Prezident Ağcabədidə açılışlar etdi (FOTOLAR)

Prezident Ağcabədidə açılışlar etdi (FOTOLAR)
Prezident İlham Əliyev Ağcabədi rayonuna səfəri çərçivəsində Bayraq Muzeyinin açılışında iştirak edib. ANN.Az xəbər verir ki, dövlət başçısı muzeyin rəmzi açılışını bildirən lenti kəsib.

İlham Əliyev muzeydə yaradılan şəraitlə tanış olub. Muzeyin sərgi zalında ümumilikdə üç bölmə yaradılıb. Burada Azərbaycanda xanlıqlar dövrünün xəritəsi, orta əsrlərə aid döyüşçülərin geyimləri, müxtəlif dövrlərdə Azərbaycan ərazisində mövcud olmuş dövlətlərin bayraqları, XIX əsr Azərbaycan şəhərlərinin gerbləri, qədim metal sikkələr, kağız pullar, Azərbaycan Xalq Cümhuriyyəti dövrünə aid sənədlər, Azərbaycan SSR-in və müstəqil respublikamızın konstitusiyaları, dövlət atributları, ümummilli lider Heydər Əliyevin andiçmə mərasiminə dair fotoşəkillər və Ulu Öndərimizin dövlət rəmzləri haqqında kəlamları, Prezident İlham Əliyevin andiçmə və Dövlət Bayrağı Meydanının açılışı mərasimlərindən fotoları, poçt markaları, orden və medallar nümayiş olunur.

Muzeyin ikimərtəbəli binasında akt və konfrans zalları, elektron kitabxana və digər inzibati otaqlar yaradılıb. Yeni muzeyin yerləşdiyi Bayraq Meydanı da gözəlliyi ilə diqqəti cəlb edir. Son vaxtlar meydan genişləndirilib, burada əsaslı yenidənqurma işləri görülüb. Meydanda hündürlüyü 65 metr olan bayraq dirəyinin postament hissəsi abadlaşdırılıb, ətrafda yaşıllıq zolaqları salınıb. Burada quraşdırılan yeni işıqlandırma sistemi və fəvvarə də ərazinin gözəlliyini daha da artırıb.


 
İlham Əliyev Ağcabədidə Tarix-Diyarşünaslıq Muzeyinin yenidənqurmadan sonra açılışında da iştirak edib. Dövlət başçısı muzeydə yaradılan şəraitlə tanış olub.

Binada yaradılan şəraitlə tanışlıq zamanı bildirilib ki, bu muzey 1980-ci ildən fəaliyyət göstərir. Əsaslı surətdə yenidən qurulan ikimərtəbəli binanın birinci mərtəbəsində fond otaqları, dəftərxana və digər inzibati otaqlar var. Burada, həmçinin 60 yerlik konfrans zalı da yaradılıb. İkinci mərtəbə isə ekspozisiya zallarından ibarətdir. Ekspozisiya zallarında "Təbiət”, "Arxeologiya”, "Etnoqrafiya”, "Azərbaycan SSR dövrü”, "Azərbaycan müstəqillik dövrü” və "Görkəmli şəxsiyyətlər” adlı altı bölmə var. Burada ümummilli lider Heydər Əliyevin və Prezident İlham Əliyevin Ağcabədi rayonuna səfərlərini əks etdirən fotolardan ibarət guşələr yaradılıb.

Diqqətə çatdırılıb ki, muzeydə saxlanılan 4782 eksponatdan 360-ı ekspozisiya zalında nümayış olunur. Əsasən rayon ərazisindən tapılmış və bəziləri bərpa olunmuş sənətkarlıq nümunələri, döyüş ləvazimatlarının qalıqları, milli adət-ənənələrimizi əks etdirən ekspozisiyalar qədim keçmişimiz və mədəniyyətimiz barədə dolğun təsəvvür yaradır. Bütövlükdə şanlı tariximizin gənclərə dərindən öyrədilməsi və gələcək nəsillərə çatdırılması baxımından belə muzeylərin müstəsna əhəmiyyəti var. Bu cür muzeylər həm də Azərbaycan tarixinin zənginliyini bir daha nümayiş etdirir.
 
 
 
Dövlət başçısı Heydər Əliyev Fondunun təşəbbüsü ilə Ağcabədidə inşa edilmiş 4 nömrəli körpələr evi–uşaq bağçasının açılışında iştirak edib. Prezidenti körpələr evi–uşaq bağçasının rəmzi açılışını bildirən lenti kəsib.

