Prezident bitkiçilikdə intensiv inkişafın təmin edilməsi ilə bağlı sərəncam imzalayıb

Prezident bitkiçilikdə intensiv inkişafın təmin edilməsi ilə bağlı sərəncam imzalayıb
Prezident İlham Əliyev bitkiçilikdə intensiv inkişafın təmin edilməsi sahəsində əlavə tədbirlər haqqında sərəncam imzalayıb.

Ann.az xəbər verir ki, sərəncamda deyilir:

Azərbaycan Respublikası Konstitusiyasının 109-cu maddəsinin 32-ci bəndini rəhbər tutaraq, ölkədə kənd təsərrüfatı məhsullarının istehsalını stimullaşdırmaq və bitkiçiliyin intensiv inkişafını təmin etmək məqsədi ilə qərara alıram:

Azərbaycan Respublikasının Nazirlər Kabineti:

1. "Aqrolizinq” Açıq Səhmdar Cəmiyyəti və digər hüquqi və fiziki şəxslər tərəfindən kənd təsərrüfatı məhsullarının istehsalçılarına satılan mineral gübrələrin və ölkədə sənaye üsulu ilə istehsal olunan biohumusun satış qiymətinə genetik modifikasiya olunmamış bitkilərin əkin sahəsinin və çoxillik əkmələrin hər hektarına görə tətbiq edilən güzəştin ümumi məbləğinin yuxarı həddinin 50 faiz, pestisidlərin satış qiymətinə tətbiq edilən güzəştin məbləğinin yuxarı həddinin isə 5 dəfə artırılmasını təmin etsin;

2. bu Sərəncamın 1-ci hissəsi ilə bağlı tədbirlərin 2018-ci ildə maliyyələşdirilməsinin "Azərbaycan Respublikasının 2018-ci il dövlət büdcəsi haqqında” Azərbaycan Respublikası Qanununun tətbiqi ilə bağlı bir sıra məsələlər barədə” Azərbaycan Respublikası Prezidentinin 2017-ci il 25 dekabr tarixli 1756 nömrəli Fərmanının 1.10.1.6-cı yarımbəndində "Azərbaycan Respublikasında ərzaq təhlükəsizliyinin təmin edilməsi ilə bağlı tədbirlər” üzrə nəzərdə tutulmuş vəsait hesabına həyata keçirilməsini, növbəti illərdə tələb olunacaq vəsaitin isə hər il dövlət büdcəsində müvafiq qaydada nəzərə alınmasını təmin etsin;

3. Azərbaycan Respublikası Nazirlər Kabinetinin normativ hüquqi aktlarının bu Sərəncama uyğunlaşdırılmasını bir ay müddətində təmin edib Azərbaycan Respublikasının Prezidentinə məlumat versin;

4. bu Sərəncamdan irəli gələn digər məsələləri həll etsin.


www.ann.az

Xəbər lenti