Prezident Göygöldə açılışlar etdi (FOTOLAR)

Prezident Göygöldə açılışlar etdi (FOTOLAR)
Prezident İlham Əliyev Göygöl rayonuna səfərə yollanıb. Ann.az xəbər verir ki, dövlət başçısı rayondakı Qələbə parkında yaradılan şəraitlə tanış olub.

İlham Əliyevə parkda görülən işlər, yaradılan şərait barədə məlumat verilib. Bildirilib ki, Qələbə parkında geniş abadlıq-quruculuq işləri aparılıb, yaşıllıq zolaqları salınıb, dekorativ bəzək və gül kolları əkilib, oturacaqlar qoyulub. Parkın rayonun mərkəzində yerləşməsi onun özəlliyini daha da artırır. Parkda istirahətin yüksək səviyyədə təşkili üçün geniş imkan yaradılıb.

Qeyd olunub ki, bu parkın yaradılması ilə rayon sakinlərinin sevə-sevə üz tutduqları istirahət məkanlarının sayı daha da artıb. Parkın yaradılması zamanı balacalar da diqqətdən kənarda qalmayıb. Burada uşaqların asudə vaxtının səmərəli təşkili üçün əyləncə kompleksi yaradılıb, attraksionlar quraşdırılıb.
Dövlət başçısı parkda Böyük Vətən müharibəsində həlak olanların xatirəsinə ucaldılan abidə kompleksini ziyarət edib, önünə gül dəstəsi qoyub. Diqqətə çatdırılıb ki, ümumi sahəsi iki hektar olan parkda əsaslı şəkildə yenidənqurma işlərinə 2016-cı ildə başlanılıb. Burada fəvvarələr quraşdırılıb, istirahət guşələri yaradılıb. Parkda kafe də fəaliyyət göstərir.

Prezident şəkildə yenidən qurulan 4 saylı körpələr evi-uşaq bağçasının açılışında iştirak edib. Dövlət başçısı uşaq bağçasında yaradılan şəraitlə tanış olub.

Məlumat verilib ki, körpələr evi-uşaq bağçasının ikimərtəbəli binasının əsaslı təmirinə 2015-ci ilin iyulunda başlanılıb. Əsaslı təmir işləri bu ilin iyulunda başa çatdırılıb. 100 uşaq yerlik bu müəssisədə oyun, yemək və yataq otaqları, tədris otağı, musiqi zalı, mətbəx, həkim otağı və anbarlar yaradılıb. 
Otaqların hamısı zəruri inventar və avadanlıqla təchiz edilib. Binada uşaqların istirahəti və əyləncəsi üçün hərtərəfli şərait yaradılıb ki, bu da balacaların ilk yaşlarından intellektual, fiziki və əqli inkişafı üçün olduqca əhəmiyyətlidir. Bundan başqa, bu müəssisədəki şərait uşaqların istedad və qabiliyyətlərinin üzə çıxarılması, sağlamlıqlarının qorunması, insanlarla ünsiyyətin qurulması məsələsində mühüm rol oynayacaq.

Qeyd edilib ki, burada yaradılan şərait uşaqların sosial müdafiəsinin gücləndirilməsi istiqamətində Azərbaycanda aparılan siyasətin məntiqi nəticəsidir. Körpələr evi-uşaq bağçasının həyətində geniş abadlıq işləri aparılıb, balacaların əylənməsi üçün attraksionlar quraşdırılıb.

Bu gün Göygöl rayonunun Aşağı Zurnabad qəsəbəsi ərazisindəki 3 MVt-luq "Çiçəkli” Su Elektrik Stansiyası əsaslı yenidənqurmadan sonra avqustun 19-da istismara verilib. İlham Əliyev stansiyanın yenidənqurmadan sonra açılışında iştirak edib.

"Azərenerji” ASC-nin prezidenti Etibar Pirverdiyev dövlətimizin başçısına stansiya barədə məlumat verib. Bildirilib ki, 1927-ci ildə inşa edilmiş bu su elektrik stansiyası 1997-ci ildə sel nəticəsində tamamilə dağılaraq istismara yararsız vəziyyətə düşmüşdü. Azərbaycan Prezidentinin ölkə iqtisadiyyatına özəl investisiyaların cəlb edilməsi tapşırığına uyğun olaraq, stansiya hazırda investisiya müsabiqəsi vasitəsilə özəlləşdirilib. Burada əsaslı yenidənqurma işləri aparılıb, yeni avadanlıq quraşdırılıb.

Diqqətə çatdırılıb ki, stansiyanın turbin zalı, üçmərtəbəli idarəetmə və inzibati binası da müasir səviyyədə qurulub. Stansiyada hər birinin gücü 1 MVt olan 3 hidroturbin və 3 hidrogenerator quraşdırılıb. Yenidənqurma işləri çərçivəsində stansiyada 35/6/0,4 kV-luq yarımstansiyalar yaradılıb və elektrik verilişi xətləri çəkilib. Stansiyanın su hövzəsinin tutumu 153 min kubmetr, bəndinin hündürlüyü 10, uzunluğu 134, qaşının eni 5, dibinin eni isə 60 metrdir. Burada suburaxma qabiliyyəti saniyədə 65 kubmetr olan sutullayıcı, suburaxma qabiliyyəti saniyədə 10 kubmetr olan suqəbuledici quraşdırılıb. 
Stansiyanın derivasiya kanalının en kəsiyi 5 kvadratmetr, uzunluğu isə 3800 metrdir. Burada, həmçinin uzunluğu 500 metr, diametri 1600 millimetr olan boru quraşdırılıb.

Qeyd edilib ki, "Çiçəkli” Su Elektrik Stansiyası iqtisadi və sosial cəhətdən olduqca əhəmiyyətlidir. İldə 20 milyon kVt-saat elektrik enerjisi istehsal etmə gücünə malik olan bu stansiya Göygöl rayonunun tələbatının 15 faizini, Göygöl şəhərinin tələbatının isə 75 faizini ödəyəcək. Stansiyanın tikintisində 80 işçi çalışıb. Ərazidə müasir işıqlandırma sistemi quraşdırılıb, abadlıq işləri aparılıb və yaşıllıq zolaqları salınıb. Burada 20 yeni iş yerinin yaradılması nəzərdə tutulur.

Dövlət başçısı "Çiçəkli” Su Elektrik Stansiyasını işə salıb.
 








www.ann.az

Xəbər lenti