Prezident İlham Əliyev Özbəkistanın nümayəndə heyətini qəbul edib - YENİLƏNİB

Prezident İlham Əliyev Özbəkistanın nümayəndə heyətini qəbul edib - YENİLƏNİB
Azərbaycan Prezidenti İlham Əliyev iyulun 11-də Özbəkistan Nazirlər Kabineti yanında Dini Məsələlər üzrə Dövlət Komitəsinin sədri Artukbek Yusupovu və Özbəkistan Müsəlmanları İdarəsinin sədri, müfti Usmonxon Alimovu qəbul edib.

ANN.Az "Report"a istinadən xəbər verir ki, dövlət başçısı Azərbaycan ilə Özbəkistan arasında ikitərəfli münasibətlərin yaxşı perspektivlərə malik olduğunu deyib.

Özbəkistan Prezidenti Şavkat Mirziyoyevlə bu yaxınlarda Səudiyyə Ərəbistanında qısa söhbətini xatırlayan Prezident İlham Əliyev qeyd edib ki, bu görüş zamanı əlaqələrimizin gələcəyi haqqında danışılıb və qeyd olunub ki, Azərbaycan dost Özbəkistan ilə bütün sahələrdə, o cümlədən siyasi, iqtisadi və digər sahələrdə əməkdaşlığın daha da genişləndirilməsində maraqlıdır.

Dövlət başçısı dini qurumlar sahəsində də təcrübə mübadiləsi və əməkdaşlıq ilə əlaqədar müzakirə olunan məsələlərin əhəmiyyətini qeyd edib. Prezident İlham Əliyev Azərbaycanda "İslam Həmrəyliyi İli” çərçivəsində bu il Özbəkistanda keçiriləcək İslam həmrəyliyinə həsr edilmiş konfransın böyük əhəmiyyətə malik olduğunu deyib və bildirib ki, bu konfrans xalqlarımızın və ölkələrimizin daha da yaxınlaşması baxımından önəm daşıyır. Dövlət başçısı onu da qeyd edib ki, Azərbaycanda digər mötəbər beynəlxalq tədbirlərlə yanaşı, İslam Əməkdaşlıq Təşkilatı çərçivəsində də bir çox konfranslar keçirilir.

Özbəkistan Nazirlər Kabineti yanında Dini Məsələlər üzrə Dövlət Komitəsinin sədri Artukbek Yusupov, ilk növbədə, Özbəkistan Prezidenti Şavkat Mirziyoyevin ən səmimi salamlarını Prezident İlham Əliyevə çatdırıb. Qardaş Özbəkistan və Azərbaycan xalqlarının bir-biri ilə tarixi dostluq telləri ilə bağlı olduğunu deyən Artukbek Yusupov Özbəkistanın ilk Prezidenti İslam Kərimovla Azərbaycanın ümummilli lideri Heydər Əliyev arasında sıx dostluq münasibətlərinin olduğunu dərin ehtiram hissi ilə qeyd edib. O bildirib ki, Azərbaycandakı inkişaf prosesləri və dost Azərbaycan xalqının uğurları ölkəsində maraqla izlənilir.

Dövlət başçısı Özbəkistan Prezidenti Şavkat Mirziyoyevin salamlarına görə minnətdarlığını bildirib və onun da salamlarını Özbəkistan dövlətinin başçısına çatdırmağı xahiş edib.
 
 
 10:41
 
Azərbaycan Prezidenti İlham Əliyev iyulun 11-də Özbəkistan Nazirlər Kabineti yanında Dini Qurumlarla İş üzrə Dövlət Komitəsinin sədri Artukbek Yusupovu və Özbəkistan Müsəlmanları İdarəsinin sədri, müfti Usmobxon Alimovu qəbul edib.

ANN.Az xəbər verir ki, məlumatı Azərbaycan Prezidentinin mətbuat xidməti yayıb.  
 


www.ann.az

Xəbər lenti