Prezident məktəb və yol tikintisinə 6.5 milyon ayırdı

Prezident məktəb və yol tikintisinə 6.5 milyon ayırdı
Prezident İlham Əliyev İsmayıllı rayonunun Lahıc qəsəbəsində yeni ümumtəhsil məktəbi binasının tikintisi ilə bağlı tədbirlər haqqında sərəncam imzalayıb. Sərəncamda deyilir:

Azərbaycan Respublikası Konstitusiyasının 109-cu maddəsinin 32-ci bəndini rəhbər tutaraq qərara alıram:

1. İsmayıllı rayonunun Lahıc qəsəbəsində 400 şagird yerlik yeni ümumtəhsil məktəbi binasının tikintisi üçün Azərbaycan Respublikasının 2017-ci il dövlət büdcəsində nəzərdə tutulmuş Azərbaycan Respublikası Prezidentinin ehtiyat fondundan Azərbaycan Respublikasının Təhsil Nazirliyinə 3,5 milyon (üç milyon beş yüz min) manat ayrılsın.

2. Azərbaycan Respublikasının Maliyyə Nazirliyi bu Sərəncamın 1-ci hissəsində göstərilən məbləğdə maliyyələşməni təmin etsin.

Prezident Şamaxı rayonunun Dəmirçi kəndini İsmayıllı rayonunun Lahıc qəsəbəsi ilə birləşdirən Dəmirçi-Lahıc avtomobil yolunun tikintisi ilə bağlı tədbirlər haqqında sərəncam imzalayıb. Sərəncamda deyilir:

1. Şamaxı rayonunun Dəmirçi kəndini İsmayıllı rayonunun Lahıc qəsəbəsi ilə birləşdirən, ümumi uzunluğu 22 kilometr olan Dəmirçi-Lahıc avtomobil yolunun tikintisi məqsədi ilə Azərbaycan Respublikasının 2017-ci il dövlət büdcəsində nəzərdə tutulmuş Azərbaycan Respublikası Prezidentinin ehtiyat fondundan "Azəravtoyol” Açıq Səhmdar Cəmiyyətinə ilkin olaraq 3,0 (üç) milyon manat ayrılsın.

2. Azərbaycan Respublikasının Maliyyə Nazirliyi bu Sərəncamın 1-ci hissəsində göstərilən məbləğdə maliyyələşməni təmin etsin.

3. Azərbaycan Respublikasının İqtisadiyyat Nazirliyi Azərbaycan Respublikasının 2018-ci il dövlət büdcəsi layihəsində dövlət əsaslı vəsait qoyuluşu xərclərinin bölgüsündə bu Sərəncamın 1-ci hissəsində göstərilən avtomobil yolunun tikintisinin başa çatdırılması üçün zəruri olan maliyyə vəsaitini nəzərdə tutsun.

4. Azərbaycan Respublikasının Nazirlər Kabineti bu Sərəncamdan irəli gələn məsələləri həll etsin.

www.ann.az

Xəbər lenti