Dövlət başçısı körpələr evi-uşaq bağçasında yaradılan şəraitlə tanış olub. Üçmərtəbəli bu yeni uşaq tərbiyə müəssisəsi 100 yerlikdir. Müasir səviyyədə və yüksək keyfiyyətlə inşa edilən binadakı otaqlar bütün zəruri avadanlıq, o cümlədən uşaqlarla işləmək üçün lazımi inventar və oyuncaqlarla təmin edilib. Burada uşaqların bilik və bacarıqlarının üzə çıxarılması üçün hərtərəfli imkanlar yaradılıb. Məşğələ otaqlarında uşaqlar ilkin yazı, rəsm və oxu vərdişlərinə yiyələnəcəklər. Körpələr evi-uşaq bağçasında iki kompüter otağı fəaliyyət göstərəcək. Balacaların qidalanması və istirahəti üçün də burada gözəl şərait yaradılıb. Bina bütün zəruri sosial infrastrukturla tam təchiz edilib. Burada təhlükəsizliyin təmin edilməsi məqsədilə müşahidə kameraları da quraşdırılıb. Körpələr evi-uşaq bağçasının həyətində balacalar üçün maraqlı attraksionlar quraşdırılıb, yaşıllıq zolağı salınıb.
 
 
 
Prezident həmçinin Ağcabədi Olimpiya İdman Kompleksinin açılışı olub. İlham Əliyev açılış mərasimində iştirak edib. 

Dövlət başçısı əvvəlcə Olimpiya İdman Kompleksinin rəmzi açılışını bildirən lenti kəsib. Gənclər və idman naziri 
Azad Rəhimov Ağcabədi Olimpiya İdman Kompleksində yaradılan şərait barədə dövlətimizin başçısına ətraflı məlumat verib.

Bildirilib ki, kompleksin tikintisinə 2012-ci ilin iyununda başlanılıb. Yüksək keyfiyyətlə aparılan tikinti işləri bu ilin noyabrında başa çatdırılıb. Bu kompleks müasirliyi ilə diqqəti cəlb edir. Ümumi ərazisi 5 hektar olan idman qurğusunda bütün zəruri infrastruktur yaradılıb. Kompleksdə 100 tamaşaçı tutumu olan ikidöşəkli güləş və cüdo, boks, ağır atletika, həmçinin 937 azarkeş yerlik universal idman zalları yaradılıb. İdman kompleksində stolüstü tennis, bilyard, trenajor və fitnes zalları, yay kafesi, mağaza, bilet satışı kassası var. Binada, həmçinin məşq zalları, VIP loja, nəzarətçilər, məşqçilər, hakimlər üçün otaqlar, dopinq-nəzarət, soyunub-geyinmə və digər zəruri otaqlar yaradılıb. Baş plana əsasən, kompleksdə uzunluğu 104, eni isə 68 metr olan 810 azarkeş yerlik futbol stadionu, habelə mini futbol, voleybol və tennis meydançaları da var. Bir sözlə, burada idmanın müxtəlif növləri ilə məşğul olmaq üçün geniş imkanlar mövcuddur.

Qeyd olunub ki, buradakı üzgüçülük hovuzu ən müasir standartlara cavab verir. Hovuzun uzunluğu 25, eni isə 12,5 metrdir. Zalda üzgüçülük yarışlarını 100-dən çox tamaşaçı izləyə biləcək. Binada restoran da fəaliyyət göstərəcək. Kompleks, həmçinin qaz, su-kanalizasiya, elektrik, rabitə xətləri ilə təchiz olunub. Ətrafda geniş yaşıllıq zolaqları salınıb, təhlükəsizlik müşahidə kameraları quraşdırılıb.

Komplekslə tanışlıqdan sonra İlham Əliyev rayon ictimaiyyətinin nümayəndələri və ağcabədili idmançılarla görüşüb. Ağcabədi idman məktəbinin yetirməsi, ikiqat dünya və yeddiqat Avropa çempionu Əli Cəfərov ölkəmizdə idmanın inkişafına, o cümlədən rayona göstərilən yüksək diqqət və qayğıya görə dövlət başçısına ağcabədililərin minnətdarlığını çatdırıb.
 




www.ann.az

Xəbər lenti