Rəşad Məmmədov: “Gələcəkdə məzunları yerli və xarici bazardan məlumatlı marketoloqlarla görüşdürəcəyik” (MÜSAHİBƏ)

Rəşad Məmmədov: “Gələcəkdə məzunları yerli və xarici bazardan məlumatlı marketoloqlarla görüşdürəcəyik” (MÜSAHİBƏ)
BBF-in layihələr üzrə meneceri Rəşad Məmmədovun Finans.Az-a müsahibəsi:

- Rəşad bəy, "Baku Business Factory”nin gənc sahibkarlar üçün bu ilin sentyabrında elan etdiyi "BBF-lə Startup” mentorluq layihəsinin ikinci mərhələsi başa çatıb. Bu mərhələni və alınan nəticələri necə dəyərləndirirsiniz?

- Qeyd etdiyimiz kimi, layihənin məqsədi gənclərdə sahibkarlıq düşüncə tərzinin təşviq olunmasına kömək edərək ölkədəki biznes mühitinin inkişafına dəstək verməkdir. Layihədə olan mövzular ilkin sahibkarlıq üçün çox faydalı mövzulardır və dəvət olunan mentorlar da öz sahələrinin peşəkarlarıdır. İnanıram ki, bu layihədən gənclər çox faydalı məlumatlar əldə ediblər və onların arasında bölgələrdən olan və sahibkarlığa başlamaq istəyən gənclər də olub. Ümid edirəm ki, onlar bu yaxınlarda öz kiçik bizneslərinə başlayacaqlar. BBF olaraq biz həmin gənclərlə əlaqəni daim saxlayacağıq və mentorlarımıza daim kömək göstərəcək, onlara lazımi dəstəyin verilməsinə çalışacağıq.

- Gənc sahibkarlar əsasən hansı istiqamətlərə üstünlük verirlər?

- Ölkədə qeyri-neft sektorunun inkişafına dövlətin böyük dəstəyini nəzərə alaraq gənc sahibkarlar Azərbaycan bazarına uyğun biznes sahələrinə üstünlük verirlər. Növbəti mərhələlərdə məzunlarımızı əməkdaşlıq etdiyimiz yerli və xarici bazardan çox məlumatlı marketoloqlarla görüşdürməyi planlaşdırırıq. Bu görüş onlar üçün faydalı olacaq.
 
- İkinci mərhələdən gözləntiləriniz nədir?

- Layihədə iştirak edən gənclər qısa vaxtda əldə etdikləri biliklərlə yaxın zamanda kiçik də olsa sahibkarlıq fəaliyyətlərinə başlayacaq, həmçinin ətraflarında olan tanıdıqları sahibkarlara dəstək olacaqlar.

- Ümumiyyətlə, BBF özlüyündə startaplara dəstək üçün yaradılan təşkilatdır. İndiyə qədər dəstək proqramınız nə qədər layihəni əhatə edib? Bu layihələrdən ən uğurlusu hansıdır?

- BBF fəaliyyətə başladığı gündən bu yana 30-dan çox müxtəlif sahəni əhatə edən layihələrin icrasında məhz bizim xidmətlərdən istifadə edilib. Bunlardan çox az sayda olanı fəaliyyətini ya dayandırıb, ya da başqa sahələrə yönəldilib. Uğurlu saydığımız layihələr sırasında ObaNatur, Mr.Bee, Keepface, TicketSetup kimi layihələr var. 

ObaNatur - bir ildən çox müddətdə Azərbaycan bazarında fəaliyyət göstərir və məqsədi öz sinfində ən yaxşı olan fermer təsərrüfatlar şəbəkəsində istehsal olunan yüksək səviyyəli məhsulların və xidmətin brendləşdirilməsi, müştərilərə çatdırılması yolu ilə sağlam qida sistemini formalaşdırmaqdır. 

Mr.Bee - bal və arıçılıq məhsullarının satışı və istehsalı üzrə ixtisaslaşmış, "Kercom" MMC-ə məxsus brenddir. Bu, daxili bazarda 70-dən çox satış nöqtəsinə malik və ixracat istiqamətində aktiv olan Azərbaycan markasıdır. Bununla da "Kercom" MMC dəyər zəncirinin istehsal, qablaşdırma və satış komponentlərini birləşdirən şirkətdir. Hazırda 120 fermeri özündə birləşdirən yeni böyük layihə üzərində hazırlıq işləri gedir.

Ticketsetup - Elektron Bilet Sistemi olmaqla biletin yaradılması, satışı və yoxlanılması kimi bütün mərhələləri özündə birləşdirən universal həlldir. Ticketsetup Inc. bu ilin oktyabr ayından etibarən ABŞ-da rəsmən qeydiyyatdan keçib. Hazırda şirkət Almaniya bazarına inteqrasiya olunur və bununla bağlı alman şirkətləri ilə əməkdaşlıq edir.

Keepface onlayn influencer marketinq platformasıdır. Brendlərlə onları sevən influencerləri birləşdirib, maraqlı kontent yaradaraq öz sosial media hesablarından əlavə gəlir əldə edirlər. Keepface qlobalda da fəaliyyət göstərir. DMCC-də (Dubai Multi Commodities Centre) qeydiyyatdan keçən Keepface yaxın zamanda Mərkəzi Asia, Qafqaz və MENA (Yaxın Şərq və Şimali Afrika) bölgələrini hədəfləyir. Eyni zamanda Keepface Google şirkətinin MENA regionunda yeganə texnologiya şəbəkəsinin üzvü olan AstroLabs-a qəbul olunub.
 




www.ann.az

Xəbər lenti