Prezident Salyanda: məktəb, muzey, yol və yarımstansiya açıldı (FOTOLAR)

Prezident Salyanda: məktəb, muzey, yol və yarımstansiya açıldı (FOTOLAR)
Prezident İlham Əliyev bu gün Neftçaladan sonra Salyan rayonuna səfər edib.

Ann.az xəbər verir ki, dövlət başçısı Heydər Əliyevin Salyan şəhərinin mərkəzində ucaldılmış abidəsini ziyarət edib, önünə gül dəstəsi qoyub.

Salyan Rayon İcra Hakimiyyətinin başçısı Sevindik Hətəmov son illərdə rayonda görülən işlər, həyata keçirilən layihələr barədə dövlət başçısına məlumat verib. Bildirib ki, Salyanın sosial-iqtisadi göstəriciləri xeyli yaxşılaşıb, çoxlu sosial infrastruktur obyektləri tikilib, kənd təsərrüfatı sahəsində istehsal müəssisələri yaradılıb.



İlham Əliyev Salyan rayonuna səfəri çərçivəsində 110/35/10 kV-luq "Qaraqaşlı” yarımstansiyasının açılışında iştirak edib.

Salyan rayonunun su təsərrüfatı üçün tələb olunan 11,5 MVA gücündə 35 kV-luq iki yarımstansiya bu yarımstansiyadan qidalandırılacaq. Odur ki, "İşıqlı Azərbaycan” layihəsinə uyğun olaraq tikilən "Qaraqaşlı” yarımstansiyası rayonun elektrik enerjisi təchizatında xüsusi önəm daşıyır.

"Azərişıq” ASC-nin sədri Baba Rzayev dövlət başçısına yeni yarımstansiya barədə məlumat verib. Bildirilib ki, yeni yarımstansiya Salyan rayonunun böyük hissəsini, xüsusən də dövlət əhəmiyyətli obyektləri - Heydər Əliyev Mərkəzi, Heydər Əliyev Parkı, Salyan Rayon İcra Hakimiyyəti, Mərkəzi Xəstəxana, çoxlu sayda sənaye, təhsil, tibb və məişət təyinatlı obyektləri elektrik enerjisi ilə təmin edir. İlham Əliyev yarımstansiyanı işə salıb.



İlham Əliyev 1200 şagird yerlik Salyan şəhər 2 saylı tam orta məktəbin yeni binasının açılışında iştirak edib. Dövlət başçısı məktəbin binasının rəmzi açılışını bildirən lenti təsib.

Prezidentə məktəbdə yaradılan şəraitlə bağlı məlumat verilib. Bildirilib ki, 1954-cü ildən ümumtəhsil məktəbi kimi fəaliyyət göstərən Salyan şəhər 2 saylı tam orta məktəb 1937-ci ildə tikilmiş ikimərtəbəli uyğunlaşdırılmış binada yerləşirdi. 2003-cü ilədək məktəb binası 26 sinif otağından ibarət idi və tədris iki növbədə aparılırdı. 2003-cü ildə əlavə 14 sinif otağı tikilib və həmin ildən etibarən tədris birnövbəli sistemə keçib.

2016-2017-ci tədris ilində məktəbin 556 şagirdi müvəqqəti olaraq 3 saylı tam orta məktəbin binasında yerləşdirilmişdi. Dövlət başçısının ötən il imzaladığı Sərəncamla məktəb üçün yeni bina tikilib və bu, bir çox problemləri aradan qaldırıb. 

Üç mərtəbədən ibarət yeni məktəb binasında 48 sinif otağı, 6 laboratoriya, əmək təlimi otaqları, tibb məntəqəsi, kitabxana, 380 yerlik akt zalı, idman və atıcılıq zalları fəaliyyət göstərir.

Prezident məktəbin sinif otaqlarında, laboratoriyalarında, idman və atıcılıq zallarında yaradılan şəraitlə tanış olub. Atıcılıq otağında şagirdlər pnevmatik silahdan hədəfə atəş açmaq məharətlərini nümayiş etdirib. Dövlət başçısı məktəbin müəllim və şagird kollektivinə uğurlar arzulayıb.



İlham Əliyev Salyana səfəri çərçivəsində Bayraq Muzeyinin açılışında iştirak edib. Prezident muzeyin rəmzi açılışını bildirən lenti kəsib.

Dövlət başçısına burada görülən işlərlə bağlı məlumat verilib. Bildirilib ki, Bayraq Muzeyinin yerləşdiyi ərazidə Bayraq Meydanı yaradılıb, burada dövlət bayrağı ucaldılıb, ərazidə geniş abadlaşdırma işləri görülüb. Bayraq Muzeyinin inşası bu il ərzində həyata keçirilib. Rayonun daxili imkanları hesabına reallaşdırılan layihə çərçivəsində ümumi sahəsi 410 kvadratmetr olan bina tikilib. Zəruri infrastrukturla təchiz olunan muzeydə çoxlu sayda eksponatın sərgilənməsi üçün hər cür şərait yaradılıb. Bayraq Muzeyində tariximizin müxtəlif dövrlərinə aid eksponatlar, qədim Azərbaycan dövlətlərinin bayraqları, xəritələr, konstitusiyalar, orden və medallar, bir sözlə, müxtəlif dövlət rəmzləri qorunur. Burada müstəqillik dövrümüzün tarixi hadisələrinə geniş yer verilib. Bütün bunlar həm Salyan gənclərində, həm də rayona gələn qonaqlarda şanlı tariximiz haqqında təsəvvür yaratmağa geniş imkanlar açır.



