Prezident və xanımı Mingəçevirdə açılışlar etdi (FOTOLAR/YENİLNİB)

Prezident və xanımı Mingəçevirdə açılışlar etdi (FOTOLAR/YENİLNİB)
Prezident İlham Əliyev və birinci xanım Mehriban Əliyeva fevralın 27-də Mingəçevir şəhərinə səfərə gəliblər.

Ann.az xəbər verir ki, dövlət başçısı və xanımı Heydər Əliyevin şəhərin mərkəzindəki abidəsi önünə gül dəstəsi qoyublar.

Şəhər icra hakimiyyətinin başçısı Niyazi Bayramov Mingəçevirdə görülən abadlıq-quruculuq işləri barədə Prezident İlham Əliyevə və birinci xanım Mehriban Əliyevaya məlumat verib.

İlham Əliyev 424 MVt gücündə Mingəçevir Su Elektrik Stansiyasının əsaslı yenidənqurmadan sonra istismara verilməsi mərasimində iştirak edib. "Azərenerji” Açıq Səhmdar Cəmiyyətinin prezidenti Etibar Pirverdiyev dövlətimizin başçısına stansiyada görülən işlər barədə məlumat verib.

Bildirilib ki, son illər Azərbaycanda energetika sahəsində çox mühüm layihələr icra olunub. Bu istiqamətdə həyata keçirilən işlər müsbət nəticəsini verməkdədir. Energetika sahəsinin inkişafı ilə bağlı görülən işlər arasında müxtəlif gücə malik yeni elektrik stansiyalarının yaradılması, mövcudlarının isə əsaslı şəkildə yenidən qurulmasını göstərmək olar. Bu sahədə aparılan islahatlar nəticəsində elektrik stansiyaları həm texniki, həm də görünüş baxımından müasirləşir, onların gücü artırılır. Son 14 ildə ölkədə 30 yeni elektrik stansiyası tikilərək istismara verilib, mövcud generasiya müəssisələri yenidən qurularaq modernləşdirilib. Elektrik enerjisinin istehsal potensialı ölkədaxili tələbatı tam ödəməklə yanaşı, ixrac imkanı da yaradıb.

Diqqətə çatdırılıb ki, müstəqillik illərində Mingəçevir Su Elektrik Stansiyasında yenidənqurma işlərinin aparılmasına ulu öndər Heydər Əliyevin təşəbbüsü və bilavasitə rəhbərliyi ilə başlanılıb. Bu prosesin davamı olaraq, 2010-2017-ci illərdə burada əsaslı yenidənqurma işləri həyata keçirilib. Stansiyada maşın zalının aşağı səviyyəsində yerləşən və işçi heyətin təhlükəsizliyi baxımından standartlara uyğun olmayan idarəetmə mərkəzi müasir tələblərə tam cavab verən yeni idarəetmə mərkəzi ilə əvəz edilib.

Dövlət başçısı Mingəçevir Su Elektrik Stansiyasını əsaslı yenidənqurmadan sonra işə salıb.

Bildirilib ki, istismara yararsız iki turbin və generator görülən işlər çərçivəsində gücü 71,5 meqavat olan turbin və generatorla əvəz edilib. 200 meqavat gücündə avtotransformator quraşdırılıb, gərginlikləri 330, 220 və 110 kV olan yarımstansiyalar yerli idarəetmə sistemləri ilə birlikdə yenidən tikilib istismara verilib. Bu yarımstansiyaların dayanıqlı istismarını və onların bir-biri ilə, eyni zamanda, stansiya ilə əlaqələrini təmin etmək üçün 100 kilometrdən artıq güc, nəzarət və ölçü kabelləri çəkilib. Görülən işlər nəticəsində stansiyanın gücü 284 meqavatdan 424 meqavata çatdırılıb. Burada, həmçinin müasir tələblərə cavab verən yeni inzibati bina inşa edilib, aşağı gərginlikli paylayıcı qurğular və sabit cərəyan avadanlıqları tamamilə dəyişdirilib. Suqəbuledici qurğuda 6 dəst sipər və onların hidravlik qaldırıcıları bütün avadanlığı ilə birlikdə yeni avtomatik tənzimlənən hidravlik qaldırıcılarla əvəz olunub. Stansiyada 6 dəst işçi sipər, 4 dəst təmir sipəri və 3 xüsusi qaldırıcı kran əsaslı təmir edilib, 5300 millimetr diametrli 4 disk bağlayıcısı yeniləri ilə əvəzlənib. Stansiyanın maşın zalında əsaslı təmir-bərpa işləri aparılıb.

Prezident və birinci xanım Mehriban Əliyeva Mingəçevir Sənaye Parkında "Mingəçevir Tekstil” MMC-nin iplik istehsalı üzrə iki müəssisəsinin açılışında da iştirak ediblər.

