“Qış nağılı”nın Qəbələdəki çəkiliş meydanından reportaj (FOTO/VİDEO)

“Qış nağılı”nın Qəbələdəki çəkiliş meydanından reportaj (FOTO/VİDEO)
"Cinemazadeh” şirkətinin 2018-ci il üzrə ən böyük layihəsi olan "Qış Nağılı” filminin çəkilişləri davam edir.

"Report"un əməkdaşı Qəbələdəki çəkiliş meydançasını ziyarət edib, görülən işlərlə yaxından tanış olub.

Ekran əsərinin süjet xəttinə əsasən, hadisələrin bir qismi Qəbələ rayonunda cərəyan edir. Çəkilişlərin böyük bir hissəsi də rayondakı "Qafqaz Riverside Hotel”də aparılır. Otelə daxil olarkən yeni il ab-havası hiss edilir. Şam ağacları, dekorlar, qış geyimində aktyorlar və s. hər bir detal qış aylarını xatırladır.

Filmin baş prodüseri, ideya müəllifi və rejissoru Cəfər Axundzadə "Qış Nağılı”nın "Cinemazadeh”in ötən filmi "Kəklikotu”nun uğurlarını keçəcəyinə əminliyini bildirdi: "Yeni il gecəsi arzular çin olur, ələlxüsus həmrəy olanda. Yeni filmimizin süjet xəttinə əsasən, bir neçə müxtəlif, bir-birindən maraqlı və olduqca gülməli hadisə təsadüfən bir oteldə cərəyan edir. Həyatda isə təsadüflər olmur”.

Onun sözlərinə görə, ekran əsərinin çəkilişlərinə mart ayında başlanılıb. C.Axundzadə deyir ki, "Qış Nağılı”nın premyarası dekabr ayının səkkizinə planlaşdırılıb: "Bakıda povilion səhnələri çəkilib. Bəzi səhnələri, yəqin ki, qış aylarına da saxlayacığıq. Premyaraların eyni zamanda Türkiyə və Avropada da keçirilməsi gözlənilir”.

Rejissor filmin büdcəsinin hələ dəqiqləşmədiyini qeyd etdi: "Çəkilişlər baha başa gəlir. Çünki yaz aylarında qışı çəkirik. Büdcəsi məlum olanda açıqlqayacağıq. Çünki bizdə bütün məsələlər rəsmi formada həyata keçirilir və şəffafdır”.



Ekran əsərində bir çox məşhur sima yer alıb. Burada, demək olar ki, baş rol ifaçısı yoxdur. C.Axundzadənin sözlərinə görə, məhz məşhurların çox olması da bir sıra çətinliklər yaradır: "Aktyorların işi çox olduğuna görə, biz onları daim çəkiliş meydanında saxlaya bilmirik. Onları bir araya yığmaq ən böyük problemdir”.

Vüqar Hüseynov, Talıb Əhmədov və Cəfər Axundzadənin ssenarisini yazdığı ekran işində Türkiyənin məşhur müğənni Halil Sezai və aktrisa Müge Boz, eyni zamanda Azərbaycanın tanınmış müğənni və aktyorlar rol alacaq.

Qeyd edək ki, film Yeni il gecəsi bir oteldə baş verən bir neçə hekayədən ibarətdir. Qəhrəmanlar da həmin hekayələr üzrə qruplaşıb. Neçə ildir nişanlana bilməyən, nəhayət, Yeni il günü nişan etmək istəyən cütlüyün hekayəsinin qəhrəmanlarını Elcan Rəsulov, Oksana Rəsulova, Səidə Quliyeva, Sənubər İsgəndərli, Oqtay Əliyev canlandırır. Nişanda iştirak etmək üçün otelə gələn dostlar hekayəsinin baş qəhrəmanları isə Əlixan Rəcəbov, Taleh Yüzbəyov, Rövşən Məmmədli, Samirə Əfəndiyeva, Dilarə Kazımovadır. Ailəsinə öz hesabına böyük otel otağı kirayə götürən imkanlı şəxslə, radioda bilet udaraq Yeni ili qeyd etməyə gələn cütlüklərin hekayəsində baş qəhrəmanların rolunda Murad Dadaşov, Günel Məmmədova, Məcid Hüseynov və Şəlalə Şahvələdqızı çıxış edir. Sevgilisinə özünü sübut etmək istəyən gəncin hekayəsində qəhrəmanları isə İslam Mehrəliyev, Kəmalə Piriyeva və Ceyhun Zeynalovdur. Yeni il şousu üçün isə otelə Türkiyədən tanınmış müğənni Halil Sezai və aktrisa Müge Boz dəvət olunub. Otelin heyətini Əbdül Mahmudov, Elməddin Cəfərov, Aqil M. Quliyev, Samir Ələsgərov, Zülfiyyə Qurbanova, Erkin Ergin, Elvin İbra, Vüsal Hacıqədir canlandırır.

Filmin quruluşçu operatoru Rauf Qurbanəliyev, quruluşçu rəssamı Zaur Abdullayev, geyim üzrə rəssamı Mehriban Əfəndi, qrim üzrə rəssəmı Aytən Hüseynzadə, ikinci rejissoru Kamran Ağabalayev və Vüsal Hacıqədirdir. Musiqi direktoru Aynur Axundzadə, icraçı prodüseri Emil Davudzadə, kreativ prodüseri Xətai Əli, marketinq direktoru isə Zaur Darabzadədir. 
 





























www.ann.az

Xəbər lenti