Prezident həmçinin rayonun Çuxanlı-Gəncəli-Piratman-Parça Xələc-Seyidan avtomobil yolunun açılışında iştirak edib.

"Azəravtoyol” ASC-nin sədri Saleh Məmmədov dövlət başçısına yolun texniki göstəriciləri barədə məlumat verib. Bildirilib ki, ümumi uzunluğu 30 kilometrdən çox olan yolun 17,4 kilometri İlham Əliyevin 2014-cü və 2015-ci illərdə imzaladığı sərəncamlara əsasən ayrılan vəsait hesabına yerli icra hakimiyyəti tərəfindən yenidən qurulub. Yolun qalan 12,8 kilometrinin yenidən qurulması isə dövlətimizin başçısının ötən il imzaladığı Sərəncamla "Azəravtoyol” ASC-yə həvalə edilib.

Torpaq və çınqıl örtüklü olduğundan vətəndaşların gediş-gəlişinə maneələr yaradan avtomobil yolu iki hərəkət zolaqlı olmaqla 4-cü texniki dərəcəyə uyğun yenidən qurulub. Zəruri olan yerlərdə yol yatağının yararsız qruntu qazılaraq çıxarılıb, kipləşdirilmə işləri görülüb, yola asfalt-beton örtüyü döşənib. Yenidənqurma işləri çərçivəsində zəruri olan yerlərdə suötürücü boruların tikintisi işləri aparılıb. Avtonəqliyyat vasitələrinin hərəkətinin normal təşkili üçün zəruri olan yerlərdə yol nişanları və məlumatverici lövhə quraşdırılıb, yola nişanlama xətləri çəkilib.

Qeyd edək ki, Çuxanlı-Gəncəli-Piratman-Parça Xələc-Seyidan avtomobil yolunun tikintisi 5 mindən çox əhalinin yaşadığı 5 yaşayış məntəqəsini birləşdirərək yük və sərnişin daşımasını xeyli yaxşılaşdıracaq, kənd təsərrüfatı məhsullarının rahat şəkildə daşınmasına imkan yaranacaq.

Dövlət başçısı rayon ictimaiyyətinin nümayəndələri ilə görüşüb və yolun rəmzi açılışını bildirən lenti kəsib.



Prezident həmçinin rayonun Xıdırlı kəndində dəniz suyunun duzsuzlaşdırılması kompleksinin fəaliyyəti ilə tanış olub. Ekologiya və təbii sərvətlər naziri Hüseynqulu Bağırov kompleks barədə dövlətimizin başçısına məlumat verib.

Xəzər dənizinin suyunun duzsuzlaşdırılması kompleksi 2013-cü ildə istifadəyə verilib. 2016-cı ildə kompleksdə əlavə tikinti işləri aparılmadan ikinci xətt quraşdırılıb. Hər xəttin istehsal gücü 1000 kubmetrə bərabərdir. Yəni, gün ərzində dənizdən qəbul edilən 2500 kubmetrə yaxın duzlu su müəssisəyə daxil olur və həmin sudan 2000 kubmetr içməyə yararlı su istehsal edilir. Aparılan tikinti və yenidənqurma işləri nəticəsində dənizdən suyun götürülməsi üçün uzunluğu 200 metr olan damba inşa edilib. Müəssisədə əks osmos membranları ilə təchiz olunmuş yüksək texnoloji avadanlıq və elektron idarəetmə sistemi qurulub. Həcmi 500 və 200 kubmetr olan xüsusi örtüklə izolyasiya edilmiş üç metal su çəni quraşdırılıb, tutumu 500 və 2500 kubmetr olan yeraltı su anbarları inşa edilib.

Bildirilib ki, müəssisədə istehsal olunan su içməli su göstəricilərinə tam uyğundur. Hazırda istehsal olunan suyun böyük əksəriyyəti, təqribən 90 faizi ətraf ərazilərdə salınan 700 hektara yaxın yaşıllıqların suvarılmasında, qalan hissəsi isə məişətdə istifadə edilir. Bu pilot layihə yalnız dəniz suyunun duzsuzlaşdırılması ilə kifayətlənməyib, eyni zamanda, Şirvan kollektorunun suyunun duzdan təmizlənməsini həyata keçirir. Bu çərçivədə kollektorda 2013-cü ildə birinci, ötən il isə gün ərzində 2500 kubmetr suyu duzsuzlaşdıran ikinci xətt istismara verilib. Ümumiyyətlə isə Şirvan kollektoru üzərində quraşdırılan qurğular gündə 5 min kubmetr suyu içməli su həddinə kimi duzsuzlaşdırır. Sutka ərzində duzsuzlaşdırılan 7 min kubmetr su 1750 hektar ərazidə yaşıllıqların suvarılmasına kifayət edir.

Kompleksin fəaliyyəti ilə tanış olan dövlət başçısı müvafiq tapşırıq və tövsiyələrini verib.
 


www.ann.az

Xəbər lenti