İqtisadiyyat naziri Şahin Mustafayev və layihə rəhbəri Mehriban Axundova dövlət başçısına və xanımına məlumat verib ki, ümumi dəyəri 144 milyon manat olan fabriklərin yaradılmasına İqtisadiyyat Nazirliyinin Sahibkarlığa Kömək Milli Fondu tərəfindən 10 milyon manat güzəştli kredit verilib. Müasir texnologiyalar əsasında yaradılmış fabriklər Almaniya, İsveçrə, İspaniya və Yaponiyanın aparıcı şirkətlərinin avadanlığı ilə təchiz edilib.

Məlumat verilib ki, fabriklərdə pambıq mahlıcından ildə 10 min tonu "Ring”, 10 min tonu isə "Open End” üsulu ilə olmaqla ümumilikdə 20 min ton müxtəlif cür iplik istehsalı nəzərdə tutulur. "Ring” üsulu ilə istehsal edilən pambıq–poliester iplik daha zərif və yumşaq olduğu üçün uzun lifli pambıqdan alınır və daha bahalıdır. Bu məhsuldan əsasən köynək istehsal olunacaq.

Dövlət başçısı və xanımı işçilərlə xatirə şəkli çəkdirib. Daha sonra İlham Əliyev "Open End” üsulu ilə iplik istehsalı müəssisəsini işə salıb.

İlham Əliyev Mingəçevir şəhərinin içməli su təchizatı sisteminin istismara verilməsi mərasimində iştirak edib. "Azərsu” Açıq Səhmdar Cəmiyyətinin sədri Qorxmaz Hüseynov Mingəçevir şəhərinin içməli su təchizatı və kanalizasiya sistemlərinin yenidən qurulması layihəsi çərçivəsində görülən işlər barədə dövlətimizin başçısına məlumat verib.

Bildirilib ki, regionların sosial-iqtisadi inkişafı Dövlət Proqramı çərçivəsində "Mingəçevir şəhərinin içməli su təchizatı və kanalizasiya sistemlərinin yenidən qurulması layihəsi”nin icrasına 2011-ci ilin oktyabrında başlanıb. Dövlət büdcəsi vəsaiti hesabına həyata keçirilən layihə 2035-ci ilə qədər perspektiv inkişaf nəzərə alınmaqla Mingəçevir şəhərində 151 min nəfərin içməli su və kanalizasiya xidmətlərindən istifadəsinin yaxşılaşdırılmasına hesablanıb.

Qeyd olunub ki, layihə çərçivəsində Mingəçevir şəhərində 344 kilometr uzunluğunda içməli su şəbəkəsinin inşası tam başa çatdırılıb, 30 min 211 abonentin 14 mindən çoxu sayğacla təmin olunub. Sayğaclaşdırma işləri davam etdirilir. Hazırda şəhər əhalisi yeni qurğuda təmizlənən və yeni çəkilmiş şəbəkə vasitəsilə keyfiyyətli içməli su ilə təmin olunur.

Məlumat verilib ki, şəhərdə layihələndirilmiş 236 kilometr uzunluğunda kanalizasiya şəbəkəsinin 103 kilometrlik hissəsi və 21 kilometr uzunluğunda kanalizasiya kollektoru inşa edilib. Tullantı sularının optimal idarə olunması məqsədilə ilkin mərhələdə kanalizasiya şəbəkəsi üzərində məhsuldarlığı saatda 1300 kubmetr olan üç nasos stansiyası quraşdırılıb və işlək vəziyyətə gətirilib. Gələcəkdə şəbəkə üzərində müxtəlif nöqtələrdə məhsuldarlığı saatda 3256 kubmetr olan dörd yeni kanalizasiya nasos stansiyasının inşası da nəzərdə tutulur. Mingəçevir şəhərində yaranacaq tullantı suları Yevlax rayonunun Hacıselli kəndi ərazisində inşası nəzərdə tutulan və məhsuldarlığı sutkada 60 min kubmetr olacaq qurğuda təmizlənərək kənarlaşdırılacaq. 2015-ci ildə Azərbaycanda keçirilən birinci Avropa Oyunlarına hazırlıq çərçivəsində Mingəçevir şəhərində 41 kilometr içməli su, 30 kilometr kanalizasiya xətləri, üç kanalizasiya nasos stansiyası inşa olunub. Bu nasos stansiyaları hesabına Kür çayının sol sahilində 13, sağ sahilində isə 8 nöqtədə təmizlənmədən çaya axıdılan tullantı sularının qarşısı alınıb.

Prezident Mingəçevir şəhərinin içməli su təchizatı sisteminin istismara verilməsini bildirən düyməni basıb.
 










Xəbər lenti