

Timoti və mən donuq baxışlarımızı yeşiyə dikmişdik. Şam ağacından hazırlanmış kobud lövhələrlə qapağa bərkidilmiş zərbə aləti olan lingi görən kimi, düşünmədən yeşiyə hücum çəkdik, əlimizdə silaha çevrilən linglə bir lövhənin ardıyca digərini cırıltıyla qopartmağa başladıq. Başım qarışdığından, Aqatanın həmişə bizi maraqla müşahidə etdiyi artırmadan yox olmasını vaxtında görə bilmədim. Fikrə daldım. Anamı qəbiristanlığa apararkən, tabutunu, qəbrini Aqatanın görməməsi, yalnız kilsədə vidalaşma sözlərini eşitməsi yaxşı oldu. Belə olmasaydı, Aqata bu yeşiyi görsəydi, onda bu yeşik ona anamın tabutunu xatırladacaqdı!

Sonuncu lövhəni də vurub çıxartdıq.

Timotiylə ah çəkdik. Bayaq artırmada gözə dəyməyən, hal-hazırda yanımda olan Aqata təəccübündən yerində quruyub qaldı. Çünki kobud şam lövhələrindən ibarət olan yeşiyin içində insanın yalnız və yalnız arzulaya biləcəyi hədiyyə yerləşirdi. Yeddidən yetmiş yeddiyə istənilən ölümlü insan üçün, uşaq, yeniyetmə, gənc, qoca, fərq etməz, hamı üçün əla hədiyyədir. Əvvəlcə deməyə sözümüz yox idi. Nəfəsimiz kəsildi. Həyəcanımızla sevincimiz bir-birinə qarışdı.

Yeşikdə uzanan... mumiya idi! Daha doğrusu, sərdabə demək olardı hələ ki.

- Yox, ola bilməz! – Timoti sevincindən az qalsın ağlayacaqdı.

- Yox, ola bilməz! – Aqata təkrarladı.

- Hə, bu odur, hə, odur, odur!

- Bizim... bizimdir?!

- Əlbəttə bizimdir!

- Bəlkə vertolyotdakılar ünvanı səhv salıblar?!

- Bəlkə ünvanı səhv saldıqlarına görə geri aparacaqlar?!

- Aparmayacaqlar!..

- Baxın, əsl qızıldır! Əsl heroqliflərdir! Əlinizi vurun!

- Qoy mən də əlimi vurum!

- Elə bil, muzeydən gətiriblər!

Bir-birimizin sözünü kəsə-kəsə, hamımız birdən danışırdıq. Göz yaşlarım yanaqlarımdan süzülərək sərdabənin üzərinə düşürdü.

- Heroqlifləri korlayacaqsan! – Aqata sərdabənin üzərindəki göz damcılarımı silərək dedi.

Səradəbədəki qızıl maska azacıq gülümsəyərək bizə baxırdı, sanki bizimlə birlikdə şadlanırdı, ona olan sevgimizi həvəslə qəbul edirdi, halbuki ürəyimizdəki sevginin anamızın gedişiylə əbədi getdiyini sanırdıq, amma qayıtdı sevgimiz, günəşin ilk şəfəqiylə alışıb-yandı. Təmiz qızıldan zərb edilmiş bənizi, burun pərlərinin incə əyriliyi, ağzındakı zərif, həmçinin ciddi xəttlər günəşi andırırdı. Gözləri səmalar kimi maviliklə parlayırdı, yox, daha doğrusu, mavi-bənövşəyi rənglə, ya da bütün bu rənglərin qarışığı kimi parlayırdı, bədəni isə şir, insan gözləri və qarğaya bənzər quş təsvirləriylə bəzənmişdi. Sinəsinin üstündəki qızıldan olan əllərində tabeetmənin simvolu olan şallaq və bir dənə də gül vardı. Mənası buydu ki, dediyimi xoşluqla etsəniz, şallağa gərək olmayacaq.

Gözlərimiz aclıqla heroqlifləri öyrənirdi, birdən anladıq...

- Axı bu heroqliflər deyəsən nəyinsə nişanələridir... Bax, bu quş izi, bu da ilan!... Hə, hə, bu heroqliflər heç də Keçmişdən xəbər vermir.

Bu heroqliflər Gələcəyə eyham vururdu.

Mumiyanın sirli qədim hərfləri keçmişdə baş verənləri deyil, bir aydan, bir ildən, ya da əlli ildən sonra baş verəcəkləri bildirmək xüsusiyyətinə görə tarixdə ilk mumiya idi!
O, heç zaman qayıtmayacaq keçmişə ağlamırdı. O, yazılmış, qorunub saxlanmış, növbəsini gözləyən gələcək günlərin və hadisələrin parlaq bağlantılarını salamlayırdı.

Gələcək günlərə ehtiram əlaməti olaraq dizlərimiz üstə çökdük. Əllərimiz ona doğru uzandı. Barmaqlarımız cəsarətsizcəsinə ona toxundu, əllərimiz onun bədənində gəzişdi, onu tumarlayaraq möcüzəvi anların nişanələrini anlamağa çalışdı.

