Qəbul imtahanlarındakı ödəniş ləğv edilə bilər

Qəbul imtahanlarındakı ödəniş ləğv edilə bilər
2018/2019-cu tədris ili üçün Azərbaycan Respublikasının ali təhsil müəssisələrinə və tam (11 illik) orta təhsil bazasında orta ixtisas təhsili müəssisələrinə tələbə qəbulu başlayıb. Ərizələrin qəbulu martın 29-dan aprelin 30-dək internet vasitəsilə aparılır. İlk qəbul imtahanı (yaz sessiyası) II-III ixtisas qrupları üzrə mayın 13-də, I-IV ixtisas qrupları üzrə isə mayın 20-də keçiriləcək. 

İkinci imtahan (yay sessiyası) isə I-IV ixtisas qrupları üzrə iyulun 18-də, II-III ixtisas qruplari üzrə isə iyulun 26-da keçiriləcək. Abituriyentlər hər iki imtahanda iştirak edə bilərlər. 

Məlumdur ki, qəbul imtahanların iştirak ödənişlidir. Orta ixtisas təhsili müəssisələrinə tələbə qəbulu ilə bağlı test imtahanında 1 dəfə iştirak üçün 20, həmin müəssisələrin xüsusi qabiliyyət tələb edən ixtisaslarına qabiliyyət imtahanında 1 iştirak üçün 20, ali təhsil müəssisələrinin bakalavriat (tibb təhsili üzrə əsas təhsil) səviyyəsinə tələbə qəbulu ilə bağlı test imtahanında 1 iştirak üçün 40 manat müəyyən edilib. 

Ali təhsil müəssisələrinin və Azərbaycan Milli Elmlər Akademiyasının magistratura səviyyəsinə tələbə qəbulu ilə bağlı imtahanda (I mərhələ) 1 iştirak üçün tarif 50, ali təhsil müəssisələrinin və Azərbaycan Milli Elmlər Akademiyasının magistratura səviyyəsinə tələbə qəbulu ilə bağlı imtahanda (II mərhələ) 1 iştirak üçün tarif 60, baza ali tibb təhsili əsasında rezidenturaya qəbulla bağlı test imtahanında (I mərhələ) 1 iştirak üçün tarif 60, baza ali tibb təhsili əsasında rezidenturaya qəbulla bağlı test imtahanında (II mərhələ) 1 iştirak üçün tarif 100, ali təhsil müəssisələrinin xüsusi qabiliyyət tələb edən ixtisaslarına tələbə qəbulu ilə bağlı qabiliyyət imtahanında 1 iştirak üçün tarif 30 və rus bölməsi abituriyentləri üçün Azərbaycan dili üzrə test imtahanında 1 iştirak üçün tarif 10 manat məbləğində müəyyənləşdirilib. 

İmtahanlarda iştirakın ödənişli olmasından narazı qalanlar qiymətlərin yüksək olduğunu bildirirlər. Xüsusilə maddi imkanı az olan şəxslər məhz ödənişə görə imtahanlarda iştirak edə bilmədiklərini söyləyirlər.
 


Məsələ ilə bağlı Milli Məclisin Elm və təhsil komitəsinin üzvü Asim Mollazadə Modern.az-a açıqlama verib. Deputat bildirib ki, onda olan məlumata görə, qəbul imtahanlarının ödənişi ilə bağlı hazırda müzakirələr gedir. 

"Məndə olan məlumata görə, qəbul imtahanlarının ödənişli olması ilə bağlı müzakirələr aparılır. Növbəti tədris ilindən imtahanların qiyməti ya olduğu kimi saxlanılacaq, ya da qəbul imtahanı üçün ödəniş ləğv ediləcək”.

www.ann.az

Xəbər lenti