Qurban Qurbanov: "Əlimdə olan futbolçular məni qane edir"

Qurban Qurbanov:
"Ağır oyuna hazırlaşırıq. Rəqibin gücünü bilirik. Səhv etməməyə çalışacağıq. Pedro Enrikenin yoxluğunda kimə güvənəciyimizə konkret qərar verməmişik. Onun yerində kimin oynayacağını sabah müəyyənləşdirəcəyik. O cümlədən Dani Kintana ilə də bağlı eyni sözləri deyə bilərəm". 

ANN.Az xəbər verir ki, bu sözləri "Qarabağ"ın baş məşqçisi Qurban Qurbanov deyib.

"Çalışacağıq ki, sabah yaxşı mübarizə aparaq. Düzgün gedişlər edək. Çalışacağıq ki, məğlub olsaq belə, azarkeşlər bizdən razı getsinlər. Çünki bu böyük turnirdi. Belə oyunları futbolçularımız ilk dəfədi görürlər. Futbol elə bir səviyyəyə gəlib ki, çox komandalarla oyunda belə 6:0 kimi hesablar olur. Hətta İngiltərə Premyer Liqasında da oxşar hallara rast gəlinir. Bu halları düşünmək lazım deyil. Fikrimizi toplayıb oyuna köklənməliyik" deyə Qurbanov bildirib.

İbrahim Şehiçə güvənib-güvənməyəcəyi ilə bağlı danışan baş məşqçi hər bir futbolçunun onun üçün önəmli olduğunu bildirib: "Komandamda olan hər bir oyunçu mənim üçün önəmlidir. Onların hamısına güvənirəm. İki heyətlə oynamağa, klub kimi formalaşmağa bizə hələ uzun illər lazımdır. Bəzən iki heyət də yetərli olmur. Zədələr və ya cəzalar yaranır. Təkcə biz yox, bütün klublar oyunçu potensialını yüksəltməlidi. O səviyyəyə çatmaq üçün hələ çox var. Çox çalışmalıyıq. Komanda üzərində təzyiq həmişə olur".
 
Qurbanov qışda heyəti gücləndirmək üçün müdafiəçi transfer edib-etməyəcəkləri ilə bağlı suala belə cavab verib: "Transferlər barədə hələ düşünmürəm. Əlimdə olan futbolçular məni qane edir. Futbolçunun yaşına baxmıram. Yaşlı olmalarına baxmayaraq, onlar bütün futbolçulara nümunədilər. Qapıçı məsələsinə gəlincə, təkcə qapıçıya deyil, bütün futbolçulara güvənirəm". 

www.ann.az

Xəbər lenti