- Baxın, baxın, bu mənəm! Altıncı sinifdə oxuyarkən! – Aqata qışqırdı (indi beşinci sinifdə oxuyurdu). – Bu qızı görürsünüz? Onun da məndə olduğu kimi, saçları və qəhvəyi donu var.

- Baxın, baxın, bu da mənəm! – Timoti əminliklə dedi. Uşaq olsa da, hər həftə öz ağcayaqlarına mismar vururdu və bu ağcayaqlarla həyətdə inamla addımlayırdı.

- Bu da mənəm!.. kollecdə oxuyarkən, - həyəcanlı olduğuma görə pıçıltıyla dedim. -  Bax bu eynəkli yöndəmisz oğlan mənəm. Əlbəttə mənəm! – utanaraq qımıldandım.

Sərdabədə məktəb illərimizin qış fəsli, yaz tətilləri, yarpaqları qəpik pullar kimi yerə tökülən qızıl payız, günəşin simvolu, Ra tanrısının qızını əbədi təcəssüm etdirən, üfüqdə görünən sönməz ulduz, xeyirə gedən yolun bələdçisi vardı.

- Əladır ki! – tale kitabımızı təkrar-təkrar oxuyaraq, cızılmış anlaşılmaz xəttləri tədqiq edərək, həyat yolumuzun gözəlliklərini, qəribəliklərini güdərək xorla qışqırırdıq.

- Əladır ki!

Bir-birimizlə sözləşmədən, sərdabənin parıldayan qabağından yapışdıq. Tutub dartmaq üçün nə bir ilməsi vardı, nə bir qıfılı, fincanın qapağı kimi asanlıqla açmaq mümkün deyildi. Sərdabəni götürüb qırağa qoyduq.

Əlbəttə... sərdabədə əsl mumiya vardı!

Mumiya sərdabənin qapağındakı təsvirə bənzəyirdi, amma qapaqda əks olunmuş təsvirlə müqayisədə daha gözəl, daha sevilən idi. Canlı varlığa bənzəyirdi. Təmiz kətana bələnmişdi. Üzü bayaqdan bizə tanış olan qızıl maskayla örtülmüşdü, amma ona heç nənə demək olmazdı, həm cavan görünürdü, həm də müdrik. Üç dənə təmiz kətandan ibarət bələkbağı bədəninə çəkilmişdi. Kətanın üzərinə heroqliflər həkk olunmuşdu, hər bir kətanda müxtəlif heroqliflər vardı: bəzi heroqliflər on yaşlı qız üçün, bəziləri doqquz yaşlı oğlan üçün, bəziləri isə on üç yaşlı oğlan üçün idi. Hərəmizin öz heroqlifi vardı!

Çaş-baş halda bir-birimizə baxıb güldük.

İçimizdən kiminsə axmaqcasına zarafatlar etdiyini düşünməyin. Sadəcə, kətana bələnən – biz yox, odursa, demək, əlimizdən heç hara qaçası deyildi! Bunun nəyi pisdir?! Yox, bu Oyuncağı düşünənlər doğrudan uzaqgörən imişlər. Bizim də iştirakımızı nəzərə alıblar. Bunu yaradanlar indi heç birimizin kənarda qalmayacağını bilirdilər. Mumiyanın üstünə atıldıq. Hərə öz tərəfindən qalın kətanı dartışdırmağa başladı, kətan sehrli, rəngbərəng buruq-buruq uzun bir kağız kimi açıldı!

Tezliklə çəmənlikdə kətan dağları yarandı. Mumiya isə hərəkətsiz vəziyyətdə dayanmışdı.

- Ölübdü! – birdən Aqata qışqırdı. – Ölüyə bir bax! – dəhşətə gələrək kənara çəkildi.
Mən vaxtında Aqatanın əllərindən tutub saxladım.

- Axmaq olma. Nə diridir, nə də ölü. Axı sənin açarın var. Hardadı açar?

- Açar?

Axmağın biri axmaq! – Timoti qışqırdı. – Mağaza sahibinin sənə verdiyi açar hardadır?! Oyuncağı işə salmaq üçün vermişdi!

Aqatanın əlləri darvazanın yanında zəncirdən asılmış simvolu axtarırdı. Bu simvol bəlkə də bizim inamımızın əksiydi. Özünü məzəmmət edə-edə açarı dartdı. Açar onun tərli əlindəydi.

- Nəyi gözləyirsən, sal açarı! – Timoti səbirsiz-səbirsiz qışqırdı.

- Hara salım?

- Axmağın biri axmaq! Mağazanın sahibi sənə demişdi axı: ya sağ qoltuğuna, ya da sol qulağına. Açarı bura ver görüm!

Timoti açarı Aqatanın əlindən qapdı. Səbirsizlikdən nəfəsi tutulmuş, dilxor olmuşdu. Açarı salmaq üçün müqəddəs dəliyin harda olduğunu özüdəmi bilmirdi?! Nəyisə tapmaq ümidiylə mumiyanı başdan-ayağa gözdən keçirərək, açarı orasına-burasına salırdı. Görəsən hara salmaq lazımdır axı?.. Timoti ümidini itirirdi. Birdən açarı mumiyanın göbək nahiyəsinə basdı. Möcüzə! Dızıltı səsləri eşitdik.

