Qənirə Paşayeva beynəlxalq forumda Ermənistanın hərbi cinayətlərindən danışıb

Qənirə Paşayeva beynəlxalq forumda Ermənistanın hərbi cinayətlərindən danışıb
İspaniyanın Barselona şəhərində Crans Montana Forumunda "İpək Yolu potensialı və Aralıq dənizi, Orta Şərq və Afrika region ölkələri ilə əməkdaşlıq” mövzusunda beynəlxalq konfrans keçirilib.
 
ANN.Az-ın APA-ya istinadən məlumatına görə, millət vəkili, Avrasiya Beynəlxalq Araşdırmalar İnstitutu İctimai Birliyinin sədri Qənirə Paşayeva konfransda İpək Yolu layihəsinin regiona gətirəcək qarşılıqlı mənfəətli iqtisadi və ticarət əlaqələrinin potensialı  ilə bağlı geniş məruzə ilə çıxış edib və işğalçı Ermənistan silahlı qüvvələrinin vəhşicəsinə qətlə yetirdiyi balaca Zəhra barədə danışıb.
 
Yaxasında Zəhranın faciəvi ölümünü əks etdirən foto ilə tədbirə qatılan Q. Paşayeva Ermənistan rəhbərliyinin törətdiyi cinayətlərdən söz açıb. Millət vəkili deyib ki, işğalçı Ermənistanın törətdiyi bu böyük cinayətlərə beynəlxalq ictimaiyyət etiraz səsini yüksəltməlidir: "Ermənistan bu işğalçılıq əməllərinə son verməlidir və biz buradan Ermənistan rəhbərliyini buna son verməyə çağırırıq”.
 
Q. Paşayeva məruzəsində Azərbaycanın İpək Yolu layihəsinə böyük önəm verdiyini də qeyd edib. Onun sözlərinə görə, Azərbaycan Avropa - Qafqaz - Asiya (TRACECA) dəhlizinə yüklərin daha böyük axınının cəlb edilməsi, ona mövcud və qurulmaqda olan regional enerji və nəqliyyat sistemlərinin daxil edilməsi, milli iqtisadiyyatın strukturunun dəyişilməsi və ölkənin enerjidaşıyıcılarından asılılığının azaldılması kimi 3 həyati əhəmiyyətli vəzifəni həll etməyə imkan verən iri geoiqtisadi layihədə maraqlıdır: "İpək Yolu layihəsi çərçivəsində təhlükəsizlik sistemi kompleksinin korporativ, kollektiv və ya daha hansı formatda olacağı hələ aydın deyil. Lakin bizim ölkə üçün onun quruluşu müstəsna olaraq münasibətlərin praqmatizmində görülür. Bu layihəyə qoşulmuş ölkələrin əksəriyyəti Azərbaycanın ərazi bütövlüyünü, xüsusilə Dağlıq Qarabağ münaqişəsi məsələsində mövqeyini dəstəkləyir. Ona görə biz tamamilə əsaslı olaraq hesab edirik ki, İpək Yolu layihəsinin reallaşması təcavüzkar qüvvələrin "sülhə məcbur edilməsinə”, Avrasiya, Aralıq dənizi və Afrika regionlarında qaynar ocaqların neytrallaşmasına gətirib çıxaracaq”.
 





www.ann.az

Xəbər lenti