“Odlar Yurdu Azərbaycan” İsveçrədən uğurla qayıdır - FOTOLAR

“Odlar Yurdu Azərbaycan” İsveçrədən uğurla qayıdır - FOTOLAR
Yanvarın 26-28-də İsveçrənin Sankt Moritz şəhərində qar polosu üzrə Dünya Kuboku keçirilib. 

Azərbaycan Respublikası Atçılıq Federasiyasından Ann.az-a saytına verilən məlumat agörə, yarışda yerli "Badrutt’s Palace” klubu ilə yanaşı, "Cartier”, "Maserati” və "Odlar Yurdu Azərbaycan” komandaları da iştirak ediblər.

Turnirin ilk oyununda meydana "Cartier” və "Badrutt’s Palace” komandaları çıxıblar. Oyun "Cartier” poloçularının 5:2 hesablı qələbəsi ilə başa çatıb. İkinci qarşılaşmada "Maserati” və "Odlar Yurdu Azərbaycan” komandaları qarşılaşıblar. Gərgin keçən matç "Maserati” komandasının 2:1,5 hesablı qələbəsi ilə yekunlaşıb.

Yarışın ikinci günü də azarkeşlər maraqlı mübarizənin şahidi olublar. Əvvəlcə "Cartier” və "Maserati” komandaları üz-üzə gəliblər. 2017-ci ilin qalibi "Cartier” bu dəfə də inamla çıxış edərək qarşılaşmanı 3,5:2 hesabı ilə öz xeyrinə başa vurub. Nəticədə onlar oyunun qalibi üçün nəzərdə tutulmuş "Maserati Kuboku”nu qazanıb. Günün ikinci görüşündə isə "Odlar Yurdu Azərbaycan” komandası və "Badrutt’s Palace” poloçuları üz üzə gəliblər. İlk matçda məğlub olan komandamız bu dəfə daha qətiyyətlə çıxış edərək 9:4 hesabı ilə üstün olaraq, bu qarşılaşmanın qalibi üçün nəzərdə tutulmuş "Deutsche Bank Challenge” kubokunun sahibi olub.

Növbəti gün əvvəlcə bürünc mükafatın sahibi məlum olub. "La Martina kuboku” uğrunda "Odlar Yurdu Azərbaycan” və "Badrutt’s Palace” komandaları görüşüblər. Yarışda ilk dəfə iştirak etməsinə baxmayaraq, ardıcıl ikinci qələbəsini qazanan "Odlar Yurdu Azərbaycan” komandası "La Martina kuboku”na da yiyələnib.

Final oyununda isə meydana "Cartier” və "Maserati” komandaları çıxıb. "Cartier” komandası rəqibini 4.5:4 hesabı ilə məğlub edərək ardıcıl ikinci dəfə "Cartier Trophy” Dünya Kubokunu qazanıb.

www.ann.az

Xəbər lenti