Elektrik Nənə gözlərini açdı! Dızıltı səsləri getdikcə şiddətlənirdi. Timoti sanki arı yuvasına çöp uzatmışdı.

- Açarı ver bura görüm! – Aqata qışqırdı, ilk açılışın ona yox, Timotiyə qismət olmasına paxıllıq edirdi. – Dedim açarı bura ver! – Aqata açarı Timotinin əlindən qapdı.
Nənəmizin burun pərləri tərpəndi – o, nəfəs alırdı! Əgər burun pərlərindən buxar və ya alov çıxsaydı, bəlkə də heç bu qədər təəcüblənməzdik!

- Mən də istəyirəm!... – özümü saxlaya bilmədim, Aqatanın əlindən açarı alıb Nənəmizin üzərində burdum...

Zzzzıııınnnqq!

Gözəl kuklanın dodaqları aralandı.

- Mən də istəyirəm!

- Mən də!...

- Mən də, mən də!!!

Nənə gözlənilmədən ayağa qalxıb oturdu. Qorxudan kənara sıçradıq. Ancaq biz bilirdik: O, doğuldu! Doğuldu! Nənəmizin işıqlı dünyaya göz açmasına biz kömək etdik!

Başını fırladırdı, bizə baxırdı, dodaqlarını tərpədirdi. Birinci etdiyi hərəkət isə, gülməyi oldu.

Birdən yadımıza düşdü ki, bir dəqiqə əvvəl qorxumuzdan kənara çəkilmişdik. Ancaq onun gülümsəyişləri ilan yuvası adamı ovsunlayan kimi, bizi ona çəkirdi. Gülüşü necə də xoşbəxt və səmimiydi! Gülüşündə heç istehzanın kölgəsi də yox idi. Bizi salamlayaraq sanki deyirdi: hə, bu dünya qəribə dünyadır, gözlənilməzliklərlə, mənasızlıqlarla dolu dünyadır, ancaq bütün bunlara baxmayaraq, gözəl dünyadır, bu dünyaya göz açmağıma şadam və bu dünyanı heç zaman başqa bir dünyaya dəyişmərəm. Bir daha yuxulayıb, gəldiyim yerə qayıtmaq istəmirəm. Bəli, nənəmiz oyandı. Onu biz oyatdıq. Sevinc dolu haraylarımızla onu həyata çağırdıq. İndi sadəcə ayağa durub evimizə daxil olmalıydı. Belə də etdi. Üstünə bələnmiş örtüyü qırağa tullayıb Sərdabədən çıxdı, silkələnə-silkələnə, geyiminin qırışlarını düzəldə-düzəldə bir addım atdı. Güzgü axtarırmış kimi ətrafın seyrinə dalmışdı. Bizim gözlərimiz onun axtardığı güzgünü əvəz etdi. Öz əksini bizim gözlərimizdə gördü. Əksi özünə xoş gəldi, gülüşü heyrət dolu təbəssümlərlə əvəz olundu.

Aqataya gəlincə, o, artıq bizimlə deyildi. Baş verənlərdən qorxaraq evin artırmasında gizlənmişdi. Nənəmiz isə, Aqatanın bu hərəkətini görməzlikdən gəldi. Ehmalca çevrilərək, bütün yenilikləri, bütün tanış olmayan mənzərələri içinə hopdururmuş kimi çəmənliyin, kölgəli küçənin seyrinə daldı. Burun pərləri titrəyir, sanki doğrudan da nəfəs alırdı. Cənnət bağında ilk günlərindən həzz alırdı. Heç bağdakı, xeyirin və şərin simvolu olan almadan bir dişləm almağa da tələsmədi. Möcüzəyə son qoymaq istəmirdi...

Ora-bura baxıb, gözlərini qardaşım Timotidə saxladı.

- Sən yəqin...

- Timoti, - qardaşım sevinclə cavab verdi.

- Bəs sən?..

- Tom, - mən cavab verdim.

Deyirəm bu “Fantoçini” mağazasının əməkdaşları necə də bicdirlər! Kim olduğumuzu əvvəlcədən bilirdilər. Nənəmiz də bilirdi. Ancaq “Fantoçini”nin əməkdaşları qəsdən nənəmizi güya heç nə bilmirmiş kimi bir görkəm almağa öyrətmişdilər. Bunu da ona görə etmişdilər ki, özümüzü ağıllı hiss etməklə fərəhlənək. İşə bir bax!

- Deyəsən sizin bir qardaşınız da olmalıdır, elə deyilmi? – Nənə soruşdu.

- Qardaşımız yox, bacımız!.. – evin artırmasından Aqatanın incik səsi eşidildi.

- Özü də deyəsən o qızın adı Aqatadır?..

- Hə, Aqatadır, pah! – Aqatanın incik səsi hiddətlə əvəz olundu.

