Qurban Qurbanov son qolunu vurduğu komandaya qarşı

Qurban Qurbanov son qolunu vurduğu komandaya qarşı
Azərbaycan milli komandası bu gün növbəti yoldaşlıq görüşünü keçirəcək.

Ann.az xəbər verir ki, rəqib Latviya yığması olacaq. Riqadakı "Dauqava" stadionunda təşkil olunacaq qarşılaşma Bakı vaxtı ilə 19.00-da başlanacaq.

Yığma Qurban Qurbanovun rəhbərliyi altında 6-cı oyununa çıxacaq. Əvvəlki 5 görüşdən 2-si - Belarus (0:1) və Qırğızıstanla (3:0) oyunlar Bakı Olimpiya Stadionunda, Moldova (0:0) və Makedoniya (1:1) ilə oyunlar Türkiyənin Antalya bölgəsindəki "Mardan" stadionunda, Qazaxıstanla (0:3) matç isə "Astana Arena"da baş tutub.

Qeyd edək ki, Azərbaycan millisi bu rəqiblə 4-cü dəfə qarşılaşacaq. Maraqlıdı ki, bu dəfə də oyun qeyri-rəsmi xarakter daşıyacaq və yenə Latviyada olacaq. Əvvəlki 3 matç Riqada keçirilib və bütün oyunlar heç-heçə nəticələnib. 1997-ci ilin avqustun 19-da və 2002-ci ilin iyulun 6-da keçirilən matçlar qolsuz bərabərliklə başa çatıb. 2004-cü ilin iyunun 6-da keçirilən qarşılaşmada 2:2 hesabı ilə yekunlaşıb. Ən maraqlı məqam odu ki, millimizin yeni baş məşqçisi Qurban Qurbanov həmin oyunda fərqlənib və bu, onun yığmada son qolu olub. Belə ki, keçmiş hücumçu 75-ci dəqiqədə penaltidən vurduğu qolla yığmamızı hesabda irəli çıxarıb. Qurban Qurbanov 68 oyunda vurduğu 14 qolla millimizin 26 illik tarixinin bombardiridi. 

Onu da qeyd edək ki, bu, UEFA Millətlər Liqasından əvvəl Azərbaycan millisinin son yoldaşlıq görüşü olacaq.

Yoldaşlıq görüşü
5 iyun

19.00 Latviya - Azərbaycan
Hakimlər: Denis Şerbakova, Yuri Kromçanka, Andrey Xetsikov (Belarus), Aleksandr Anufriyev (Latviya).
Riqa. "Dauqava" stadionu.

www.ann.az

Xəbər lenti