- Əgər o qızın adı Alisiya deyilsə, onda yəqin Aldcernonadır...

- Dedim Aqatadır!!! – bizim bacımız artırmadakı məhəccərlərin arasından başını çıxartdı və utandığından qızarıb qəfildən yenə gizləndi.

- Aqata. – Nənə bu adı məmnun bir halda söylədi. – Demək belə: Aqata, Timoti və Tom. Bir gəlin görüm hamınıza bir-bir baxım, ay mənim nəvələrim.

- Yox, əvvəl biz sizə baxaq, sonra!.. Biz!..

Dəhşət həyəcanlıydıq. Yavaş-yavaş yaxınlaşıb ətrafında dolandıq, sonra yenə dolandıq, durduğu ərazinin sərhədləri boyunca dairələr yaratdıq. Bizim bu dairə yaratmağımız isə yayın qızmar vaxtı arıların uğultusunabənzər səsinin kəsilməsiylə bitdi. Bax belə. Bu, bizim Nənəmizin ən gözəl xüsusiyyətiydi. Onunla həmişə yay, erkən iyun səhəri olurdu, o zaman ki, bütün dünya oyanır və dahiyanə mükəmməlliklərlə əhatələnir. Gözünü zornan açırsan və artıq bu günün necə olacağını bilirsən. Səmanın mavi olmasını diləyirsən, səma mavi olur. Tarakanları məhv etmək üçün ağaclara səpilən tozlara nüfuz edən günəşin, şehdən rütubətlənmiş çəmənliyə daxil olub işıqlı naxışlar yaratmasını istəyirsən, arzun gerçəkləşir.

Hamıdan tez işə arılar başlayırlar. Onlar artıq çəmənliklərdə, tarlalarda olublar və yenə buralarda uçuşub geriyə dönmək üçün qayıdıblar, havadakı qızılı rəngli tük kimi birdəfəlik getməyəcəklər, bütün arılar onları rütbəli zabitlərin çiynindəki qızılı rəngli paqonlar kimi bəzəyən çiçək tozluqlarının yetişib partlamasından ifraz olunan şirəni xortumlarıyla canlarına çəkib uçacaqlar. Onların uçuşmasından yaranan səsləri eşidirsinizmi? Havada bir anlıq donaraq necə qalmalarını görürsünüzmü? Bədənlərini dilə gətirərək, rəqs edirmiş kimi bir-birlərini necə salamlamalarını, bir-birlərinə gül şirələrinin yerini xəbər vermələrini, ağaca çıxıb onların yuvalarını pəncələriylə darmadağın edən ayılara soyğunçuluq üçün şərait yaratmalarını, qaşıq-qaşıq baldan udan oğlanların təsviredilməz dərəcədə cinsi həvəslərinin oyanmasına, qızların isə özlərindən razı halda axşamlar yataqlarından qalxıb səthi dəniz kimi donuq güzgüdə oynaqlaşan delfinlər kimi hamar və parlaq dərilərinə baxmağa səbəb olduqlarını anlayırsınızmı?

Yayın günorta vaxtı, evin qarşısındakı çəmənlikdə bu cürə düşüncələrə dalmağımızın səbəbkarı Elektrik Nənəmiz oldu. Gözləriylə əzizləyərək bizi ovsunlayıb özünə çəkir, ətrafında dolanmağa, xatırlanması mümkün olmayan hadisələr arasından vacib olanlarını xatırlamağa vadar edirdi.

Əlbəttə, söhbət mən – Tomdan və Timotidən gedir. Çünki Aqata həmişəki tək yanımızda deyildi. Evin artırmasında gizlənmişdi. Başı məhəccərlərin arasından görünürdü. Aqata Elektrik Nənəmizin hər bir sözünü, hər bir hərəkətini yaddaşına həkk edirdi.

Timoti ucadan dedi:

- Gözlər!.. Gözləri!..

Bəli, ecazkar gözləri vardı. Sərdabənin qapağında əks olunmuş göy rəngdən və ya üzünü gizlədən maskasının gözlərində əks olunmuş rəngdən daha parlaq gözləri vardı. Bu gözlər dünyanın ən nurlu, xeyirxah gözləriydi. Gözləri həzin-həzin aydınlıqla işıqlanırdı.

- Sənin gözlərin, - həyəcandan nəfəsi kəsilən Timoti donquldandı, - bilirsən nəyin rənginə oxşayır?

- Nəyin?

- Mənim sevimli şüşə şarlarımın rənginə...

- Bundan gözəl müqayisə olarmı?!

Özünü itirmiş Timoti nə cavab verəcəyini bilmirdi.
Elektrin Nənə gözlərini sürüşdürüb mənim üzərimdə saxladı. Gözləriylə mənim simamı – burnumu, qulaqlarımı, çənəmi araşdırırdı.

- Hə, bəs sənnən neyləyək Tom?

- Mənnən?

- Dost olaqmı sənlə? Əgər bir damın altında neçə illər yaşayacağıqsa, dost olmaqdan başqa əlacımız yoxdur...

- Mən... – çaşbaş qalıb nə cavab verəcəyimi bilmədim.

- Bilirəm, - Nənəmiz dedi. – sən o küçük kimisən – dişinə ilişmiş saqqız-konfet macal versə, hürməyə belə hazırsan. Heç nə vaxtsa küçüyə saqqız-konfet verdinmi? Verdinsə, demək küçüyün hərəkətləri səndə gülüş doğurdu, deyilmi? Eyni zamanda kədərlidir. Əvvəlcə gülməkdən ölürsən, yazıq itin yerində necə fırlanmasına, azad olmağa çalışmasına baxırsan, sonra yazığın gəlir və dəhşət utanırsan. Az qalsın özün ağlayasan. Ona kömək etməyə çalışırsan. Hürməsini eşidib, sevincindən atılıb-düşürsən.

Bir zamanlar həyətimizdəki itin başına açdığım həmən oyunu xatırlayaraq, utandığımdan qımıldandım.

Nənəmiz ətrafa boylandı və elə bu dəm küləkli günlərdə havaya uçurtduğum kağız ilanın əlacsız vəziyyətdə çəmənliyə sərilməsini gördü.

- İpi qırılıb, - o, kağız ilanın çəmənlikdə yatmasının səbəbini dərhal tapdı. – Kağız ilanı ipsiz təsəvvür etmək mümkünsüzdür. Baxaq görək nə edirik. Nənəmiz ilanın qarşısında diz çökdü. Maraqla nə edəcəyini güdürdük. Məgər robotlar kağız ilan uçurda bilirlər?! Nənəmiz dikələndə, ilan onun əllərindəydi.

- Uç, - Nənəmiz quşa deyirmiş kimi ilana dedi.

Və ilan uçdu.

Nənəmiz məharətlə ilanı buludlara buraxdı. İlan və Elektrik Nənəmiz bir tamın iki hissəsiydilər, çünki Nənəmizin parlayan şəhadət barmağından sap uzanırdı, sap heç görünmürdü, elə biləsən hörümçək toru idi, buna baxmayaraq, bu sap yer üstündən yüz metr, üç yüz metr, sonra isə min metr yüksəkliyə qalxmış ilanı çox möhkəm saxlayırdı, başgicəlləndirici yüksəkliklərə uçururdu.

Timoti sevincindən qışqırdı. Hətta ziddiyyətli hisslərlə çulğalanmış Aqata da Nənəmizin məharətini görüb, artırmadan səsini çıxartdı. Mənsə özümü yaşlı kişilər kimi apararaq, heç bir qəribə hadisə baş vermiyibmiş kimi bir görkəm almışdım, ancaq içimdə nələrsə eninə-uzununa genəlirdi, bədənim üsyan edirdi, dözməyib mən də qışqırdım. Belə bir sehrli barmağımın olmasını, bu barmaqdan sapların çıxmasını, kağız ilanımın lap-lap yüksəkliklərdə uçuşaraq, buludları gəzməsini istəyirdim.

- Əgər yüksəklik dediyin budursa, onda bax!.. – fövqəladə istedada malik Elektrik Nənəmiz dedi və ilan daha yüksəklərə, daha yüksəklərə qalxdı, ziyafətlərdə adamların bir-birinin başına səpdikləri kağız piləklər kimi kiçilənədək. O, raket təyyarələr daşıyan və qəfildən havanı dəyişən küləklərlə çox asanlıqla oynayırdı.

- Bu, mümkün deyil! – özümü saxlaya bilmədim.

- Tamamilə mümkündür! – Nənəmiz barmağından uzanan sonsuz saplara təəccübsüz-filansız baxaraq mənə cavab verdi. – Həm mümkündür, həm də sadədir.

Hörümçəyinkinəbənzər mayesi vardı. Sap havada bir anlıq donaraq möhkəm kəndirə çevrilirdi...

İlanımız nöqtədən də, günəş şüalarındakı zərrədən də kiçik olanda isə, Nənəmiz, heç dönmədən, artırmaya baxmadan, birdən dedi.

- İndiysə Abiqayl?..

- Aqata! – bacımızdan kəskin cavab gəldi.

Deyirəm qadının müdirlikliyinə bir bax, Aqatanın kobudluğunu görməzlikdən gəldi.

- Aqata, - Nənəmiz sakit-sakit təkrarladı. – Səninlə nə zaman dost olacağıq?

O, sapı qopartdı və üç dəfə biləyimə doladı, mən ən uzun sapla səmadan asılı vəziyyətə düşdüm, bu, kağız ilanların mövcudluq tarixində ən uzun sap idi. Dostlarım bunu görsəydilər, təəccüblərindən gözləri bərələ qalardı! Onlara göstərəndə, paxıllıqdan partlayacaqlar!

- Hə, Aqata, səninlə nə vaxt dostlaşacağıq?

- Heç vaxt!

- Heç vaxt, - Aqatanın səsi əks-səda verdi.

- Niyə?..

- Səninlə heç zaman dost olmayacam! – Aqata qışqırdı.

- Səninlə heç zaman dost olmayacam... – səsi harasa dəyib qayıtdı.

Timoti və mən təəcüblənərək ətrafa boylandıq. Əks-səda görən hardan gəlir? Hətta Aqata da məhəccərlərin arasından başını çıxartdı. Sonradan anladıq. Nənəm ovuclarını dəniz balıqqulağı kimi tutduğundan, ordan uğultu səsləri uçurdu.

- Səninlə... heç zaman... dost... olmayacam...

Əks-səda verən səslər uzaqlara axın edərək boğulurdu. Başımızı Nənəmizin balıqqulağı kimi ovuclarına əyib dinləyirdik. Timoti və mən. Aqata isə ucadan “...Olmayacam!”, deyə qışqırıb evə qaçdı və qapını bərkdən çırpdı.

- Dost olmayacam... - əks-səda Aqatanın dediyini təkrarladı. - ...Olmayacam! ...Olmayacam! ...Olmayacam!

Və haradasa uzaqlarda-uzaqlarda, gözəgörünməz kiçicik bir dənizin sahilində, qapı çırpıldı. Elektrik Nənəmizlə yaşadığımız ilk gün beləcə keçdi.

İkinci gün, üçüncü gün, dördüncü gün. Bu günlərdə nələr yaşanmadı?! Nənəmiz ulduz kimi fırlanırdı, biz onun peykləri idik. Aqata gəzintilərdə əvvəl-əvvəl həvəssiz, sonra isə vaxtaşırı bizə qoşulurdu, həmişə addım-addım gəzir, heç zaman qaçmırdı. Dinləyərkən, dinləmirmiş kimi bir təəssürat yaranırdı. Baxarkən sanki görmürdü. Amma necə də Elektrik Nənəmizə toxunmaq istəyirdi...

Hər-halda, son on gündə Aqata heç hara qaçmırdı, həmişə yaxınlığımızda olurdu: qapının qarşısında dururdu, ağacların qulağının dibindəki stulda otururdu, biz gəzməyə gedərkən isə, on addım bizdən geri qalıb, arxamızca gəlirdi.

Nənəmiz də Aqatanı gözləyirdi. Aqatanı nəyəsə məcbur etmirdi. Elektrik Nənəmiz sadəcə, öz işiylə məşğul idi. Səhər yeməyi, nahar yeməyi, şam yeməyi hazırlayırdı, ərik mürəbbəsindən şirniyyatlar bişirirdi, özü də nədənsə hazırladığı şirniyyatları gah burda qoyurdu, gah orda qoyurdu, elə biləsən, şirnisevərqızlar üçün tələ qururdu. Elə yenicə “tələ”ni qoyurdu ki, bir saat sonra boşqablar bom-boş olurdu. Yeyilmiş piroqlar və bulkular. Heç sağ ol da demirdik. Sevincindən uçan, məhəccərlərdən enən Aqatanın çənəsi isə şəkər tozu və şirniyyat qırıntılarıyla bəzənmişdi.

Timotiylə mənə gəlincə isə, bizi elə qəribə hisslər bürüyürdü, sanki gücbəla ilə təpənin zirvəsinə çataçatda, aşağıya baxıb Nənəmizi görürük və ona tərəf qaçırıq.

Ancaq Timotiylə ən çox bəyəndiyimiz oydu ki, Elektrik Nənəmiz bütün diqqətini Aqataya yönəldirdi. Bizə belə gəlirdi.

Nə deməyimizə baxmayaraq, Elektrik Nənəmiz səbrlə bizi dinləyirdi! Hər sözümüzü, hər cümləmizi, danışıq tərzimizi, fikrimizi, hətta mənasız uydurmalarımızı da yadda saxlayırdı. Pulqabı kimi yaddaşı olduğunu bilirdik. Hər günümüz yaddaşındaydı. Əgər birdən nəyisə unutsaydıq, ya da heç unutmasaydıq, sadəcə elə-belə hər hansısa saatda, hər hansı gündə, hər hansı həftədə baş verənlər haqda məlumat almaq istəsəydik, sadəcə bunu Nənəmizdən istəməyimiz yetərdi, istəyimizi yubatmadan yerinə yetirərdi.

Bəzən biz onu sınayırdıq.

Bir dəfə, yaxşı yadımdadı, başladım ağlıma nə söz gəlirsə üyüdüb tökməyə, birdən dayandım, Nənəmizə baxıb soruşdum:

- Hə, təkrarla görüm indicə nə dedim?

- Sən dedin ki ee... ııı... mmm....

- Hə, təkrarla, tap görüm.

- Mənə belə gəlir sən... – Birdən Nənəmiz nəyəsə görə əlini çantasına saldı. – Götür bunu. – Çantanın hüdudsuz dərinliklərindən mənə nə çıxarıb versə yaxşıdır?!

- Hədiyyəli peçenye!

- İndicə sobadan çıxıb, istidir. Bu peçenyeni qır görüm.

Peçenye həqiqətən istiydi. Ovuclarımı yandırırdı. Peçenyeni qıran kimi, içindən borucuğa bükülmüş kağız çıxdı. Kağızda yazılmışdı:

“Bütün Qərb sahilləri üzrə velosiped çempionu olacağam. Hə, təkrarla görüm indicə nə dedim... Hə, təkrarla, tap görüm”, - təəccüblə oxudum. Heyrətdən ağzım açıla qalmışdı:

- Bunu necə elədin?!

- Bizim kiçicik sirrlərimiz var. Sənə indicə baş verənlər haqda məlumatı bu peçenye verdi. İstəyirsən bir də yoxla.

Bir peçenye də götürüb sındırdım, daha bir kağızı çıxardıb oxudum: “Bunu necə etdin?!”

Mən hər iki peçenyeni ağzıma təpdim və möcüzəvi kağızlarla birlikdə yedim. Elektrik Nənəmizlə gəzə-gəzə söhbətləşirdik.

- Necə peçenyedir? – Nənəm soruşdu.

- Çox dadlıdır. Yaxşı bişirmisən, - mən cavab verdim.

Hamımız ürəkdən güldük və qaçışıb-ötüşməyə başladıq.

Ötüşməyi də yaxşı bacarırdı Nənəmiz. Belə yarışlarda uduzmağa çalışmırdı, amma bizi ötmürdü. Bilərəkdən geri qalırdı, buna görə də oğlan mənliyim tapdalanmırdı. Əgər qız uşağı səni ötürsə və ya səninlə bərabər səviyyədə qaçırsa, buna dözmək çətindir. Yox əgər bir-iki addım geri qalırsa, bu başqa məsələ.

Nənəmizlə tez-tez belə yarışlar təşkil edirdik. Mən irəlidəydim, o isə arxamda, dil-boğaza qoymadan danışırdıq.

İndiysə, onun ən bəyəndiyim xüsusiyyətini sizə deyəcəm. Bəlkə də Timoti Nənəmizin şəkillərini çəkib, mənə göstərməsəydi, heç vaxt bu xüsusiyyətini sezməzdim. Timoti kimi, mən də Nənəmizin bir neçə şəklini çəkib, müqayisə etməyə başladım, görək hansımızın çəkdiyi şəkil yaxşıdır. Timotiylə ikimizin birgə olduğu şəkli görən kimi, dəcəl Aqatanı da məcbur etdim ki, o da Nənəmizin şəklini gizlincə çəksin. Sonra isə bütün şəkilləri götürüb, nə edəcəyimi heç kimə bildirmədim. Əgər Aqata və Timoti planımı bilsəydilər, mənə maraqsız gələrdi. Otağıma getdim. Şəkilləri yan-yana qoydum: “Əlbəttə! Hər şəkildə Nənəmiz müxtəlif cür düşmüşdü!” – “Müxtəlif cür?” – özüm-özümdən soruşdum. “Hə, müxtəlif cür”. “Gəlsənə bu şəkillərin yerlərini dəyişək”. – Yerlərini dəyişdim. – “Ola bilməz! Aqatayla birgə olan şəkildə Nənəm Aqataya oxşayır! Timotiylə birgə olan şəkildə Nənəm Timotiyə oxşayır! Bu şəkildə isə... Lənət şeytana, axı bu, mənəm, onunla yarışarkən! Bu şəkildə mənə oxşadığı üçün eybəcərdir.”

Heyrətdən matım-mutum qurudu. Stula çökdüm. Şəkillər döşəməyə düşdü. Əyilib yığdım və yenə yan-yana düzdüm. Bu səfər döşəmənin üzərində. Şəkilləri qarışdırırdım, yerlərini dəyişirdim, yox Şübhəm qalmadı! Baş verənlər həqiqət idi!
- Ah, bizim bu Nənəmiz necə də ağıllıymış! Bəlkə ağıllı olan Fantoçinidi? Necə də bicdirlər. Ağıllıdan ağıllı, müdrikdən müdrik, xeyirxahdan xeyirxahdırlar...

Heyrət içində otağımdan çıxdım. Aşağı endim. Aqata və Elektrik Nənəmiz yan-yana oturub, bir-birinin sözünü dinləyə-dinləyə cəbri misalları həll edirdilər. Aralarında müharibənin nişanəsi ola biləcək hallarla rastlaşmadım. Nənəmiz intizarla Aqatanın ağıllanmasını gözləyirdi, heç kim də bunun nə zaman baş verəcəyini bilmirdi. İndiliksə...

Addımlarımı eşidən Nənəmiz geriyə döndü. Gözlərimi baxışlarına zillədim, məni necə “tanıyacağını” müşahidə edirdim. Gözlərinin rəngi azacıq dəyişdi, incə dərisinin altındakı qan və ya robotlarda qanı əvəz edən maye sürətlə hərəkət etməyə başladı. Deyəsən, Nənəmizin yanaqları mənim yanaqlarım kimi qırmızı oldu. Bəlkə mənə oxşamağa çalışır? Bəs Aqatanın cəbri məsələləri həll etməsini izləyərkən, onun gözləri Aqatanın – Abiqaylın – Alcernonun gözləri kimi açıq-mavi olmadımı? Axı mənim gözlərim tünddür. Ən inanılmazı isə... gecələr mənə şirin yuxular arzularkən və ya dərslərimi hazırlayıb-hazırlamadığımı soruşarkən, onun sifət cizgilərinin dəyişməsini duymadımmı?

Məsələ burasındadır ki, iki qardaş, bir bacı, bir-birimizə oxşamırıq. Aqatanın uzunsov incə üzü var. Tipik ingilisdir. Onun atamınkına bənzər baxışından cins atların tərsliyi yağır. Başının, dişlərinin forması ingilislərdə olduğu kimidir. Əslində anqlosakson irsinin təmizliyi bu adanın rəngarəng tarixindən danışmağa heç bilmirəm nə qədər əsas verir.

Timoti – ziddiyyətlidir. Onun qanından italyan qanı da axır. Anamın əsli-əcdadı oralardandır. Mariano şəhərindən. Timotinin saçları qaradır. Odlu-alovlu baxışı var. Yəqin bu odlu-alovlu baxışlar nə zamansa neçə-neçə qadının ürəyini külə döndərəcək.

Mənə gəldikdə isə, slavyanam. Vyana sakinləri olmuş atamın nənəsinə kimi uzanan şəcərəm var. Belə enlisifət, qırmızıyanaq, tatarların əcdadlarından daha çox şotlandlarda rast gəlinən yastıburun olduğuma görə atama minnətdaram.

Yəqin indi anladınız Nənəmizin simasındakı dəyişiklikləri müşahidə etmək necə əyləncəli məşğuliyyətdir. Aqatayla danışarkən Nənəmizin siması uzunsov və zərif olurdu. Timotiyə baxarkən, Nənəmizin simasında Florensiya qarğasının zərifcəsinə əyilmiş dimdiyini görürdüm. Mənə müraciət edərkən isə, heç bilirsiniz qarşımda kimin obrazı canlanırdı?! Böyük Yekaterinanın.

Heç zaman Fantoçininin belə möcüzəvi yaradılışlara necə nail olmasını bilməyəcəm. Düzünü desəm, heç bilmək də istəmirdim. Elektrik Nənəmizin səbrlə hərəkət etməsi, başını çevirməsi, sehrli baxışları, detalların və onları birləşdirən mexanizmlərin sirrli qarşılıqlı əlaqəsi, incə heykəltaraşlıq nümunəsini xatırladan çənəsi, yumşaq elastikliyə malik bədənini əyməsi, cizgilərini tez-tez dəyişən siması mənə kifayət idi. Onun siması bizim simasız idi. O, otağa daxil olur və ehtiyatla üçümüzdən birinə toxunurdu və onun incə dərisinin altında sirli dəyişikliklər baş verirdi. Üçümüzdən birinə yaxınlaşırdı. Balasını sevən ana kimi birimizi canına hopdururdu. Hamımız bir yerə yığışıb, bir-birimizlə mübahisə edəndə isə... Nə deyim, onun bədənindəki çevrilmələr sirrli idi. Belə görünürdü ki, heç kim onun simasındakı dəyişiklikləri sezmir, yalnız mən bu sirri özüm üçün açdığıma görə, sezə bilirdim. Ancaq təəccübümü yenə də gizlədə bilmirdim.

Heç zaman pərdə arxasına keçib, fokusçunun sirrini açmaq həvəsinə düşmədim. Gördüyüm illüziyalar bəsim idi. Eybi yox, Nənəmin sevgisi – kimyəvi reaksiyaların nəticəsi olsa da, yanaqlarının alışmasının səbəbi onu ovuclarımızla sığallamağımız idi. Sevgidən alışıb-yanan gözlərini, bizi əzizləmək, üşüməməyimiz üçün qucaq dolusu açılan əllərini görməzlikdən gələ bilməzdim... Bütün bunlar Timotiylə mənə qismət oldu. Əlbəttə, Aqataya da nəsib oldu, onun hirsli-hirsli müqavimət göstərdiyi o dəhşətli gündən sonra...

- Aqamemnon... – Elektrik Nənəmiz Aqataya dedi.

Bu artıq şən bir oyuna çevrilmişdi. Hətta Aqata da hirslənmirmiş kimi bir görkəm alaraq etiraz etmirdi. Çünki bu, həddi-buluğa çatmamış maşın qarşısında onun üstünlüyünü göstərirdi.

- Aqamemnon! – Aqata nifrətlə fınxırdı. – Ay nənə, sən niyə belə...

- ...axmağam? – Nənəmiz təhrikediciliklə dedi.

- Belə demədim.

- Bilirəm belə demədin, amma belə düşünürsən, ay mənim nadinc Aqatam... Əlbəttə mənim çoxlu çatışmazlıqlarım var, bu çatışmazlığım isə deyəsən ən gözəçarpandır. Həmişə adları qarışdırıram. Tom əvəzinə Timoti, Timoti əvəzinə gah Tobias, gah da Tomat deyə bilərəm.

Xəbər lenti